Məhkəmə qərarları › İş №e-2(001)-734/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-734/2023

08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-734/2023 08.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 aprel 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 3020 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinə görə 4500 manat, vəkil xidmətinə görə ödənilmiş 110 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96 manat olmaqla, cəmi 7726 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 aprel 2022-ci il tarixdə iddiaçının mülkiyyətində olan və X2 idarə etdiyi “Toyota Prius” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə Bülbülə qəsəbəsi istiqamətində hərəkətdə olarkən, əks istiqamətdən gələn, Cavabdeh2 mülkiyyətində olan və Cavabdeh1 tərəfindən idarə edilən “Toyota Prius” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Sözügedən yol nəqliyyat hadisəsi Suraxanı rayon Polis İdarəsində araşdırılmış və xx.xx.2022-ci il tarixdə idarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru H.İbrahimov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən yol nəqliyyat hadisəsini törətmiş “Toyota Prius” markalı **- EK-*** d.q.n-lı avtomobilin sürücüsü Cavabdeh1 əməlində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin əlamətləri olduğu müəyyən edilmişdir. Bundan sonra Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(010)-3259/2022 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati tənbeh vermə müddətinin keçdiyi əsas götürülərək xitam verilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan 2008-ci ildə istehsal olunmuş “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi yararsız vəziyyətə düşmüşdür. Nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi və onun təmiri üçün “X5 Keşlə” təmir müəssisəsinə müraciət etmiş və orada aparılmış yoxlama nəticəsinə dair təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 738HYB nömrəli qiymətləndirmə aktına əsasən avtomobilin təmiri üçün 3020 manat vəsait tələb olunduğu bildirilmişdir. Cavabdehlərin sahiblik və istifadəsində olan “Toyota Prius” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmadığından iddiaçının nəqliyyat vasitəsinə vurulmuş zərər üzrə hər-hansı sığorta ödənişi edilməmişdir. Cavabdehlər tərəfindən isə iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Qeyd edilənlərlə yanaşı, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində olan avtomobilin əmtəə dəyəri də itirilmişdir. Belə ki, 2009-cu ildə istehsal olunmuş zədəsiz “Toyota Prius” markalı minik avtomobillərinin bazar qiyməti hal-hazırda 14000-15000 manat civarındadır və həmin avtomobil də 14500 manata alınmışdır. Lakin hazırki qəzadan sonra avtomobilin əmtəə dəyəri aşağı düşmüş və onun bazar dəyəri 10000 manatdan artıq deyil. Belə olan halda da cavabdehlər tərəfindən iddiaçının sahibliyində olan nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinə görə iddiaçıya 4500 manat zərər vurulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, ekspert rəyi ilə avtomobilə dəymiş zərərin miqdarı və itirilmiş əmtəə dəyəri müəyyənləşdirilmişdir. Rəylə qismən, dəymiş zərərin miqdarı hissəsində razıdırlar. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alaraq iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini, iddia ərizəsində göstərilən məbləğin real zərərdən çox olduğunu bildirmişdir. Digər cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada (həm poçt vasitəsilə, həm “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetlə, həm də SMS vasitəsilə bildiriş göndərilməklə) məlumatlandırılmasına baxmayaraq, məhkəmədə iştirak etməmiş, iddiaya öz yazılı münasibətini bildirməmişdir. İş materiallarında olan: - Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Hüseyn İbrahimov tərəfindən qəbul edilmiş 12 may 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 14 aprel 2022-ci il tarixdə saat təxminən 11:50 radələrində etibarnaməsi olmadan idarə etdiyi “Toyota Prius” markalı, **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə içərisində iki nəfər sərnişin olduğu halda taksi fəaliyyəti ilə məşğul olaraq Sabunçu rayonundan Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətində saatda 50-60 km. sürətlə hərəkət edərkən geriyə qayıtmaq üçün univermağın qarşısında manevr edərkən əks istiqamətə çıxdığı üçün həmin əks yolda hərəkət edən, X2 idarə etdiyi “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur... Toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 3(001)-3259/2022 saylı qərarına əsasən, Cavabdeh1 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. - Baş Dövlət Yol Polisi İdarəsinin 28 iyun 2022-ci il tarixli məktubundan görünür ki, “Toyota Prius” (hibrid) markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən Cavabdeh2 adında qeydiyyatdadır. - Nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” (hibrid) markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Göründüyü kimi hazırkı halda deliktin əmələ gəlməsi Cavabdeh2 məxsus avtomobili etibarnaməsi olmadan idarə edən Cavabdeh1 tərəfindən törədilən inzibati hüquq pozuntusuna əsaslanır. Habelə, Cavabdeh2 məxsus avtomobillə bağlı qeydiyyat çıxarışından müəyyən edilir ki, onun tərəfindən Cavabdeh1 həmin avtomobillə bağlı etibarnamə verilmiş, lakin məlum yol-nəqliyyat hadisəsi baş verən vaxt etibarnamənin müddəti bitmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilin zədələnməsinə, habelə əmtəə dəyərinin itirilməsinə görə iddiaçıya vurulmuş zərərin əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Zərərin həcminin müəyyənləşdirilməsi məqsədilə məhkəmənin 10 mart 2023-cü il tarixli, 2(001)-734/2023 saylı qərardadına əsasən, mülki iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2847 saylı rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X5” tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3020 manat müəyyən edilir. “Toyota Prius” markalı, 2008-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 15000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 15 faiz – 2250 manat aşağı olması istisna edilmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin əvəzi kimi 3020 manat, avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi kimi isə 2250 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın vəkil xərcinə görə cavabdehlərdən 110 manatın tutulması hissəsinə dair iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etmədiklərindən, iddia bu hissədə rədd edilməlidir. Habelə, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 72 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza xərci kimi isə 50 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Avtomobilin təmir-bərpa xərcləri olaraq 3020 manat, avtomobilin əmtəə dəyərinin itirilməsinə görə iddiaçıya vurulmuş zərərin əvəzi kimi 2250 manat olmaqla, ümumilikdə 5270 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi kimi 72 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar