Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-714/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 221,48 manat əsas, 33.22 manat cərimə borcu və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 285.10 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh qızı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 504 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq BOKT "xxxx" QSC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Ağalarov iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında gəlməmişdir. Lakin məhkəməyə elektron qaydada əvvəlki və hazırkı məhkəmə iclasları ilə bağlı ərizə ünvanlayaraq, üzürlü səbəbdən (xəstəliklə bağlı) məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Həmçinin iddia tələbi ilə razılaşmadığını, iddianın əsassız olduğunu bildirərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 003-EMB-0302-21 nömrəli kredit müqaviləsinin və ödəniş cədvəlinin qanunsuz və etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - müqaviləyə və ödəniş cədvəlinə əsasən, tərəflər xx.xx.2021-ci il tarixli 003-EMB- 0302-21 nömrəli kredit müqaviləsi bağlanmış və cavabdehə 18 ay müddətinə illik 0 (sıfır) faiz hesablanmaqla, 504 manat məbləğində kredit verilmişdir və cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 28 manat ödəməyi öz üzərinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 221,48 manat əsas, 0 (sıfır) manat faiz, 33,22 manat cərimə borcu olmaqla, cəmi 254.70 manat borcu mövcuddur. - xx.xx.2021-ci il tarixli 003-EMB-0302-21 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 28 manat olmaqla, ümumilikdə 287 manat (7x28+30+26+35=287) manat ödəniş etmişdir. Həmin məbləğdən 282,52 manatı ödənilmiş kapital, 4.48 manatı isə cərimə hesablanmışdır. - xəbərdarlıq bildirişlərindən görünür ki, cavabdehə BOKT "xxxx" QSC tərəfindən borcun tam olaraq 3 (üç) gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Cavabdehn Cavabdeh “BOKT "xxxx" QSC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh bütün kreditlər üzrə faiz və cərimələrinin silinməsində, yerdə qalan ana məbləğin isə gələcəkdə ödənilməsi üçün köməklik göstərilməsini üçün borcun resktruktizasiya olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi əsas borc borcunun tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 33,22 manat məbləğində deyil, 10 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 221,48 manat əsas və 10 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 221,48 manat əsas və 10 manat cərimə borcu olmaqla, cəmi 231,48 manat (iki yüz otuz bir manat qırx səkkiz qəpik) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-714/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-714/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver