Məhkəmə qərarları › İş №e-2(001)-7106/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7106/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7106/2022 27.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı AccessBank QSC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh2 AccessBank QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2,25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 001A**********S saylı, xx.xx.2020-ci il tarixli 001A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kreditdən cəmi 1192,61 manat ödəniş etmiş, onun iddiaçıya 807,39 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 302 gün üçün hesablanmış faiz borcu 171,86 manat təşkil edir. Kredit müqaviləsinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2022ci il tarixə 302 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 178,01 manat təşkil edir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Ona görə də Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 807,39 manat, faiz borcuna görə 171,86 manat, cərimə borcuna görə 178,01 manat olmaqla cəmi 1157,26 manat borcun və 31,57 manat ödənilmiş dövlət rüsumunun AccessBank QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kreditor AccessBank QSC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya istehlak məqsədilə 18 ay müddətinə qaytarmaq, aylıq 2,25 % ödəmək şərti ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Müqavilənin 4.2.3-cü bəndindən müəyyən olunur ki, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2020-ci il tarixli 001A********** saylı ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 2000 manat, faiz borcuna görə 472,89 manat olmaqla cəmi 2472,89 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. AccessBank QSC-nin xx.xx.2020-ci il tarixli kreditin verilməsi barədə məlumatdan müəyyən olunur ki, kreditor ayırdığı kreditə görə 2000 manatı Cavabdeh2 vermişdir. Kreditor AccessBank QSC ilə borclu Cavabdeh2 imzaladıqları xx.xx.2020-ci il tarixli 001A**********S saylı sazişdən müəyyən olunur ki, müqaviləyə və ödəniş planına dəyişiklik edilərək bank ilə kredit alan arasında xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılmışdır. AccessBank QSC-nin xx.xx.2020-ci il tarixli 001A********** saylı ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 1630,41 manat, faiz borcuna görə 517,94 manat olmaqla cəmi 2148,35 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditor AccessBank QSC ilə borclu Cavabdeh2 imzaladıqları xx.xx.2020-ci il tarixli 001A**********SA saylı sazişdən müəyyən olunur ki, müqaviləyə və ödəniş planına dəyişiklik edilərək bank ilə kredit alan arasında xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti atırılmış və 20 ay təşkil etmişdir. AccessBank QSC-nin xx.xx.2020-ci il tarixli 001A********** saylı ödəniş planından müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 1630,41 manat, faiz borcuna görə 517,24 manat olmaqla cəmi 2147,65 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditor AccessBank QSC, borclu Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001G**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borclunun xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kreditor AccessBank QSC, borclu Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 001G**********01S saylı sazişdən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli 001G**********01 saylı zaminlik müqaviləsinin müddəti 24 ay müddətinə uzadılmışdır. AccessBank QSC-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə əsas borca görə 807,39 manat, faiz borcuna görə 171,86 manat, cəriməyə görə 178,01 manat olmaqla cəmi 1157,26 manat borcu vardır. Cərimə üzrə hesablanmış gecikdirilən günlərin sayı 302 gün təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçı ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 807,39 manat, faiz borcuna görə 171,86 manat borcları yaranmışdır. Ona görə məhkəmə iddiaçının cavabdehlərdən əsas və faiz borcu tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən əsas borca görə 807,39 manat, faiz borcuna görə 171,86 manat, cəriməyə görə 20 manat, dövlət rüsumuna görə 31,57 manat olmaqla cəmi 1030,82 manat AccessBank QSC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar