Məhkəmə qərarları › İş №e-2(001)-731/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-731/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-731/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106804-909295/2 saylı krеditi müqaviləsinə əsasən borcluya 41 ay müddətinə, illik 19,9% dərəcəsi ilə 18000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının nümayəndəsi olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, borcunu ödəməkdən boyun qaçırmır, lakin borcu tam olaraq birdəfəlik ödəmək iqtidarında deyil. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 106804-909295/2 saylı Kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncunun Banka xx.xx.2022-ci il tarixə 12620,35 manat əsas borc, 1446,37 manat faiz borcu olmaqla, cəmi 14066,72 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9890 saylı ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh Banka cəmi 13038,37 manat, bundan 12633,33 manat əsas borc, 405,04 manat faiz borcu mövcuddur. Qeyd olunanlarla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6679/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixdə ekspert rəyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bundan sonra mülki işin icraatı təzələnmiş, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixdə, saat 09:15-də ekspert rəyi ilə razılaşan cavabdehin iştirakı ilə keçirilmiş və məhkəmə baxış iclası təyin edilmişdir. Məhkəmə baxış iclasının tarixi və saatı “Elektron məhkəmə” informasiya sisteminə daxil olunduqdan sonra, saat 10:16-da iddiaçının faktiki olaraq əsaslandırılmamış təkrar mühasibatlıq ekspertizanın təyin edilməsi barədə üç cümlədən ibarət ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.1-ci maddəsinə əsasən, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir. Hazırkı məhkəmə iclasına iddiaçının nümayəndəsi yenidən məhkəmə iclasına gəlməmiş və ekspertiza məsələsinə hər hansı münasibət bildirilmədən işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin artıq məhkəmə baxışı mərhələsində olmasını, ərizənin kifayət qədər əsaslandırlmamasını, ərizənin ekspert rəyinin “Elektron məhkəmə” informasiya sisteminə daxil edildiyindən 22 gün sonra verilməsini və iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixli ərizədə işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etməsini nəzərə alaraq və prosessual qənatə prinsipini əsas götürərək, ərizəni məhkəmə iclasında baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 12633,33 manat əsas borc və 405,04 manat faiz borcu olmaqla, cəmi 13038,37 manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 12633,33 manat əsas borc və 405,04 manat faiz borcu olmaqla, cəmi 13038,37 (on üç min otuz səkkiz manat otuz yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 129,11 (yüz iyirmi doqquz manat on bir qəpik) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar