Məhkəmə qərarları › İş №e-2(001)-739/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-739/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-739/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı (MTK) Zolfi Bakhshaliyə (Baxşəli) qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülk işə 24 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı MTK Zolfi Baxşəliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33143 manat pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 190 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin, ona etirazın əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK (icraçı) və X9 (sifarişçi) arasında 164 saylı xx.xx.2019-cu il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili sifarişçiyə satmağı, sifarişçi isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. X13 həmin mənzilə görə ümumilikdə 28820 manat ödəniş etmişdir. Belə ki, X9 cavabdeh Zolfi Bakshaliyə 3 il müddətinə, AR-1№7000028 saylı xx.xx.2019-cu il tarixli etibarnamə vermişdir. Harunova Aybəniz cavabdeh Zolfi Bakshaliyə həmin etibarnaməni ona görə vermişdir ki, Zolfi Bakshali etibarnamə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli 7 girişli binanın, 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzili Harunova Aybənizin qonşusunun adına rəsmiləşdirsin. Daha sonra, X9 cavabdeh Zolfi Bakshali ilə birlikdə İddiaçı MTK-ya gəlmişlər və kooperativdən İddiaçı MTK və Harunova Aybənizin arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə xitam verilməsi və sözügedən mənzilə dair eyni şərtlərlə yeni müqavilənin cavabdehin həyat yoldaşı X16 ilə bağlanmasını xahiş etmişlər. Beləliklə, İddiaçı MTK cavabdeh və Zolfi Bakshali arasında həmin etibarnamə əsasında, xx.xx.2020-ci il tarixli 164/A saylı müqavilə bağlanmışdır. Həmin müqavilə bağlanıldıqdan sonra cavabdeh Zolfi Bakshali tərəfindən İddiaçı MTK-ya hər-hansı bir ödəniş edilməmişdir. Bir müddət sonra, X9, MTK-ya müraciət edərək cavabdeh Zolfi Bakshalinin onu aldatdığını və ona hər-hansı bir ödəniş etmədiyini bildirərək, MTK-dan köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı MTK isə X7 hər-hansı bir köməklik göstərə bilməyəcəyini və X1rşı məhkəməyə müraciət etməsini məsləhət vermişdir. Beləliklə cavabdeh Zolfi Bakshali həmin mənzili arvadı Aysel Acalovanın adına rəsmiləşdirmişdir, sonuncu isə həmin mənzili başqa şəxsə satmışdır. Hal-hazırda həmin mənzil X10 mülkiyyətindədir. Bu səbəbdən, X3 Bakshalı və İddiaçı MTK-ya qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın, 4-cü, 9cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzil üçün İddiaçı MTK-ya ödənilmiş 28820 manatı, təmir üçün çəkilmiş 3000 manat, həmçinin 28820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın MTK və Zolfi Bakhshalidən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MTK-dan 33143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı MTK-nın vəkili və nümayəndəsi ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, eləcə də birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. Beləliklə, birinci instansiya məhkəməsinin həmin qanunsuz qətnaməsi qüvvəyə minmişdir. Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən, İddiaçı MTK X7 33143 manat pul məbləği ödəmişdir. Lakin, işin hallarında da göründüyü kimi, cavabdeh Zolfi Bakshali əsassız olaraq varlanmışdır. Belə ki, X2 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, İddiaçı MTK-nə hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə etmişdir. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin 20-ci bəndində qeyd edilmişdir ki, Zolfi Bakshalinin nümayəndəsi məhkəmə iclaslarında onun sözügedən mənzilə dair başqa şəxslə müqavilə bağlandığından xəbərinin olmadığını, mənzil etibarnamə əsasında deyil, MTK-nə ilkin ödəniş etməklə əldə etdiyini və daha sonra arvadının adına rəsmiləşdirdiyini bildirmişdir. Halbuki, cavabdeh Zolfi Bakshali tərəfindən İddiaçı MTK-nə hər-hansı bir ödəniş edilməmiş, o X5 verdiyi etibarnaməyə əsasən İddiaçı MTK-nə ərizə ilə müraciət etmişdir, yəni cavabdehin Harunova Aybənizin həmin mənzil barədə müqavilə bağladığından məlumatı olmuşdur, yəni o əgər mənzili əldə etmək istəyirdisə Aybəniz Harunovaya mənzilin pulun ödəməli idi. Qətnamənin icrası məcburi olduğundan,İddiaçı MTK X7 33143 manat pul məbləği ödəmişdir. Bu səbəbdən, cavabdeh Zolfi Bakshalinin əməlləri nəticəsində İddiaçı MTK-nə vurulmuş zərərin əvəzinin cavabdehdən tələb edilməsi əsası yaranmış və cavabdeh tərəfindən iddiaçıya 33143 manat pul məbləğinin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X5 cavabdehlər İddiaçı MTK və Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Binəqədi Rayon Məhkəməsində baxılmış və xx.xx.2023-cü il tarixdə e-2(001)-1399/2023 saylı qətnamə qəbul edilmişdir. Həmin mülki iş üzrə iddiaçı X5 iddia tələblərini əsaslandırdığı dəlillər hazırki iddia tələblərində iddiaçının işin faktiki halları ilə bağlı mülahizələri ilə eynilik təşkil edir. e-2(001)-1399/2023 saylı mülki iş üzrə baxılmış iddia tələbləri həm də Zolfi Bakhshaliyə qarşı olmuş, məhkəmə həmin hissədə iddianı təmin etməmişdir. Qətnamənin 29-cu bəndində iddianın həmin hissədə təmin edilməməsinin əsasları göstərilmişdir. Məhkəmə Mülki Məcəllənin 396-cı maddəsinin tələbi baxımından o nəticəyə gəlmişdir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin yaranması üçün ya tərəflər arasında müqavilə münasibətləri olmalı, ya zərər vurulması, ya da əsassız varlanma halının olması müəyyən edilməlidir. Məhkəmə bu üç halın heç birinin olmaması qənaətinə gələrək iddianı Zolfi Bakhshaliyə münasibətdə təmin etməmişdir. Bundan sonra qətnamə icraya yönəldikdə, icranın gecikdirilməsi məqsədilə formal olaraq müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət olunmuş, ərizə haqlı olaraq məhkəmə tərəfindən həm birinci instansiya, həm də apellyasiya instansiyası tərəfindən təmin edilməmişdir. Hal-hazırki mülki iş üzrə iddia tələbində İddiaçı MTK eyni predmet üzrə Mülki Məcəllənin 396-cı maddəsinin tətbiqi ilə Binəqədi Rayon Məhkəməsinin gəldiyi nəticənin əsassız varlanma ilə bağlı hissəsini mübahisələndirməyə cəhd etmişdir. İddiaçı iddia ərizəsində Zolfi Bakhshali tərəfindən İddiaçı MTK-ya hər hansı ödəniş edilmədiyini bildirir. Eyni zamanda göstərilir ki, müqavilənin dəyişdirilməsi üçün cavabdeh Harunova Aybəniz ilə birlikdə gəlmiş və Harunova Aybəniz müqavilənin ləğv edilməsinə etiraz etməmişdir. Ödənişin edilməməsi ilə bağlı göstərilənlər həqiqəti əks etdirmir. Cavabdeh tərəfindən rəsmi olaraq ödəniş edilmişdir. Belə olan halda, iddiaçının guya, cavabdehin onun hesabına varlanmış olduğunu iddia etməsinin yalan olduğu aşkardır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hesab edilir ki, bu maddədə nəzərdə tutulan hal məhz iddiaçıya aid hal olduğu faktı var. Həmin fakt da əvvəllər bu mübahisə üzrə mülki işə baxşım məhkəmə tərəfindən müəyyən edilmiş və qətnamə qəbul edilmişdir. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiklərini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənləri təsdiq etdiklərini, iddianı qəbul etmədiklərini bildirib, rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilən sübutlar: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 aprel 2023-cü il tarixli, 2(001)-1388/2023 saylı qətnaməsindən görünür ki:

1. X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın 4-cü giriş, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.metr olan 38 saylı, 1 oraqlı mənzil üçün X9 tərəfindən İddiaçı MTK-ya ödənilmiş 28820 manatın, təmir üçün çəkilmiş 3000 manatın, həmçinin, əldən çıxmış fayda kimi 5043 manatın və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın MTK-dan və Zolfi Bakhshalidən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, X9 ilə İddiaçı MTK arasında 12 noyabr 2019-cu il tarixli, 164 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, MTK Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 bloklu binanın 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.metr olan 38 saylı, 1 otaqlı mənzili A.Harunovaya satmağı, A.Harunova isə müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəfləri mənzilin hər kv.metrinin dəyərini 1300 manata, mənzilin ümumi qiymətinin 80600 manat məbləğində müəyyən edilməsi barədə razılaşmışlar. A.Harunova razılaşdıqları kimi 12 noyabr 2019-cu il tarixdə 24180 manat ödəniş etmiş, ona bu barədə kassa mədaxil orderi verilmişdir. Daha sonra eyni mənzilə görə MTK ilə Zolfi Bakhshali arasında 25 yanvar 2020-ci il tarixli, 164/A saylı müqavilə bağlanmışdır. Hansı ki, Zolfi Bakhshalinin nümayəndəsi bu faktı qəbul etmiş və cavabdehin mənzilə görə 27320 manat ilkin ödəniş etməklə MTK-dan aldığını, daha sonra arvadı Aysel Acalovanın adına rəsmiləşdirdiyini bildirmişdir.

3. Məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, A.Harunova ilkin və hər ay qrafik üzrə ödəniş etmək öhdəliyi götürmüş və MTK da binanın tikintisi başa çatdıqdan sonra mənzili təhvil vermək və s. barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq, MTK müqavilədən birtərəfli qaydada imtina etməklə, digər şəxslə müqavilə bağlamışdır. MTKnın hansı əsasla, hansı səbəbə görə müqavilədən imtina etməsi məlum olmasa da, onun digər şəxslə, yəni Z.Bakhshali ilə eyni mənzilə dair müqavilə bağlamaqla əvvəlki müqaviləni ləğv etmək barədə iradəsi aşkardır... Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, A.Harunova MTK-ya müqavilə üzrə öhdəliklərin icrası qaydasında ödədiyi 28820 manatı tələb etməkdə haqlıdır.

4. Məhkəmə həmin məbləğin müştərək qaydada həm MTK-dan, həm də Zolfi Bakhshalidən tutulmalı olması barədə iddiaçının tələbini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh Zolfi Bakhshali arasında mübahisə predmetinə dair hər hansı öhdəlik münasibətlərinin yaranması işin halları ilə müəyyən edilmir...

5. Yekun olaraq, məhkəmənin bu qətnaməsinə əsasən, A.Harunovanın iddiası qismən təmin edilmiş, mənzilə görə ödənilmiş pul vəsaitinin əvəzi kimi 28820 manat, habelə, əldən çıxmış fayda kimi 4323 manat olmaqla, ümumilikdə 33143 manat məbləğində pul vəsaitinin İddiaçı MTK-dan iddiaçının xeyrinə tutulması qərara alınmış, iddia qalan hissələrdə təmin edilməmişdir. - İş materiallarında olan, İddiaçı MTK tərəfindən verilmiş 25 yanvar 2020-ci il tarixli, 164/A saylı kassa mədaxil orderindən görünür ki, Zolfi Baxşəli Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllə, 16 mərtəbə, 7 bloklu kompleksin 4-cü blokunda, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 62 kv.metr olan 38 saylı 1 otaqlı mənzili üçün 27320 manat kassaya mədaxil edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İddiaçı tələbini belə əsaslandırır ki, X3 Bakshalı və İddiaçı MTK-ya qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3095-ci məhəllədə inşa edilmiş 16 mərtəbəli, 7 girişli binanın, 4-cü, 9cu mərtəbəsində yerləşən ümumi sahəsi 62 kv.m olan 38 saylı 1 otaqlı mənzil üçün İddiaçı MTK-ya ödənilmiş 28820 manatı, təmir üçün çəkilmiş 3000 manat, həmçinin 28820 manatı özlərində 42 ay saxlayaraq gecikdirdikləri vaxt üçün illik 5 faiz, yəni 5043 manat əldən çıxmış faydanı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 111 manatın MTK və Zolfi Bakhshalidən müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı MTK-dan 33143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir, qətnamə qüvvəyə minmişdir. Binəqədi Rayon Məhkəməsinin həmin qətnaməsinə əsasən, İddiaçı MTK X7 33143 manat pul məbləği ödəmişdir. Lakin, iddiaçı hesab edir ki, X2 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, İddiaçı MTK-nə hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə edərək əsassız varlanmışdır. Məhkəmə iddiaçının dəlilləri ilə aşağıdakılara görə razılaşmır. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İlk növbədə iddiaçı tələbini əsassız varlanmaya dair maddi hüquq normaları ilə əsaslandırmağa çalışsa da, işin müəyyən olunan hallarına görə, o qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə İddiaçı MTK-dan 33143 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmiş pulu tələb edir. Məhkəmə hazırkı tələb üzrə iddiaçının “...X2 təqdim etdiyi etibarnamə əsasında, sözügedən mənzil üzrə müqavilənin öz adına bağlanmasına nail olmuş, İddiaçı MTK-nə hər-hansı bir pul məbləği ödəməmiş, eləcə də mənzili sataraq gəlir əldə etmişdir....” arqumentinə münasibətdə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsi e-2(001)-1388/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin əsaslandırma hissəsində (29-cu bənd) məhkəmə məsələyə qiymət verərək göstərmişdir ki, “.....mübahisəli məbləğin müştərək qaydada həm MTK-dan, həm də Zolfi Bakhshalidən tutulmalı olması barədə iddiaçının tələbini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh Zolfi Bakhshali arasında mübahisə predmetinə dair hər hansı öhdəlik münasibətlərinin yaranması işin halları ilə müəyyən edilmir...” Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Bununla yanaşı Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Bu tip öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil də, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki Məcəlləyə görə hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həyata keçirilməmiş əsas dedikdə bu əsas ya ümumiyyətlə nəzərdə tutulmur, ya da nəzərdə tutulmasına baxmayaraq heç bir hüquqi nəticə doğurmur. Qeyd olunmalıdır ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamə üzrə iddiaçının üzərinə həvalə edilmiş 33143 manat pul məbləğinin cavabdehdən tutulması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci və 1091.2-ci maddələrinin dispozisiya şərtlərinin cavabdehə münasibətdə mövcudluğu müəyyən edilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar