Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-689/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 682.84 manat əsas borc, 887.28 manat faiz borcu və 1606.08 manat cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 100.95 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 3277.15 manat borcun və 52.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1333 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 0004 №-li müqaviləyə xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən X5 ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(001)-2273/2022 saylı qərardadına əsasən X5 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən verilən xx.xx.2021-ci il tarixli 2V-99 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi kimi Cavabdeh müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il avqustun 28-dək Cavabdeh banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 682.84 manat əsas borc, 887.28 manat faiz borcu 3212,15 manat cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 100,95 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4883,22 manat borcu vardır. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 3212,15 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 % miqdarında olmaqla, yəni 1606,08 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6421/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və s. qərara alınmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Hazırda borc öhdəliyi icra edilməmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, “Fintrend” Bank Olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx.xx.2018-ci il tarixli müqaviləyə xx.xx.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən X5 ilə “Fintrend” Bank Olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixdən əvvəl də vərəsəliklə bağlı notariat ofisinə sorğu vermişlər. Xəbərdarlığın göndərildiyi tarix maliyyə arayışının tarixi ilə eynidir. Maliyyə arayışını da elektron qaydada məhkəməyə təqdim edəcək.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, borc məbləğindən məlumatı olmamışdır. Əri sağlığında başqaları üçün bankdan pul götürmüş, həmin vəsaiti ailəsinə sərf etməmişdir. Hətta onlara məlum olan digər bir borc məbləğini, alınmasına səbəb olan şəxsə ödətmişlər. Hazırda tələb edilən həcmdə borcu ödəmək imkanı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. "xxxx" BOKT QSC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 243-1***- ******* saylı kredit müqaviləsindən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" BOKT QSC borcalana 24 ay müddətinə illik 35 % ödəmək şərti ilə 1333 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.
8. "xxxx" İKB ASC ilə "xxxx" BOKT QSC arasında imzalanan xx.xx.2018-ci il tarixli, 0004 saylı faktorinq müqaviləsi və ona əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 868 saylı Sazişə əsasən "xxxx" BOKT QSC-nin xx.xx.2019-cu il tarixli, 243-11***-******* nömrəli kredit müqaviləsik üzrə X4 qarşı olan 1333 manat məbləğindəki tələb hüququ "xxxx" QSC-yə keçmişdir.
9. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixinə təqdim etdiyi maliyyə arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi üzrə 682,84 AZN əsas, 887,28 manat faiz borcu, 1606,08 manat cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış 100,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 3277,15 manat borcu vardır.
10. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixinə təqdim etdiyi maliyyə arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi üzrə 682,84 AZN əsas, 7,28 manat faiz borcu, olmaqla, cəmi 690,12 manat borcu vardır.
11. Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X3 vərəsəsi Cavabdeh miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013 tarixində X4 verilmiş **********35-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,83 kv/m, yaşayış sahəsi 54,63 kv/m, yardımçı sahəsi 6,2 kv/m, 3 otaqlı mənzildən ibarətdir.
12. İddiaçı ASC tərəfindən borclu X3 vərəsəsi arvadı Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli, KBD 4846 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
13. 17.09.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 52,77 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir.
14. İddiaçı ilk dəfə 2022-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-2273/2022 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan cavabdeh X3 ölməsi səbəbindən imtina edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. "xxxx" BOKT QSC ilə X5 arasında xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi bağlanmış "xxxx" BOKT QSC borcalana 24 ay müddətinə illik 35 % ödəmək şərti ilə 1333 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra "xxxx" İKB ASC (faktor) ilə "xxxx" BOKT QSC (müştəri) arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunmuş Sazişə əsasən ("xxxx" BOKT QSC-nin xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi üzrə X4 qarşı olan 1333 manat məbləğindəki tələb hüququ "xxxx" İKB ASC -yə (İndiki Yelobank ASC) keçmişdir.
16. X5 xx.xx.2020-ci il tarixində ölmüş, ölümündən sonra 26 saylı Notariat ofisində 57 saylı vərəsəlik işi açılmışdır.
17. Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X3 vərəsəsi Cavabdehdır.
18. Cavabdeh mərhumdan miras qalmış **********35-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,83 kv/m, yaşayış sahəsi 54,63 kv/m, yardımçı sahəsi 6,2 kv/m, 3 otaqlı mənzilə tam pay hüququ əldə etmişdir.
19. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka xx.xx.2024-cü il tarixinə 682,84 AZN əsas, 887,28 manat faiz borcu, 1606,08 manat cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış 100,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 3277,15 manat borcu yarandığını iddia edir və həmin həcmdə borcu cavabdehdən tələb edir.
20. Cavabdeh isə bağlanmış kredit müqaviləsindən məlumatsız olduğunu, pulun əri tərəfindən evə xərclənmədiyini və başqa şəxs üçün götürüldüyünü əsas gətirməklə, borcu ödəmək iqtidarında olmadığını bildirir.
21. X3 vəfat etdiyi xx.xx.2020-ci il tarixinə borc məbləği isə İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixinə təqdim etdiyi maliyyə arayışına görə 682,84 AZN əsas, 7,28 manat faiz borcu, olmaqla, cəmi 690,12 manat olmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
25. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
27. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
30. 651-ci maddəsinə əsasən Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir.
31. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.
32. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.
33. 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər.
34. 655.4-cü maddəsinə əsasən faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər.
35. 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır.
36. 655.6-cı maddəsinə əsasən faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.
37. 656-cı maddəsinə əsasən Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir.
38. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.
39. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
40. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
41. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
42. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
43. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
44. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
45. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
46. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
47. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
49. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə faktor arasında tələb hüquqlarının güzəşti barədə müqavilə əsasında X3 xx.xx.2019-cu il tarixli 243-1***- ******* saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasını tələb etmək hüuqu İddiaçı ASC-yə keçmişdir. Borcalan ölümü ilə əlaqədar öhdəliyini icra edə bilməmişdir, borcalanın öldüyü vaxtadək (İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixinə (borclunun öldüyü) təqdim etdiyi maliyyə arayışına əsasən) xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi üzrə 682,84 AZN əsas, 7,28 manat faiz borcu, olmaqla, cəmi 690,12 manat borcu olub, lakin bank tərəfindən borcalanın ölümündən sonra əlavə faiz və cərimə məbləği hesablanmışdır. Belə ki, İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixinə təqdim etdiyi maliyyə arayışına görə X3 xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi üzrə 682,84 AZN əsas, 887,28 manat faiz borcu, 1606,08 manat cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış 100,95 manat əldən çıxmış fayda olmaqla, cəmi 3277,15 manat borcu vardır.
50. Odur ki, məhkəmə iddia tələbini qismən əsaslı hesab etməklə, borcalanın ölümündən sonra iddiaçı tərəfindən əlavə faiz və cərimə məbləğinin hesablanmasını əsaslı hesab etməyərək, cavabdehdən tutulmalı olan pul məbləğinin əsas borcalanın öldüyü ana qədər hesablanan maliyyə arayışına uyğun tutulmalı olması qənaətindədir.
51. Digər tərəfdən cavabdeh borcalanın mirasını (daşınmaz əmlakı) qəbul etsə də, mirasın dəyərindən xeyli az olan öhdəliyini icra etməmişdir. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən, vərəsənin miras payının həcmi qismində miras qoyanın passivini də qəbul etməli olduğundan və qəbul edilən mirasın dəyəri tələb edilən borc məbləğindən artıq olduğundan yaranmış borc məbləğini ödəməlidir. Tətbiq edilən prosessual normalar:
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
53. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
54. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
55. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
56. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;
57. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
58. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
59. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT QSC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 682,84 manat, faiz borcuna görə 7,28 manat olmaqla, ümumilikdə 690,12 manat məbləğində pul vəsaiti, həmçinin 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "xxxx" BOKT QSC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 243-1***-******* saylı kredit müqaviləsi üzrə əsas borca görə 682,84 manat, faiz borcuna görə 7,28 manat olmaqla, ümumilikdə 690,12 (altı yüz doxsan manat, on iki qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə(Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev