Məhkəmə qərarları › İş №e-2(001)-6902/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6902/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6902/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı AccessBank QSC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 AccessBank QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 2% оlmaqla 28 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit bоrcundan 3071,69 manat ödəniş etmiş, оnun iddiaçıya 1928,31 manat kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəninə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Borc alan kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 171 gün üçün hesablanmış faiz borcu 180,61 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 171 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 65,49 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Belə ki, zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Ona görə də Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada AccessBank QSC-nin xeyrinə əsas borca görə 1928,31 manat, faiz borcuna görə 180,61 manat, cəriməyə görə 65,49 manat olmaqla, cəmi 2174,41 manat bоrcun və ödənilmiş dövlət rüsumuna görə 41,75 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc verən AccessBank QSC ilə borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borc verən borc alana 28 ay müddətinə qaytarmaq, aylı 2 faiz dərəcəsi ilə ödəmək şərti ilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2021-ci il tarixli 017A********** saylı ödəniş planından müəyyən olunur ki, borc alan Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində əsas borca görə 5000 manat, faiz borcuna görə 1630,69 manat olmaqla cəmi 6630,69 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borc verən AccessBank QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli 017G**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin tam icrasına təminat vermişdir. AccessBank QSC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, kreditor borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə birgə borclulara xəbərdarlıq etmişdir. AccessBank QSC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli 017A********** saylı kredit razılaşması üzrə xx.xx.2023cü il tarixinə əsas borca görə 1928,31 manat, faiz borcuna görə 180,61 manat, cəriməyə görə 65,49 manat olmaqla cəmi 2174,41 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 171 gün təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdi 180,61 manat etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, birgə borclular olan cavabdehlər iddiaçı ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 1928,31 manat, faiz borcuna görə 180,61 manat, cəriməyə görə 65,49 manat olmaqla cəmi 2174,41 manat borcları yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 1928,31 manat, faiz borcuna görə 180,61 manat, cəriməyə görə 65,49 manat, dövlət rüsumuna görə 41,75 manat olmaqla cəmi 2216,16 manat AccessBank QSC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar