Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-693/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini azaltmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 9032,36 manat əsas borcun və 115 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 0% olmaqla 14191.85 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu Cavabdeh3 və Cavabdeh2 Şahın Qızı (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icrа еtməlidirlər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi üzrə sonuncu dəfə ödəniş edilməsi barədə məlumatı dəqiqləşdirdikdən sonra, məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə verə bilər.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında (İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinə dair) bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 0% olmaqla 14191.85 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Zaminlər isə kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 25 sentyabr 2024-cü il tarixinə 9456,96 manat əsas borc hesablanmışdır.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən və xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, borclu tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində 250 manat, xx.xx.2024-cü il tarixində isə 500 manat ödəniş edilmişdir.
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanan 03 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
9. Bundan əlavə hakimin müşavirədə olduğu vaxt iddiaçı tələbini azaltmaq barədə elektron qaydada ərizə təqdim etmiş və cavabdehlərdən 8282.36 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsinə əlavə etdiyi hesabdan çıxarışdan isə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun aparılan ödənişlərdən tutulduğu müəyyən edilmişdir.
10. İddiaçı tərəfindən işin məhkəmədə baxılması üçün 115 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. Kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında (İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinə dair) xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana 36 ay müddətinə, illik 0% olmaqla 14191.85 manat məbləğində kredit verilmişdir. Cavabdeh– zaminlər isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər. İddiaçı cavabdehlərin Banka 9032,36 manat borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.
12. Bank tərəfindən təqdim edilən xx.xx.2023-cü ildən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən hesabdan çıxarış məlumatlarına görə borclu tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində 250 manat, xx.xx.2024-cü il tarixində isə 500 manat ödəniş edilmişdir. İddia tələbi üzrə sonuncu dəqiqləşdirmə isə xx.xx.2024-cü il tarixində olmuşdur. Tələbin dəqiləşdirildiyi tarixə təqdim edilən hesabdan çıxarış məlumatı isə xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edir.
13. Hesabdan çıxarış məlumatları nəzərə alındıqda tələb edilməli olan borcun (9032,36-750) 8282,36 manat olduğu hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
20. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
21. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
22. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
23. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
24. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
25. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
26. Göründüyü kimi Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.
27. Yekun məhkəmə aktı qəbul edilənədək məhkəmə icraatı dövründə borcalanın ödənişlər etməsini, məhkəmənin müşavirədə olduğu vaxt kreditorun tələbini azaltdığını nəzərə alaraq, məhkəmə, iddianı qismən əsaslı hesab edir. Beləliklə, hesabdan çıxarış məlumatları nəzərə alındıqda tutulmalı olan borc məbləği 8282,36 manat təşkil edir. Bu səbəbdən də məhkəmə iddianı qismən əsaslı hesab edir. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
32. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 8282,36 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 8282,36 (səkiz min iki yüz səksən iki manat, otuz altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev