Məhkəmə qərarları › İş №e-2(001)-722/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-722/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-722/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SHNPU-09458 saylı krediti müqaviləsinə əsasən illik 14% dərəcəsi olmaqla 26 ay müddətinə 10700 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmçinin İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SHKRK-02546 saylı krediti müqaviləsinə əsasən illik 25% dərəcəsi olmaqla 48 ay müddətinə 300 manat məbləğində cavabdehə kredit kartı verilmişdir. xx.xx.2022-ci il tarixli SHNPU-09458 saylı və xx.xx.2022-ci il tarixli SHKRK-02546 saylı krediti müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə baxış iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan razılaşmalardan və maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli SHNPU-09458 saylı krediti müqaviləsinə əsasən sonuncuya illik 14% dərəcəsi olmaqla 26 ay müddətinə 10700 manat məbləğində; həmçinin xx.xx.2022-ci il tarixli SHKRK-02546 saylı krediti müqaviləsinə əsasən sonuncuya illik 25% dərəcəsi olmaqla 48 ay müddətinə 300 manat məbləğində cavabdehə kredit kartı verilmiş; Cavabdeh xx.xx.2022-cü il tarixli SHKRK-02546 saylı krediti müqaviləsi üzrə borcunun məbləği kreditə görə əsas 29,57 manat, faiz borcuna görə 1,05 manat olmaqla, cəmi 30,62 manat; xx.xx.2022-ci il tarixli SHNPU-09458 saylı krediti müqaviləsi üzrə borcunun məbləği kreditə görə əsas 6292,65 manat, faiz borcuna görə 129,85 manat, dəbbə borcuna görə 246,56 manat olmaqla, cəmi 6669,06 məbləğində təşkil edir. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh mövcud olan borc və borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyi təqdirdə Bank tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh iki müqavilə üzrə 6322,22 manat əsas borc, 130,90 manat faiz borcu, 246,56 manat cərimə borcu olmaqla, cəmi 6699,68 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh iki müqavilə üzrə 6322,22 manat əsas borc, 130,90 manat faiz borcu, 246,56 manat cərimə borcu olmaqla, cəmi 6699,68 (altı min altı yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat məbləğində borc və 87 (səksən yeddi) manat ödənilmiş dövlət rusumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar