Məhkəmə qərarları › İş №e-2(001)-6909/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6909/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6909/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı X2 Azərbaycan QSC-nin Cavabdeh qarşı maddi ziyana görə 226,70 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X2 Azərbaycan QSC Cavabdeh qarşı maddi ziyana görə 226,70 manatın, dövlət rüsumuna görə 30 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh ilə iddiaçı X2 Azərbaycan QSC arasında xx.xx.2012-ci il tarixli bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(001)-5032/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. İddiaçı X2 Azərbaycan QSC X1 MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini X1 MMC-yə sifariş etmişdir. X1 MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmiş, buna görə də X2 Azərbaycan QSC tərəfindən X1 MMC-yə 226,70 manat məbləğində xidmət haqqı ödənilmişdir. X2 Azərbaycan QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndinə əsasən, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin banka ödənilməsinin qəbulunu təsdiq edir. Ona görə də Cavabdeh maddi zərərə görə 226,70 manatın, dövlət rüsumuna görə 30 manatın iddiaçı X2 Azərbaycan QSC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(001)-5032/2021 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 1473,45 manat məbləğində əsas, 168,44 manat məbləğində faiz, 100 manat məbləğində cərimə, cəmi 1741,89 manat məbləğində pulun, 2 manat komissiya haqqının, 3,40 manat bildirişlərin (pretenziyaların) göndərilməsmi üzrə poçt xərcinin, hebelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı X2 Azərbaycan QSC-nin xeyrinə tutulması qət edilmişdir. X2 Azərbaycan QSC ilə X1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqavilədən müəyyən olunur ki, büro bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və digər icra işləri ilə əlaqədar hüquqi xdmət göstərməyi, bank isə bunun qarşılığında hüquqi xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. X2 Azərbaycan QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilədən müəyyən olnur ki, bank kart sahibinə müqavilə üzrə nəzərdə tutulmuş şərtlərə əsasən kartları təqdim etməyi, kart sahibi isə kredit kartından istifadə nəticəsində yaranmış borcunu vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. X2 Azərbaycan QSC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 Azərbaycan QSC ilə X1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə əsasən X2 Azərbaycan QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi əsasında borclu tərəfindən xx.xx.2023-cü il tarixinə təmin edilmiş 1778 manat vəsaitinə görə X1 MMC-yə X2 Azərbaycan QSC tərəfindən 226,70 manat xidmət haqqı ödənilmişdir. X2 Azərbaycan QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank cavabdehə maddi ziyana görə 226,70 manatın ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən mahiyəti etibarı ilə məhkəmə xərci olmaqla özünə göstərilən hüquqi xidmətə görə nümayəndəyə ödənilməli olan pul tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İstinad olunan normanın tələbindən müəyyən olunur ki, məhkəmə nümayəndənin göstərdiyi yardıma görə cəkilən bütün xərcləri deyil, ağlabatan məbləği alıb xeyrinə qətnamə çıxarılan tərəfə verə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(001)-5032/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X2 Azərbaycan QSC-nin həmin vaxt çəkmiş olduğu bütün məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(001)-5032/2021 saylı qətnaməsinə əsasən, həmin iş üzrə iddiaçıya məhkəmə xərclərinə görə cavabdeh tərəfindən ağlabatan məbləğdə vəsait ödənildiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ X2 Azərbaycan QSC-nin Cavabdeh qarşı maddi ziyana görə 226,70 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 256,70 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar