Məhkəmə qərarları › İş №e-2(001)-764/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-764/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-764/2023 18.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6891,85 manat, faiz borcuna görə 324,28 manat və dəbbə borcuna görə 240,13 manat olmaqla, cəmi 7456,26 manat borcun və ödənilmiş 94,57 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sahil” filialı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi olmaqla, 36 ay müddətinə 10000 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 346,66 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Maliyyə arayışına əsasən Cavabdeh 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 6891,85 manat, faiz borcuna görə 324,28 manat, dəbbə borcuna görə 240,13 manat olmaqla, cəmi 7456,26 manat borcu vardır. Qeyd edilənlərə əsasən cavabdehdən 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6891,85 manat, faiz borcuna görə 324,28 manat və dəbbə borcuna görə 240,13 manat olmaqla, cəmi 7456,26 manat borcun və ödənilmiş 68,50 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, Bankdan kredit götürdüyünü, müəyyən məbləğdə ödənişlər etdiyini, maddi vəziyyəti ilə əlaqədar ödənişlərdə gecikmələrin olduğunu və iş məhkəməyə veriləndən sonra ödənişlər etdiyini bildirərək, cərimə borcunun azaldılmasını xahiş etmişdir. İddiaçı ASC “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6305,83 manat, faiz borcuna görə 474,49 manat və cərimə borcuna görə 858,68 manat olmaqla, cəmi 7639 manat borcun və ödənilmiş 96,39 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddia tələbinin həcminin dəqiqləşdirilməsinə” dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatı zamanı borclu ödəniş etmiş və eyni zamanda faiz və cərimə borcu artmışdır. xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh 30 iyun 2021ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 6305,83 manat, faiz borcuna görə 474,49 manat, cərimə borcuna görə 858,68 manat olmaqla, cəmi 7639 manat borcu vardır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin dəqiqləşməsi barədə ərizəyə münasibət bildirərək, məhkəmə gedişatında müəyyən ödənişlər etdiyini, hazırda əsas və faiz məbləğini qəbul etdiyini, cərimə məbləğini isə qəbul etmədiyini bildirmişdir. İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək onların iştirakı olmadan mülki işə baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, Bankdan kredit götürmüş olsa da, müəyyən vaxtda ödənişlər etmişdir. Hal-hazırda maddi imkanı olmadığına görə borcunu ödəyə bilmir. Lakin cərimə borcu məbləğləri şişirdildiyi üçün iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında istehlak məqsədilə 36 ay müddətinə, illik 15 faiz olmaqla 10000 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.14-cü bəndinə əsasən, borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə borc verən tərəfindən müqavilən müddəti ərzində “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxıtnda ödənilməmiş məbləğin 1(bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) həcmində cərimə tətbiq edilir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 9896 manat məbləğində pul vəsaitini almışdır. İş materiallarında olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Cavabdeh tərəfindən götürülmüş 10000 manat kreditin aylıq ödənişləri 346,65 manat olmaqla xx.xx.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsi üzrə 17 yanvar 2023-cü il tarixinə əsas borca görə 6305,83 manat, faiz borcuna görə 474,49 manat və cərimə borcuna görə 858,68 manat olmaqla, cəmi 7639 manat borcu vardır. İş materiallarında olan bildirişdən və onun ünvan sahibinə çatdırılması barədə qəbzdən görünür ki, cavabdeh 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 94,57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1 maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh 30 iyun 2021-ci il tarixli, XDNPU-05134 saylı Kredit Müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Digər tərəfdən, kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı 858,68 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 6305,83 manat əsas borc üzrə 858,68 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 858,68 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 (yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 30 iyun 2021-ci il tarixli kredit müqaviləsindən irəli gələn 6305,83 manat əsas borc, 474,49 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 6880,32 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 94,57 manat dövlət rüsumunun 86 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 8,57 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6305,83 (altı min üç yüz beş manat 83 qəpik) manat məbləğində əsas borc, 474,49 (dörd yüz yetmiş dörd manat 49 qəpik) manat faiz borcu və 100 (yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 6880,32 (altı min səkkiz yüz səksən manat 32 qəpik) manat məbləğində borc və 86 (səksən altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar