Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7241/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə verilmiş əmlakın qaytarılması və maddi zərərin tutulması” tələbinə dair iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2020-ci il tarixli ilkin alğısatqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı **-HK-*** dövlət nömrə nişanlı Kia Sportage markalı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı oğluna qaytarılmasına, ödənişin gecikdirildiyi 2 aya görə hər gün üçün 10 manat olmaqla 600 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı oğluna ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28.11.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin 2.8-ci maddəsinə əsasən tərəflər razılığa gəlirlər ki, müqavilə üzrə ödənişlə əlaqədar mübahisələrə Bakı şəhərində baxılacaq. 28.11.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı, **-HK-*** dövlət nömrə nişanlı “Kia Sportage” markalı nəqliyyat vasitəsinin Cavabdeh satılması barədə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh müqavilənin 2.1-ci maddəsinə əsasən 28.12.2020-ci il tarixdən etibarən hər ay 590 manat olmaqla 20 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən Cavabdeh qızı ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili təhvil verməyi öhdəsinə götürür. İşin faktiki halları bundan ibarətdir ki, Cavabdeh iki aydan artıqdır ki, müqavilə üzrə ödəniş etmir. Beləliklə tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlə aparılan şifahi danışıqlar və yazılı xəbərdarlıq nəticə verməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanan 28.11.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən İddiaçı 2007-ci il buraxılışlı **-HK-*** dövlət nömrə nişanlı Kia Sportage markalı nəqliyyat vasitəsini 11850 manat məbləğində qiymətləndirməklə Cavabdeh satmağı, Cavabdeh isə satış məbləğini 28.12.2020-ci il tarixdən etibarən hər ay 590 manat olmaqla, 20 ay ərzində ödəməyi , satış qiymətindən qalan 50 manat məbləğində pulu avtomobil alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürür. İşin faktiki halları və iş materialların ilə müəyyən edilir ki, tərəflər arasında 28.11.2020ci il tarixində alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə müəyyən edilmiş ödənişlərin edilmədiyini iddia edərək, alğı-satqı müqaviləsinin predmeti olan avtomobilin ona geri qaytarılmasını və gecikdirilmiş müddət üçün hesablanan cərimə məbləğinin ödənilməsini xahiş edir. Göründüyü kimi hazırda İddiaçı Cavabdeh ilə arasında bağlanmış alğı-satqı müqaviləsinin predmetinin ona geri qaytarılmasını tələb etməklə faktiki olaraq həmin müqavilədən bir tərəfli qaydada imtina etmək niyyətindədir. Yəni iddiaçı hazırki tələb irəli sürməklə müqavilədən imtina etmək yolu ilə müqavilənin ləğv edilməsi hüquqi nəticəsinin baş verməsini arzu edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Göstərilənlərlə bağlı məhkəmə o qənaətə gəlir ki, iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürməsə də, o faktiki olaraq müqavilənin ləğv edilməsi hüquqi nəticəsinin baş verməsini arzulayır. Lakin tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsinin mümkünsüzlüyü barədə hər hansı sənəd iş materialları ilə müəyyən edilmir. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir; 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydasına əməl etmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə verilmiş əmlakın qaytarılması və maddi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-7241/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7241/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver