Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-757/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə 13 yanvar 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QSC Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1217,51 manat əsas, 313,48 manat faiz borcu, 46,15 manat cərimə olmaqla ümumilikdə 1577,14 manat və dövlət rüsumu olaraq ödənilmiş 35,77 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 09 avqust 2018-ci il tarixli, 021L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh3 arasında 09 avqust 2018-ci il tarixli, 021R********** saylı kredit razılaşmasına əsasən, sonuncuya aylıq 2,3333 faiz hesablanması şərti ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq bankla Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqavilələri bağlanmışdır. Tərəflərin imzaladıqları 30 dekabr 2019-cu il tarixli, 021R**********S saylı, 29 sentyabr 2020-ci il tarixli, 021R**********SB saylı və 29 noyabr 2021-ci il tarixli, 021R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kredit razılaşmasının şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, nəticədə iddiaçıya 1217,51 manat əsas, 313,48 manat faiz borcu, 46,15 manat cərimə olmaqla ümumilikdə 1577,14 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 09 avqust 2018-ci il tarixli, 021L**********33 saylı Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - 09 avqust 2018-ci il tarixli, 021R********** saylı Kredit Razılaşmasından görünür ki, Cavabdeh3 İddiaçı QSC-dən aylıq 2,3333 faizlə 24 ay müddətinə ödəmək şərti ilə 6000 manat məbləğində kredit borcunu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 09 avqust 2018-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 İddiaçı QSC qarşısında 09 avqust 2018-ci il tarixli, 021L**********33 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”ndan irəli gələn öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərilərnə götürmüşlər. - 30 dekabr 2019-cu il tarixli, 021R**********S saylı, 29 sentyabr 2020-ci il tarixli, 021R**********SB saylı və 29 noyabr 2021-ci il tarixli, 021R**********SC saylı sazişlərə əsasən, kreditin qalığı üzrə ödəniş planına dəyişikliklər edilmişdir. - maliyyə arayışından görünür ki, 24 oktyabr 2022-ci il tarixə Cavabdeh3 1217,51 manat əsas, 313,48 manat faiz borcu, 46,15 manat cərimə olmaqla, ümumilikdə 1577,14 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh3 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürdüklərinə görə məhkəmə hesab edir ki, onlara münasibətdə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh3 ilə İddiaçı QSC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 35,77 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 1217,51 manat əsas, 313,48 manat faiz borcu, 46,15 manat cərimə olmaqla, ümumilikdə 1577,14 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 35,77 manat məbləğində pul Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-757/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-757/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver