Məhkəmə qərarları › İş №e-2(001)-7271/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7271/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7271/2025 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tariхli, 100804-588402/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 18.50% dərəcəsi ilə 16500 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 23 oktyabr 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9409.05 manat məbləğində əsas və 1169.95 manat faiz borcu оlmaqla, cəmi 10579 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1-ci və 449.4-cü maddələri ilə əsaslandıraraq, Cavabdeh 9409.05 manat məbləğində əsas və 1169.95 manat faiz borcu оlmaqla, cəmi 10579 manat məbləğində borcun və 121.74 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, bankdan kredit götürdüyünü, borcunun olduğunu, lakin maddi imkanı aşağı olduğu üçün borcunu vaxtında ödəyə bilmədiyini bildirmiş və bank tərəfindən hesablanmış faiz məbləğinin azaldılmasına köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı ASC məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələblərinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tariхli, 100804-588402/1 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18.50% ödəmək şərtilə 16500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 23 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 aprel 2023-cü il tarixli, 100804-588402/1 saylı kredit müqaviləsi üzrə 23 oktyabr 2025-ci il tarixə 9409.05 manat əsas, 1169.95 manat faiz borcu olmaqla, cəmi 10579 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 05 sentyabr 2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, bank, cavabdehə həmin tarixə yaranmış borcun 7 gün müddətindən gec olmayaraq ödənilməsi, əks təqdirdə barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, Cavabdeh 25 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9409.05 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 1169.95 manat məbləğində faiz məbləğinin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə 05 sentyabr 2025-ci il tarixdə pretenziya məktubu (xəbərdarlıq) göndərərək cavabdehdən müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı 05 sentyabr 2025-ci il tarixli xəbərdarlıqla məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavabdehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9409.05 manat əsas, 667 manat faiz borcu olmaqla, cəmi 10076.05 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 25 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9409.05 manat əsas, 667 manat faiz borcu olmaqla, cəmi 10076.05 (on min yetmiş altı manat beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 121.74 manat dövlət rüsumunun 95%-i, yəni 115.65 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 5%-i, yəni 6.09 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar