Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7117/2022 28.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 23 sentyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış BMW X5 minik markalı 10SD045 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 sentyabr 2021-ci il tarixdə Ağsu rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı 99GJ186 dövlət qeydiyyat nişanlı və X3 tərəfindən idarə olunan “VAZ-21074” markalı 90NJ326 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Ağsu DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə bağlı cəmi 680 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. BMW X5 minik markalı 10SD045 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan və avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən, onların hər ikisi mülki məsuliyyət daşıyırlar. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, BMW X5 minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PGU********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021ci il tarixdə, Ağsu rayonunda sığorta müddətində BMW X5 minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 idarə etdiyi “Mercedes Benz C200” markalı və **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “VAZ-21074” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Ağsu Rayon Dövlət X9 qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 BMW X5 minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Ağsu Rayon Dövlət X9 xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarı ilə Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" Açıq Səmdar Cəmiyyətinin qiymətləndirmə şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, PGU 3266/21 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C200” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 560 manat zərər dəymiş, həmin məbləğ xx.xx.2021-ci il tarixli, 108495 saylı ödəniş sənədinə əsasən, X4, xx.xx.2021-ci il tarixli, PGU ********** saylı qiymətləndirmə aktına əsasən isə “VAZ 21074” markalı, 90NJ326 dövlət qeydiyyat nişanlı avtomobilə 120 manat zərər dəymiş, həmin məbləğ isə xx.xx.2021-ci il tarixli 103084 saylı ödəniş sənədinə əsasən X2 bank hesabına ödəmişdir. Beləliklə, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:31 dəqiqədə Ağsu şəhərinin Ü.Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi baş vermiş və sürücülük vəsiqəsi olan Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi BMW X5 minik markalı, 10SD045 dövlət qeydiyyat nişanlı avtomobil Mercedes Benz C200 minik markalı, 99GJ186 dövlət qeydiyyat nişanlı və VAZ21074 minik markalı, 90NJ326 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. İddiaçı tərəfindən zərərçəkənlərə cəmi 680 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən ödənilmiş 680 manat sığorta məbləğinin subroqasiya qaydasında tutulmasını məhkəmədən xahiş edir və tələbinin hüquqi əsası kimi "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinad etmişdir. İşdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlirəm ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 25.1.3-cü maddəsinə müvafiq olaraq, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilməlidir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (İXMnin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırkı işdə isə BMW X5 minik markalı, 10SD045 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 tərəfindən avtomobilin mülkiyyətçisinin iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübutlar yoxdur. Cavabdeh1 sürücülük hüququnun olmasını isə təsdiq edən sürücülük vəsiqəsinin mövcudluğu işin mübahisələndirilməyən hallarındandır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası rədd edilməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-7117/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7117/2022
28.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver