Məhkəmə qərarları › İş №e-2(001)-745/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(001)-745/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-745/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə məhkəmə öz təşəbbüsü ilə əlavə qətnamənin çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2343,18 ABŞ dolları əsas, 1637,17 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra hesablanmış 290,07 ABŞ dolları olmaqla, cəmi 4270,42 ABŞ dolları borcun və 93 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mercedes Benz C240” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-745/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2343,18 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borc və 93 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan sonra, məhkəmə tərəfindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-770/2022 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində cavabdehdən tutulmalı olan məbləğin ipoteka predmetinə yönəldilməsinə münasibət bildirilmədiyi aşkar edilmişdir. Bu səbəbdən tutmanın ipoteka predmetinə yönəldilməsinə münasibət bildirilməsinə dair əlavə qətnamənin qəbul edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. - 229.1.2-ci maddəsinə əsasən, hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə çıxara bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Əliyev əlavə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi hissələrini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınar əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1). -296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Məhkəmə iddia tələbinin satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda borcun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, bu tələb hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı məsələdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, əlavə qətnamə qəbul edilməli və Cavabdeh tutulmalı olan 2343,18 ABŞ (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borc və 93 manat dövlət rüsumu ipoteka predmeti olan “Mercedes Benz C240” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 229, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tutulmalı olan 2343,18 ABŞ (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas borc və 93 manat dövlət rüsumu ipoteka predmeti olan “Mercedes Benz C240” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və əldə edilmiş pul vəsaiti hesabına borc İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin. Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Mercedes Benz C240” markalı, **- RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan vəsait borc məbləğindən artıq olduqda artıq qalan hissə Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Əlavə qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar