Məhkəmə qərarları › İş №e-2(001)-7282/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7282/2024

23.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7282/2024 23.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4854,41 manat məbləğində əsas borcun, 69 manat dövlət rüsumunun və 55 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 189-K saylı əmrlə əmək müqaviləsinə əsasən Cavabdeh administrator vəzifəsinə işə təyin edilmişdir və tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 606 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsi ilə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Oba - Bayıl 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya (malların sayımı) nəticəsində Cavabdeh Cəmiyyətə 4874 manat 41 qəpik zərər vurması müəyyən edilmişdir. Həmin maddi ziyan “İnventarizasiya Nəticələrinə” dair Aktla aktlaşdırılmışdır. Əlavə sübut olaraq da, borcun hissə-hissə ödənilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 3.3cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. Cavabdeh ziyanın bir hissəsini ödəsə də, lakin hazırda İddiaçı MMC-yə borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixli Maliyyə arayışından məlum olur ki, Cavabdeh yekun olaraq qalıq borcu 4854.41 manat təşkil edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Elekron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-615/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4854.41 manat məbləğində borcun və ödənilmiş 69 manat dövlət rüsumunun və 55 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin iddia rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, iddiaçının işçinin vurduğu ziyana görə tələb irəli sürmə hüququ istisna edilmir. Hazırda da iddia işçinin vurduğu ziyana görə tələb irəli sürmə hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olundu ki, iddiaçının hazırki iddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş dövlət rüsumu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-615/2024 saylı mülki işi üzrə artıq istifadə edilmiş, həmin mülki iş üzrə çıxarılmış yekun aktla həmin ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Buna baxmayaraq iddiaçı hüquqdan sui-istifadə edərək, eyni mədaxil qəbzi ilə təkrarən məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzləri ilə ödənilmiş dövlət rüsumları isə Binəqədi Rayon Məhkəməsinin hesabına deyil, Lacın və Saatlı rayon məhkəmələrinin hesabına ödənilmişdir. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən o da müəyyən olundu ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış da Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-615/2024 saylı mülki işi üzrə həmin mübahisə üzrə verilmişdir. Hazırda isə həmin arayışın verilməsindən 1 il müddət keçmiş, hazırki vaxtda isə tərəflərin mediasiya sessiyasında kompromisə gəlmələri istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur; 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göstərilən nöqsanlar məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(001)-6839/2024 saylı və xx.xx.2024-cü il tarixli, 2(001)-7077/2024 saylı qərardadları ilə iddiaçıya izah edilsə də, həmin nöqsanlar aradan qaldırılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 284-3-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar