Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-764/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2133,52 manat məbləğində zərərin və 41,34 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2174,86 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 07/19-803 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2592 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərərdən cavabdeh 458,48 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 2133,52 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, sayğac 2023-cü ilin aprel ayından çıxarılıb. Çıxarılan sayğac İtron tipli G6 markalı smart sayğac olmuşdur. Quraşdırılan sayğac isə mexaniki sayğacdır. Çıxarılan sayğac dövlət yoxlamasından keçdikdə plastmas borusunun deşik olduğu aşkar edilmişdir. Plastmas boru deşildikdə, sayğacdan keçən təzyiz az olur. Belə olan halda isə həmişə istifadə edilən qazdan 50 % az istifadə edilir. Bu cür hallarla bağlı aidiyyəti orqanlara müraciətlər etsələr də, bu cür halların qarşısını almaq mümkün olmur. Sayğac çıxarılan zaman evdə yaşayış olub və ailə üzvlərindən bir xanımın iştirakı ilə bu baş tutub. Sayğacın çıxarılmasına əsas isə vətəndaşın qaynar xəttə yaranan nasazlıqla bağlı müraciəti olub.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, aktı gəlini imzalayıb. Oğlu Sumqayıtda işlədiyindən ailəsi ilə birlikdə orada yaşayır. Özü isə arada Türkiyədə, arada Bərdədə yaşayır. Demək olar ki, evdə daimi yaşayış yoxdur. Həmin ərəfədə qonşular gəlininə sayğacın ətrafında əməkdaşların olması barədə xəbər etmişlər. O da, baş verənlərdən xəbər almaq üçün evə gəlmişdir. Sayğacla bağlı hər hansı bir səbəbdən qaynar xəttə müraciət olunmayıb. Ondan borc tələb edildikdə, İddiaçı İB –nin idarəsində olmuş, əməkdaşlar ona bildirmişlər ki, sistem üzrə aylıq ödənişlərdə kəskin fərq var. Bu səbəbdən sayğaca müdaxilə faktında şübhələnməklə ona borc hesablanıb. Halbuki, həmin evdə yaşayış yoxdur. Ailəliklə yaşadıqları dövrdə qazdan istifadə üçün daha çox ödəniş etmişlər. Lakin hazırda qazdan istifadə edilmədiyinə görə az ödəniş edir. Hətta ona borcun hissə-hissə ödənilməsi də, təklif edilmiş, tərəfindən ayrı-ayrı vaxtlarda 500 manat olmaqla, 1000 manat ödəniş edilmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, 2020-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 9 ünvanında yaşamır. Onun böyük oğlum vəfat etmiş, oğlunun qızı Türkiyə Respublikasında Universitetə daxil olduğundan və nəvəsi ilə birgə Türkiyə Respublikasına getmişdir. Bundan başqa hazırda kiçik oğlu Sumqayıt şəhərində işlədiyindən tıxacla əlaqədar orada yaşayırlar. O və oğlu arabir evə baş çəkirlər. Heç vaxt sayğaca müdaxilə etməmişdir. Bununla belə İddiaçı İB-nin əməkdaşları mənə əsassız olaraq borc yazmışlar. Lakin buna baxmayaraq, ona yazılmış 2500 manat borc məbləğindən 1000 manat ödəniş etmişdir. Ev onun mülkiyyətindədir və evin çıxarışı vardır. Sayğac bayırda yerləşir. Əvvəllər ödəniş kartla olsa da, sonradan mexaniki sayğacla əvəz etmişlər. Ev 3 mərtəbəlidir, 2-ci mərtəbədən ümumiyyətlə istifadə olunmur. Evin 2-ci mərtəbəsindən rəhmətə gedən oğlu istifadə edirdi. Oğlu rəhmətə gedəndən evin 2-3-cü mərtəbələrindən istifadə olunmur. Hazırda təbii qazdan istifadəyə görə 90-100 manat arası ödənişlər edir. Evdə yaşamasalar da, evin təmirinin xarab olmamasına görə evdə daimi olaraq kombi yanılı olur. Bu səbəbdən keçən ay təbii qazdan istifadəyə görə 104 manat ödəniş etmişdir. Evdə bir ədəd kombidən və bir ədəd dördgöz qaz plitəsində istifadə olunur. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07/19- 803 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya **********00000 abonent kodu verilmişdir.
7. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, islehlakçı Cavabdeh məxsus Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi ünvanında G-6 İtron tipli, G-6 markalı 1805AZ**********15 nömrəli sayğac, çıxış plastmas borusunun deşik olması səbəbindən mexaniki tipli, G-6 markalı **********820821 nömrəli sayğacla əvəz edilmişdir. Aktın qeyd hissəsində çıxarılan sayğacın daşınan qutuyu qoyulub, plomblandığı göstərilir. Akt isə Aytən Sadıqova tərəfindən imzalanmışdır.
8. Sayğac 29 aprel 2023-cü il tarixdə BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş 29 aprel 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və bu barədə” MSK-14-2-2/3-5-4659/Q002 saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, baxış keçirilən 1805AZ**********15 seriya nömrəli, mexaniki göstəricisi 20303 kub.m olan sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusun deşilib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda -100 % nisbi xətayla işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi və plastmas boruda deşik aşkar edildi. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yarasızdır.
9. Bunun əsasında İddiaçı İB-nin BRQSD-nın Binəqədi üzrə qrup rəhbəri, mühəndis və çilingər tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii X2nın pozulması haqqında” ******* saylı AKT tərtib edilmişdir. Həmin akt-da 1805AZ**********15 seriya nömrəli sayğacın yoxlanıldığı, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə göstərilmişdir ki, sayğaca kamera vasitəsilə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanmalıdır.
10. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 30 aprel 2023-cü il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının maksimal qaz sərfi 10 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 21600 kub.m olduğu ehtimal edilmişdir.
11. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 2592 manat borc kimi abonentin koduna hesablanmışdır.
12. Abonentin saldosundan görünür ki, 2592 manat borc 2023-cü ilin aprel ayında abonentin saldosuna daxil edilmiş, 2023-cü ilin may ayında istehlakçı tərəfindən 500 manat ödəniş edilmiş və ay sonuna borc 2092 manat hesablansa da, daha sonra 2023-cü ilin iyun ayına olan 41,16 manat debitor borcu ilə toplanaraq, ay sonuna borc 2133,52 manat qeyd edilmişdir. İstehlakçı tərəfindən sonuncu dəfə islə 2023-cü ilin oktyabr ayında 500 manat ödəniş edilmişdir. Faktiki olaraq abonentin debitor borcu yoxdur və AKT-a əsasən yazılmış borcdan isə 1456,55 manat qalmışdır.
13. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kəndi inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 191 №-li arayışdan görünür ki, Cavabdeh hazırda Bərdə rayon Güloğlular kəndi İƏD üzrə Cəyirli kəndində yaşayır.
14. İcarəçi “X3” MMC ilə icarəyə verən Cavabdeh arasında bağlanan xx.xx.2024-cü il tarixli 01/24 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən ünvan 2 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 120 kv.m sahəsini aylıq icarə haqqı 500 manat olmaqla icarəçinin istifadəsinə verir, icarəçi isə icarəyə götürdüyü sahədən obyekt kimi istifadə edir.
15. İddiaçı cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsi səbəbindən istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulduğunu və vurulmuş ziyanın əvəzini tələb edir.
16. Cavabdeh tərəf isə iddianı ona görə əsassız hesab edir ki, istehlakçı kimi uzun müddətdir ki, həmin evdə yaşamır. Tərəfindən qaz sayğacına müdaxilə edilməmiş, qaz sayğacının dəyişdirilmə səbəbi ona məlum olmamışdır. Hətta quraşdırılan sayğaca görə də, razılıq verməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
18. Belə ki, iddiaçının tələbinin qanuni əsası hüquqazidd əməl nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Hansı ki, bu tələbin təsdiq edilməsi sübutetmə ilə bağlıdır və sübutetmə yükü iddiaçının üzərinə düşür.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X2nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixdə edilən dəyişikliyədək) 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan o nəticə doğur ki, zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
24. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar iddianın əsaslı hesab edilməsi üçün kifayət deyildir.
25. Əvvəla birliyin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş AKT-da sayğacın çıxarılma səbəbi kimi sayğacın çıxış plastmas borusunun deşik olduğu qeyd edilmişdir. Halbuki həmin qüsur xx.xx.2023-cü il tarixdə laboratoriya yoxlamasında kamera ilə sayğacın daxilinə baxış keçirilən zaman müəyyən edilmişdir. Yəni birliyin əməkdaşlarının kamera ilə aşkar edilməsi mümkün olan nöqsanları sayğac çıxarılan zaman vizual olaraq müəyyən etmələri inandırıcı deyildir. Bununla yanaşı Birliyin tabeliyində olan qurumda laboratoriya yoxlaması aparılmış olması da onun mötəbərliyini şübhə altına alır və abonentin hərəkətləri barədə təqzibedilməz faktlar əsasında inkar olunmaz qənaət yaratmır.
26. Bundan əlavə abonentin saldosundan müəyyən edilir ki, abonent qazdan istifadə ilə bağlı akt tərtib edilən vaxtadək də ödənişlər etmişdir və eyni zamanda onun ödənişlərinin əvvəlki illərlə müqayisədə az olması evdə yaşayışından olmamasından da irəli gələ bilər. Hansı ki, cavabdeh də məhz həmin əsaslandırmanı aparmış və bununla bağlı müvafiq sübutlar təqdim etmişdir.
27. Odur ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev