Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7106/2025 10.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli, 103804-870475/1 nömrəli kredit müqaviləsi üzrə 18173.78 manat məbləğində əsas bоrc və 1215.32 manat faiz borcu оlmaqla, cəmi 19389.1 manat, 103797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1050.8 manat məbləğində əsas bоrc və 64.2 manat faiz borcu оlmaqla cəmi 1115 manat, hər iki müqavilə üzrə 20504,1 manat borcun və 151.52 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 noyabr 2024 il tariхli, 103804-870475/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 20000 manat məbləğində krеdit vеrilmiş, 20 noyabr 2024 il tarixli 103797-PC********** nömrəli Kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsilə, 36 ay müddətinə kredit xətti ayrılmışdır. 103797- PC********** nömrəli müqavilənin 2.10-cu bəndinə əsasən kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulunun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.10-cu bəndində göstərilmiş amil yarandığına görə 20 noyabr 2024-ci il tarixli kredit xətti müqaviləsi 21 iyul 2025-ci il tarixdə avtomatik olaraq kreditə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 1115 (1050.8 manat əsas borc və ona hesablanmış 64.2 manat faiz borcu) manat borc məbləği kapitallaşaraq 24 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Kredit xətti müqaviləsinin 2.11-ci bəndinə əsasən kapitallaşmış öhdəliyin avtomatik qaydada annuitet ödəniş formalı kreditə çevrildiyi gün cədvəl üzrə aylıq ödəniş günü olaraq qəbul edilir və növbəti aydan etibarən cədvəl üzrə ödəniş icra edilməlidir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 22 oktyabr 2025-cü il tarixinə cavabdehin 103804-870475/1 nömrəli kredit müqaviləsi üzrə 18173.78 manat məbləğində əsas bоrc və 1215.32 manat faiz borcu оlmaqla cəmi 19389.1 (On doqquz min üç yüz səksən doqquz manat on qəpik) manat, 103797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1050.8 manat məbləğində əsas bоrc və 64.2 manat faiz borcu оlmaqla, cəmi 1115 (Bir min bir yüz on beş) manat, hər iki müqavilə üzrə 20504,1 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (nümayəndəsi) və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
4. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, bankla müqavilə bağlayaraq kredit götürsə də həmin krediti başqa şəxsə vermişdir. Həmin şəxs isə bir-iki ay krediti ödəsə də sonradan ödəməmişdir. Onun isə həmin krediti ödəməyə imkanı yoxdur. Mülki işin materialları:
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli, 103804- 870475/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borcalana istehlak məqsədləri üçün illik 17 % olmaqla, 48 ay müddətinə 20000 manat kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür.
6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli, 103797- PC********** saylı istehlak krediti kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC borcalana istehlak məqsədləri üçün illik 24 % olmaqla, 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı ödəsinə götürür. 7 İddiaçı ASC-nin 22 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 103804-870475/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 18173,78 manat əsas, 1215,32 manat faiz borcu olmaqla, cəmi 19389,1 manat borcu vardır.
8. İddiaçı ASC-nin 22 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 103797-PC********** saylı kredit müqaviləsi üzrə Cavabdeh 1050,8 manat əsas, 64,2 manat faiz borcu olmaqla, cəmi 1115 manat borcu vardır.
9. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, borcalan Cavabdeh 103804-870475/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borca görə 18488,95 manat, faiz borcuna görə 770,71 manat, cəmi 19259,66 manat borcun xx.xx.2025-ci il tarixinədək iş günü ərzində banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif edilmişdir, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, borcalan Cavabdeh 103797-PC********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə əsas borca görə 997,68 manat, faiz borcuna görə 51,12 manat, cəmi 1048,8 manat borcun xx.xx.2025-ci il tarixinədək iş günü ərzində banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif edilmişdir, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 151,52 manat məbləğində dövlət rüsumunu, 0,40 qəpik xidmət haqqını ödəmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. 385.1-ci maddəsinə görə ohdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
21. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
22. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
23. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
29. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
30. Müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin Cavabdeh oğlu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
31. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
32. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır.
33. Belə ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə Cavabdeh oğlu kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə ondan müqavilələrə müvafiq olaraq 18173,78 manat və 1050,8 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı borc barədə cavabdehə bildirişlə müraciət edərkən maliyyə arayışında göstərilən məbləğ barədə deyil, başqa məbləğ barədə məlumatlandırmışdır. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir.
35. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair Qərarını nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərməklə, birtərəfli qaydada iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, hazırki vəziyyətdə iddia tələbi faiz hissəsində qismən təmin edilməlidir. Belə ki, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil.
36. Kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.
37. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-nin 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.
38. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.
39. Belə olan halda iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya göndərdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir.
40. İş materialları ilə müəyyən edilir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişdə ondan 103804-870475/1 saylı müqavilə ilə 18488,95 manat əsas borc və 770,71 manat faiz borcu olmaqla, cəmi 19259,66 manat borc olması qeyd edilmiş, lakin iddia ərizəsi ilə müraciət edərkən 1215,32 manat faiz borcu tələb edilmişdir.
41. İş materialları ilə müəyyən edilir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişdə ondan 103797-PC********** saylı müqavilə ilə 997,68 manat əsas borc və 51,12 manat faiz borcu olmaqla, cəmi 1048,8 manat borc olması qeyd edilmiş, lakin iddia ərizəsi ilə müraciət edərkən 64,2 manat faiz borcu tələb edilmişdir.
42. Qeyd edilənlərə əsasən məhkəmə yuxarıda sadalanan xüsusatlara və qanunvericilik normalarına istinadən hesab edir ki, müqavilə üzrə cavabdehdən hər iki müqavilə üzrə bildirişin verildiyi tarixə, yəni xx.xx.2025-ci il tarixinə olan faiz borcu tutulmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır, ona görə də iddia tələbi qismən təmin edilməlidir.
45. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 103804-870475/1 nömrəli kredit müqaviləsi üzrə 18173.78 manat məbləğində əsas bоrc və 770,71 manat faiz borcu оlmaqla, cəmi 19259,66 manat, 103797- PC********** nömrəli kredit müqaviləsi üzrə 1050.8 manat məbləğində əsas bоrc və 51,12 manat faiz borcu оlmaqla, cəmi 1048,8 manat, hər iki müqavilə üzrə cəmi 20308,46 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 151,52 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 103804-870475/1 nömrəli kredit müqaviləsi üzrə 18173.78 manat məbləğində əsas bоrc və 770,71 manat faiz borcu оlmaqla, cəmi 19259,66 manat, 103797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1050.8 manat məbləğində əsas bоrc və 51,12 manat faiz borcu оlmaqla, cəmi 1048,8 manat, hər iki müqavilə üzrə cəmi 20308,46 (iyirmi min üç yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 151,52 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova