Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7119/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: kredit müqaviləsi, ekspertiza rəyi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6690,51 manat məbləğində kredit bоrcu, 793,54 manat məbləğində faiz bоrcu və 140,69 manat məbləğində cərimə olmaqla, ümumilikdə 7624 manat məbləğində bоrcun və ödənilmiş 96,25 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8200 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1509,49 manat ödəniş etmiş və оnun iddiaçıya 6690,51 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 7.9-cu maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 190 gün üçün hesablanmış faiz borcu 793,54 manat təşkil edir. İİ. Tərəflərin mövqeləri: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul edərək iddia tələbini qismən qəbul etdiyini, lakin hazırda borcu ödəməyə maddi imkan olmadığını bildirdi. Əlavə olaraq məhkəmədən faiz və cərimə məbləğinə etiraz edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə onun tərəfindən ödənişlər edilsə də, bank tərəfindən faiz və cərimə məbləğləri silinməklə yekunda əsas borc dəyişilməmiş olaraq qalmışdır. Bankın əməkdaşları onunla əlaqə saxlayaraq 5000 manat ödənildiyi halda borcun silinməsini təklif etsə də, həmin məbləği birdəfəlik ödəmək imkanı olmadığından vəziyyət bu formada qalmışdır. İddia ərizəsi məhkəməyə verildikdən sonra onun tərəfindən 100 manat ödəniş edilmişdir. Məhkəmədən ümumulikdə əsas borcun tutulması və yeni qrafik müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin ərizəsi əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8200 manat məbləğində kredit götürmüşdür. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 6690,51 manat məbləğində kredit bоrcu, 793,54 manat məbləğində faiz bоrcu və 140,69 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7624,74 manat borcu mövcud olmuşdur. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 6640,98 manat məbləğində kredit bоrcu, 951,37 manat məbləğində faiz bоrcu və 140,69 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7733,04 manat borcu mövcud olmuşdur. -təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən 100 manat ödəniş edilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya əsas və faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını, həmçinin iddia tələbi ilə məhkəməyə müraciət edildiyi tarixdən sonra cavabdeh tərəfindən 100 manat ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissədə qismən təmin edilməli, faiz borcu hissəsində pretenziya həddində təmin edilməlidir. Belə kİ, cavabdeh xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş etməsinə baxmayaraq iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, həmin məbləğin 50 manat hissəsi faiz borcundan, qalan hissəsi isə faiz borcundan çıxılsa da, maliyyə arayışında faiz borcu daha artıq məbləğ hesablanmışdır. Lakin yuxarıda qeyd edilən Qərarla müəyyən edilmiş hüquqi mövqeyə görə iddiaçı tərəfindən cavabdehə məhkəmədən kənar mübhisənin həlli ilə bağlı müraciət edildiyi tarixdən artıq müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verilmiş, nəticədə faizin hesablanması mümkün olmamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində pul əsas borcdan çıxılmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.
13. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
14. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 6590.51 manat məbləğində kredit bоrcu, 793,54 manat məbləğində faiz bоrcu və 40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7424,05 manat borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən iddiaçının хeyrinə tutulmalıdır.
V. Nəticə:
Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 6590.51 manat məbləğində kredit bоrcu, 793,54 manat məbləğində faiz bоrcu və 40 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7424,05 (yeddi min dörd yüz iyirmi dörd manat beş qəpik) manat məbləğində bоrcun və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva