Məhkəmə qərarları › İş №e-2(001)-760/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-760/2024

08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-760/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4147,20 (dörd min bir yüz qırx yeddi manat 20 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 21,87 (iyirmi bir manat 87 qəpik) manat və 61,70 (altmış bir manat 70 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4230,77 (dörd min iki yüz otuz manat 77 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonentCavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04558xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2022-ci ilin oktyabr ayı üzrə qalıq 288,92 manat sərfiyyat borcu, 2022-ci ilin noyabr-dekabr ayları üzrə 214,75 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə 150,60 manat sərfiyyat borcu və limitdən əlavə 1,60 manat sərfiyyat borcu, cəmi 655,87 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər cavabdeh 634 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 21,87 (iyirmi bir manat 87 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə iştirakı olmadan baxılmasını, iddiasının təmin edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etmişdir, cavabdehin hazırda evində mexaniki sayğac quraşdırılmışdır. Kənar xəttin cavabdehin yaşadığı mənzilə daxil olması barədə fotoşəkil yoxdur.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, sayğacdan kənar xəttdən istifadə etməmişdir. Lakin onun adını bilmədiyi qonşusu sayğacdan kənar qazdan istifadə edir. Belə ki, həmin şəxs onunla digər qonşunun həyətlərinin arasında öz evinə kənar xətt çəkmişdir. Lakin Azəriqazın əməkdaşları bu halı araşdırmadan ona əsassız olaraq borc yazmışlar. Hətta akt tərtib edilərkən ona məlumat verilməmişdir. Keçən ilin qış aylarında evə təbii qaz zəif gəldiyi üçün qonşularla birlikdə birliyin əməkdaşlarını dəvət etdilər və əməkdaşlar qaz xəttində hava olduğunu bildirdilər və qaz xəttinin üzərində dəlik açaraq havasını çıxartdılar və dəliyi bağladılar. Bundan sonra evə qazın verilməsi normallaşdı. Bundan əlavə o təbii qazdan istifadəyə görə mütəmadi ödənişlər edir. Ev fərdi yaşayış evidi və torpağa dair sərəncam vardır. Həmin evdə o həyat yoldaşı ilə birlikdə ikisi qalır. Evdə dörd göz sobadan və iran sobasından istifadə edirlər. Dəlik açılan qaz xəttində 2 sayğac vardır. Onlar qazdan ildə 4-5 ay istifadə edirlər. Bundan əlavə o, 2022-ci ilin sentyabr ayından qazdan istifadə etməyə başlamışdır. Belə ki, 7-8 il qazdan istifadə etməmiş buna qədər işıqdan istifadə etmişdir. Çünki 7-8 il bundan əvvəl sayğacların dəyişildiyi zaman onun smart sayğacı çıxarılmış və yerinə yenidən smart sayğac quraşdırılmışdır. Ondan sayğacın kartının verilməsi üçün 600 manat pul tələb edilmiş və o ödəməkdən imtina etdiyi üçün smart kart ona verilməmişdir və nəticədə qazdan istifadə etməmişdir. 2022-ci ildə azəriqaz özü yenidən sayğacı dəyişdirərək mexaniki sayğac qoymuş və o sayğacdan istifadə etmişdir. O hazırda suyu odun peçiylə qızdırır. Çünki ev 1 otaqdan və 1 mətbəxdən ibarət olmaqla cəmi təxminən 20 kv.m-dir. Hamam otağı evdən çöldə yerləşir. Həmin həyətdə oğlunun da evi var və onun üçün ayrıca sayğac çəkilmişdir. Ona 4147 manat cərimə yazılmasından 2023-cü ilin sentyabr ayında məlumatı olmuşdur. Belə ki, həmin ilin sentyabr və avqust aylarında təqdim edilən bildiriş xəbərdarlıqlarda 4147 manat cərimə borcu tələb edilməmişdir. Eyn zamanda onun 2023-cü ilin dekabr ayından başqa qazdan istifadəyə görə borcu yoxdur. Onun 2023-cü ilin dekabr ayı üçün 46 manat borcu var və bu barədə ona bir neçə gün əvvəl xəbərdarlıq daxil olmuşdur. O 2023-cü ilin sentyabr, oktyabr, noyabr aylarının borcunu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX- 04558xx/xx-2022 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya **********00000 abonent kodu verilmişdir.

7. İddiaçı İB-nin müayənədləri tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı AKT-dan görünür ki, işçi qrupunun nümayəndələri mənzilin qaz təchizatına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olundu.

8. Bundan sonra xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və qaz sayğacının nominal qaz sərfi 4 kub.m, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın dəyəri kimi 34560 kub.m vurulmuş zərər hesablanmışdır.

9. **********00000 nömrəli abonentin saldosundan müəyyən olunur ki, abonentin hesabına 2022-ci ilin dekabr ayında 4147.2 manat akt-a görə borc hesablanmışdır.

10. 04.11.2023-cü il tarixli borc barədə bildiriş xəbərdarlıq qəbzindən görünür ki, abonentdən 18.2 manat istifadəyə görə və 4169.07 manat qalıq borca görə cəmi 4187.27 manat pul tələb edilmişdir.

11. 03.10.2023-cü il tarixli borc barədə bildiriş xəbərdarlıq qəbzindən görünür ki, abonentdən istifadəyə görə 4.2 manat, qalıq borca görə 100.61 manat tələb edilmişdir.

12. 04.09.2023-cü il tarixli borc barədə bildiriş xəbərdarlıq qəbzindən görünür ki, abonentdən istifadəyə görə 4 manat, qalıq borca görə 28.19 manat tələb edilmişdir.

13. Elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumata əsasən, abonentin cəmi 4169.07 manat borcunun olduğu sentyabr ayından sonra noyabr ayında 15 manat, dekabr ayında 39 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. Azəriqaz” İB ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İstehsalçı tərəfindən abonentin mənzilində G-4 markalı mexaniki qaz sayğacı quraşdırılımışdır. Birliyin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı “təbii X1nın pozulması haqqında” AKT tərtib edilmiş. Tərtib edilmiş AKT-da qeyd edilmişdir ki, işçi qrupunun nümayəndələri tərəfindən abonentin sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi müəyyən edilmiş, kənar xətt ləğv edilmişdir. AKT-da qeyd edilmişdir ki, abonent AKT-ı imzalamaqdan imtina etmişdir.

15. Həmin AKT-ın əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və itirilmiş qazın həcminin 34560 kub.m olduğu qeyd edilmişdir. 2022-ci ilin dekabr ayında itirilmiş qazın dəyəri olaraq 4147.2 manat borc abonentin hesabına daxil edilmişdir.

16. 2023-cü ilin sentyabr, oktyabr ayları üçün borc barədə bildirişlərdə 4147.2 manat borc barədə hər hansı qeyd yoxdur.

17. Abonent tərəfindən 2023-cü ilin noyabr ayında 15 manat, noyabr ayında 39 manat ödəniş edilmişdir.

18. İddiaçı cavabdehin qaz xəttinə qanunsuz qoşulduğunu iddia edir və yuxarıda göstərilən hesabata görə vurulmuş zərərin əvəzi üçün 4147.2 manat və 2023-cü ilin sentyabr ayına dək debitor borca görə 21.87 manat pul tələb edir.

19. Cavabdeh iddianı qəbul etmir və sayğacdan kənar hər hansı qoşulma etmədiyini bildirir. İddiaçının nümayəndələrinin foto şəklini çəkdiyi qanunsuz xəttin ona aid olmadığını və digər şəxs tərəfindən istifadə edildiyini iddia edir. İddiaçının nümayəndəsi qanunsuz xəttin məhz cavabdehin mənzilinə daxil olması ilə bağlı sübutun olmadığını bildirir.

20. Bundan başqa cavabdeh 2023-cü ilin dekabr ayınadək debitor borcunun qalmadığını və yalnız 2023-cü ilin dekabr ayının borcu barədə 2024-cü ilin yanvar ayında bildiriş gəldiyini bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

21. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

22. Belə ki, iddiaçının tələbinin bir hissəsi hüquqazidd əməl nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Hansı ki, bu tələbin təsdiq edilməsi sübutetmə ilə bağlıdır və sübutetmə yükü iddiaçının üzərinə düşür.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X1nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixdə edilən dəyişikliyədək) 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan o nəticə doğur ki, zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar iddianın əsaslı hesab edilməsi üçün kifayət deyildir.

29. Əvvəla iddiaçı cavabdehin qaz xəttinə kənar xətdən istifadə etməklə qanunsuz qoşulmasını onun cavabdehə aidiyyəti təsdiq edilməyən foto şəkillə təsdiq etməyə çaışır, lakin bu hal cavabdehin hadisəyə aidiyyətini sübut etmir. Üstəlik foto şəkildə əks olunan kənar xəttin cavabdehin mənzilinə daxil olması ilə bağlı sübutlar təqdim edilmədiyindən, həmin xətdən cavabdehin istifadə etməsi təsdiq olunmur.

30. İkincisi xx.xx.2022-ci il tarixdə tərtib edilmiş AKT-a əsasən hesablanmış zərərin abonentin hesabına guya həmin vaxt daxil edilmiş olması da şübhə doğurur. Çünki həmin zərərlə bağlı 2023-cü ilin oktyabr ayınadək abonentdən hər hansı məbləğ tələb edilməmişdir. Bu isə özlüyündə həqiqətən də olmuşdursa qanunsuz qoşulma faktının mövcudluğunu sübut etmək üçün çətinlik yaradır. Halbuki əgər belə bir hal varıydısa AKT-ın tərtib edildiyi vaxt abonentdən tələb edilmiş olsaydı, qanunsuz qoşulma ilə bağlı hallar daha səmərəli şəkildə araşdırıla bilərdi.

31. Odur ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.

32. Bundan əlavə iddiaçı cavabdehdən 2023-cü ilin sentyabr ayınadək olan 21.87 manat debitor borcunu tələb edir. Lakin iş materiallarından və elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlardan müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabrına qədər olan debitor borcla bağlı artıq hesablaşma aparılmış və abonentin 2023-cü ilin dekabr ayınadək debitor borcu qalmamışdır. Odur ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.

33. Bundan əlavə işin halları ilə müəyyən edilir ki, paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarı təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”-na istinad etməklə borc məbləğini hesablamışdır. Halbuki həmin qaydalarda qeyd edilmişdir ki, bu qaydalar Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Enerji resurslarında istifadə haqqında” Qanunlarına və Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarına əsaslanmaqla, qaz qurğuları və avadanlıqlarının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarına və bu sahəyə dair digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır və qaz təchizatı sahəsinin fəaliyyətini tənzimləyən hər hansı bir normativ-hüquqi aktı əvəz etmir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, bu qərar imzalandığı tarixdən qüvvəyə minir və müvafiq münasibətləri tənzimləyən normativ-hüquqi akt qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyata alınanadək qüvvədədir.

34. Halbuki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarından sonrakı tarixdə, yəni xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1” təsdiq edilmişdir.

35. Göründüyü kimi iddiaçının dəymiz ziyanın hesablanması ilə bağlı qaydaları nə normativ hüquqi akt, nə qeyri-normativ hüquqi akt, nə də ki normativ xarakterli akt deyildir və hər hansı hüquqi nəticə yaratmır.

36. Tətbiq edilən prosessual normalar:

37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

41. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

42. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar