Məhkəmə qərarları › İş №e-2(001)-7009/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7009/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7009/2025 01.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə işə (açar sözlər: kredit müqaviləsi, zaminlik, müddət) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 18 dekabr 2013-cü il tarixli, 12838 saylı аlqı-satqı müqaviləsi üzrə 708 manat məbləğində əsas borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 740,20 (yeddi yüz qırx manat 20 qəpik) manat məbəğində pul müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (Sunny Electronics) mağazası Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2013-cü il tarixli, 12838 saylı alqı-satqı müqaviləsinə əsasən 1145 manat dəyərində olan, ilkin 200 manat ödəniş etməklə apple mobil telefon almış və qalıq 945 manat məbləğində pulun 12 ay müddətinə hissə-hissə ödəməyi üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə 18 dekabr 2013-cü il tarixli, 12838/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2016-cı il tarixdə 79 manat, xx.xx.2020-ci il tarixdə 79 manat, xx.xx.2023-cü il tarixdə 79 manat ödəniş etmiş və nəticədə də xx.xx.2025-ci il tarixə olan borcu 708 manat təşkil edir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh(lər) müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq cədvəl üzrə ödənişlərdən yayınmışdılar. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdeh(lər)ə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdeh(lər) icra etməmişlər. Tərəflər arasinda bağlanmış alqı-satqı müqaviləsinin 2.6-cı bəndinə əsasən аlıcı ödəniş cədvəlinə müvafiq olaraq ödənişi 15 (on beş) gündən artıq gecikdirərsə, Satıcının mal(lar)ı geri tələb etmək və ya mal(lar)ın dəyərinin tam şəkildə ödənilməsini tələb etmək hüququ vardır.

II. Məhkəmə baxışının hədləri:

3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı (Sunny Electronics) mağazası Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2013-cü il tarixli, 12838 saylı alqı-satqı müqaviləsinə əsasən 1145 manat dəyərində olan, ilkin 200 manat ödəniş etməklə apple mobil telefon almış və qalıq 945 manat məbləğində pulun 12 ay müddətinə hissə-hissə ödəməyi üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə 18 dekabr 2013-cü il tarixli, 12838/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 708 manat əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən tələbkar qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zamin Cavabdeh2 qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirmişdir, həmin zaminliyə xitam verilməli, ona aid olan hissədə rədd edilməlidir. İddia Cavabdeh1 münasibətdə əsas borc hissəsində təmin olunmalıdır. Buna görə də, hesab edirəm ki, iddia qismən təmin edilməli, 708 manat əsas borc Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat , 0.40 qəpik xidmət haqqı və 1.80 manat bildiriş göndərilməsi üçün çəkilmiş xərc olmaqla 32.2 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.

İV. Nəticə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia qismən təmin edilsin. Cavabdeh1 708 (yeddi yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 0 manat , 0.40 qəpik xidmət haqqı və 1.80 manat bildiriş göndərilməsi üçün çəkilmiş xərc olmaqla 32.2 (otuz iki manat iyirmi qəpik) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar