Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-759/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonunculardan müştərək qaydada 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla ümumilikdə 1663,85 manat və dövlət rüsumu olaraq ödənilmiş 36,64 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2019-cu il tarixli, 011A********** saylı kredit müqaviləsinə əsasən, sonuncuya aylıq 2,1667 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin imzaladıqları 27 aprel 2020-ci il tarixli, 011A**********S saylı, həmçinin 23 avqust 2021-ci il tarixli, 011A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmiş, nəticədə iddiaçıya 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla ümumilikdə 1663,85 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 19 iyun 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-dən aylıq 2,1667 faizlə 36 ay müddətinə ödəmək şərti ilə 5000 manat məbləğində kredit borcunu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 19 iyun 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı QSC qarşısında 19 iyun 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - maliyyə arayışından görünür ki, 15 noyabr 2022-ci il tarixinə , Cavabdeh1 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla, ümumilikdə 1663,85 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 36,64 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1368,94 manat əsas, 145,2 manat faiz borcu, 149,71 manat cərimə olmaqla, ümumilikdə 1663,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 36,64 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-759/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-759/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver