Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-735/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı LPO Zaminbank ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO Zaminbank ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı LPO Zaminbank ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Zaminbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 250 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Zaminbank ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22% ödənilmək şərtilə 4400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə imzalanmış xx.xx.2015-ci il tarixli, 250 saylı kredit müqaviləsinə dair xx.xx.2016-cı il tarixli əlavə №1-ə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22% faizdən 18%-ə endirilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və X2 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə müvafiq olaraq zaminlər borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 2724 ABŞ dolları əsas, 1903,32 ABŞ dolları faiz, 334,02 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 4961,34 məbləğində borcu mövcuddur. Borcalanla bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri çərçivəsinə düşərək həmin müqavilə üzrə borcalana 1788 manat kompensasiya məbləği hesablanmış və ödənilmişdir. Müqavilə üzrə qalıq qalan borc məbləğinin restruktrizasiyasına gəlincə isə bu hissədə həmin müqavilə Fərmanın təsir dairəsinə düşməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 2724 ABŞ dolları əsas, 1903,32 ABŞ dolları faiz, 334,02 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 4961,34 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 105 manat dövlət rüsumunun müştərək qaydada tutularaq LPO Zaminbank ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Borcverən Zaminbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli 250 saylı kredit müqaviləsindən müəyyən olunur ki, şəxsi mənzilin təmiri üçün bank borcalana 24 ay müddətinə qaytarmaq şərti ilə, illik 22% ödəmək şərti ilə 4400 ABŞ dolları kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.5.-ci bəndindən müəyyən olunur ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafıkində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44%-i ödəyir. Borcverən Zaminbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli 250 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı Əlavədən müəyyən olunur ki, fiziki şəxs Cavabdeh1 xx.xx.2015 ci il tarixli 250 saylı kredit müqaviləsinə əsasən verilmiş 4400 ABŞ dolları məbləğində kreditin qalıq 2980 ABŞ dolları əsas borcun ödəniş müddəti xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsində nəzədə tutulmuş şərtlər qüvvədə qalmaqla xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22%-dən 18%-ə endirilmiş, müqavilə üzrə borcalan bank qarşısında olan öhdəliyinin icrasını ödəniş gününə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun həyata keçirməyi öhdəsinə götürmüşdür. Borcverən Zaminbank ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 250 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalannın xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsinə əsasən borcverən qarşısında öhdəliklərinin icrasına borcalan ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə borcalanın bank qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Borcverən Zaminbank ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 250/1 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalanın xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsinə əsasən borcverən qarşısında öhdəliklərinin icrasına borcalan ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə borcalanın bank qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. LPO Zaminbank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə əsas borc görə 2724 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddətə faiz borcuna görə 1903,32 ABŞ dolları, gecikdirilən vaxt üçün illik 5%, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 334,02 ABŞ dolları olmaqla ümumilikdə 4961,34 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixinə borcalan Cavabdeh1 borcverən Zaminbank ASC ilə bağladığı kredit müqavilələrinə əsasən cəmi 3197,40 manat kompensasiya hesablanmış, borcalanın restrukturizasiya olunması təklif olunan kreditləri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsinə əsasən öhdəliklərini icra etmədiyindən əsas borca görə 2724 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddətə faiz borcuna görə 1903,32 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 5% görə 334,02 ABŞ dolları olmaqla cəmi 4961,34 ABŞ dolları borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının bu cavabdehə qarşı borc və məhkəmə xərcləri tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə iddiaçının zaminlərə qarşı tələbi ilə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanan zaminlik müqavilələrinə əsasən, zaminlik qeyri-müəyyən müddətə verildiyindən, borcverən Zaminbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı Əlavəyə əsasən xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına zaminlərin razılığı alınmadığı üçün zaminliyə xitam verildiyindən borcverənin zaminlərə qarşı tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 250 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 2724 ABŞ dolları, müqavilənin qüvvədə olduğu müddətə faiz borcuna görə 1903,32 ABŞ dolları, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 5% görə 334,02 ABŞ dolları olmaqla cəmi 4961,34 ABŞ dolları borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 105 manat LPO Zaminbank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-735/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-735/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver