Məhkəmə qərarları › İş №e-2(001)-709/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-709/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-709/2024 01.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 484.86 manat əsas borc, 232.37 manat faiz borcu olmaqla, cəmi 717.23 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********83 saylı kredit müqaviləsi üzrə nağd kredit borcuna görə 484,86 manat əsas, 12,83 manat faiz borcu olmaqla, ümumilikdə 497,69 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********83 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir Borclu Məcidova Xanımİmamcan qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş, xx.xx.2012-ci il tarixli, AB829351 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, WDB2100161b402207 ban nömrəli, 2001-ci il buraxılışlı, 90VB129 dövlət nömrə nişanlı MERCEDES BENZ E270 CDİ minik markalı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh Məcidov Cavabdeh Xanımİmamcan qızının vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehborcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, cavabdehin nümayəndəsinin bildirdiyi kimi eyni tarixli müqavilə üzrə qətnamə çıxarılıb. Lakin çıxarılan qətnamə nağd kredit müqaviləsi üzrə olmuş, biz hazırda mərhumun vərəsəsinə qarşı tam kart çərçivə müqaviləsi üzrə ödənilməyən borc tələbi ilə məhkəməyə müraciət etmişlər. Qeyd etmək istəyir ki, mərhuma eyni tarixdə həm 2300 manat nağd kredit verilmiş, həm də ki, 500 manat məbləğində krediti limiti ayrılmış tam kart verilmişdir. Kredit dosyeləri ayrı-ayrı vaxtlarda gəldiyi üçün məhkəməyə eyni vaxtda müraciət edilməmişdir. Bundan başqa daxili qaydalarla bağlı tam kart çərçivə müqaviləsi üzrə faizlər dayandırılmır. Belə ki, tam kart çərçivə müqaviləsi üzrə faizlər xx.xx.2023-cü ilədək hesablanmışdır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbi azaldıqdan sonra iddianı qəbul edir. Növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabehin nümayəndəsi izahatlarında bildirmişdir ki, eyni müqavilə üzrə məhkəmə qətnaməsi çıxarılıb. Hər ayın 10-u anamın kredit ödənişinin vaxtı idi. Anası isə xx.xx.2021-ci il tarixdə rəhmətə getdiyindən başları yas mərasiminə qarışmış və krediti ödəyə bilməmişlər. Bu səbəbdən bank tərəfindən ona zəng olunmuş, banka anasının vəfat etdiyini bildirdikdə, ölüm haqqında şəhadətnaməsinin banka təqdim etmələri bildirilmişdir. Anası vəfat etdikdən 6 gün sonra yəni xx.xx.2021-ci il tarixdə banka gedərək, ölüm haqqında şəhadətnamənin surətini banka təqdim etmişdir. Lakin bankda ondan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini tələb etdilər. Həmin günü ölüm haqqında şəhadətnaməni notariat ofisində təsdiq etmiş və banka təqdim etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, anası artıq 1 il 8 aydır ki, vəfat edib, lakin bank indi məhkəməyə müraciət edir. Bu halla razılaşmayaraq, hesab edir ki, bank borc üzrə faizləri dayandırmadığından məhkəməyə gec müraciət etmişdir. Belə ki, mən əsas borcla razı olsa da, bank tərəfindən hesablanmış faiz borcu ilə razı deyil. Miras əmlak isə dəyəri təxminən 8000 manat olan avtomobildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********08 saylı tam kart çərçivə müqaviləsindən və xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşmadan görünür ki, "xxxx" ASC borcalana 36 ay müddətinə, illik 24 % dərəcəsi ilə 500 manat bank kartına kredit limiti ayırmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.

9. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 222151 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 1850 № ilə qeyd edilmişdir.

10. Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AB829351 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100161B402207, mühərrik nömrəsi - və buraxılış ili 2001-ci il ola “Mercedes Benz E270 CDİ” minik markalı, **-VB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

11. "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2020-ci il tarixli BPM**********08 saylı müqavilə üzrə 484,86 manat əsas, 12,83 manat faiz borcu olmaqla, ümumilikdə 497,69 manat məbləğində borcu vardır.

12. "xxxx" ASC tərəfindən borclu X2 vərəsəsi Cavabdeh ünvanlanan xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 3 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

13. 03.10.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. "xxxx" ASC ilə X3 arasında xx.xx.2020-ci il tarixli BPM**********08 saylı tam kart çərçivə müqaviləsi və xx.xx.2020-ci il tarixli bank kartına kreditin limitinin təyin edilməsi haqqında razılaşmadan bağlanmış, nəticədə "xxxx" ASC borcalana 36 ay müddətinə illik 24 % ödəmək şərti ilə 500 manat bank kartına kredit limiti ayırmışdır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

15. X3 xx.xx.2021-ci il tarixində ölmüşdür. Ölümündən sonra Bakı şəhəri 20 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində, V-5/2022 reyestr nömrəli vərəsəlik işi açılmışdır.

16. Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsəsi Cavabdeh “Mercedes Benz E270 CDİ” minik markalı, **-VB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini miras əmlak kimi qəbul etmişdir.

17. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka 484,86 manat əsas, 12,83 manat faiz borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun vərəsəsindən tutulmasını tələb edir.

18. Məhkəmə iclasında iştirak etmiş borclunun vərəsəsinin nümayəndəsi(oğlu) borc məbləğini qəbul etdiyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

21. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

22. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

24. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

25. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

27. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

29. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

31. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

32. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

33. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

35. Göründüyü kimi "xxxx" ASC qarşısında borclu X3 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 20 saylı Notariat ofisində vərəsəlik işi açılmış, X2 vərəsəsi Cavabdeh yoldaşının vəfat etməsi ilə əlaqədar ondan qalan daşınar əmlakı miras əmlak kimi qəbul etmişdir.

36. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən və qəbul edilən mirasın həcminin (dəyərininin) faktiki olaraq tələb edilən borc məbləğindən artıq olduğunu nəzərə alındıqda, vərəsələrin miras payının həcmi miras qoyanın passivini qarşılayır. Bu baxımdan əgər vərəsələr miras qoyanın aktivini qəbul etmişlərsə, deməli onun miras əmlak həcmində passivini də qəbul etmiş hesab olunurlar.

37. Məhkəmə iclasında isə borclunun vərəsəsi(nümayəndəsi vasitəsilə) miras əmlakı qəbul etdiyini, borc məbləğini qəbul etdiyini və ödəməyə hazır olduğunu bildirdiyindən məhkəmə hesab edir ki, idddiaçını tələbinin təminini istisna edən hər hansı hal yoxdur.

38. Məhkəmə sadalanan normaları rəhbər tutub, tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, borcalan X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh həmin müqavilə üzrə kreditorun borclusu hesab edildiyindən, öhdəliyin pozulmasına görə məsuliyyət daşıyaraq kreditor qarşısında yaranmış borcu ödəməlidir. Müqavilə üzrə borcun mövcudluğu iş materiallarında olan maliyyə arayışları ilə təsdiq olunur. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

43. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

44. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli, BPM**********83 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 484,86 manat, faiz borcuna görə 12,83 manat olmaqla, ümumilikdə 497,69 manat məbləğində pul vəsaiti, həmçinin 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, BPM**********83 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 484,86 manat, faiz borcuna görə 12,83 manat olmaqla, ümumilikdə 497,69 (dörd yüz doxsan yeddi manat, altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar