Məhkəmə qərarları › İş №e-2(001)-774/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-774/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-774/2023 30.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı ilə Səməd-zadə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Səməd-zadə X4 48 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 14000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 214762 nömrəli ölüm haqqında şəhatədnaməyə əsasən, borclu Səməd-zadə X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən borcalanın vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Bankın Nərimanov filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Səməd-zadə X3 xx.xx.2022-ci ilədək banka ödənilməmiş 8690 manat əsas borcu, 0,01 manat faiz borcu qalmışdır. Cavabdeh Səməd-zadə X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli 22-17658/2022 saylı bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Ona görə də Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********54 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASCnin xeyrinə əsas borca görə 8490 manat borcun və məhkəmə xərclərinə görə 107,30 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, mərhum anası vəfat etdiyi tarixdən onlar hissə-hissə banka olan borcu vicdanlı şəkildə ödəmişlər. Noyabr ayında borcu özü ödəmiş, sonuncu ödənişləri, yəni dekabr və yanvar ayının ödənişlərini isə dayısı ödəmişdir. Fevral ayından məhkəmə prosesi başladığından onlar ödəniş etməyi dayandırmışlar. Mirasın qəbul edilməsi üçün o, notariusa müraciət etmiş, müvafiq şəhadətnamə almış, 85 manat rüsumu ödəmədiyindən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı hələ almamışdır. İddia ərizəsində tələb olunan məbləği o, birbaşa ödəmək gücündə olmadığından barışıq sazişi əsasında banka aylıq 100-150 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 558. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Səməd-zadə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən borc verən borc alana 48 ay müddətində, xx.xx.2024-ci il tarixədək qaytarmaq, kreditdən istifadəyə görə illik 17% faiz ödəmək şərtilə 14000 manat kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.2-ci bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq borc verən tərəfindən borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1%-i həcmində penya hesablana bilər. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Səməd-zadə X5 arasında tərtib olunmaqla imzalanan xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 14000 manat, faiz borcuna görə 5389,98 manat olmaqla cəmi 19389,98 manat borcu borcalan borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2022-ci il tarixli 3188 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Səməd-zadə X3 xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 8690 manat, faiz borcuna görə 0,01 manat borcu vardır. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Səməd-zadə X3 xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 8490 manat borcu vardır. Bakı şəhər 29 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1340 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Səməd-zadə X2 miras qalmış əmlaka dair Azərbaycan Respublikasının vətəndaşı olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi 1 saylı evin, 17 saylı mənzilində qeydiyyatda olan oğlu Cavabdeh xx.xx.2021-ci ildə Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat ofisinin notariusu X1 tərəfindən V-77/2021 nömrə ilə vərəsəlik işi açılmış,vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 22-17658/2022 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə Səməd-zadə X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, bankın ona olan 8490 manat borc tələbin qəbul edir və hər ay həmin məbləğdən 100-150 manat civarında ödəməyə hazırdır. İddiaçı əsas borca əlavə faiz, komissiya və xərc hesablamasa barışıq sazişi əsasında banka hər ay 150 manat ödəyəcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1613 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə Səməd-zadə X3 xx.xx.2023-cü il tarixə əsas borcu 8490 manat, faiz borcu 1935,95 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, bank tərəfindən xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır və tədqiqat zamanı hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmışdır. Rəydən daha sonra müəyyən olunur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, kreditor borcalan mərhum Səməd-zadə X3 xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını mirasqoyanın mirası qəbul edən birinci dərəcəli vərəsəsi olan Cavabdeh tələb etmiş, lakin cavabdeh müqavilə tərəflərinin şərtləşdiyi qaydada tələbi icra etməmiş, nəticədə iddiaçıya əsas borca görə 8490 manat borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiklərindən iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hala münasibət bildirib qeyd edir ki, cavabdehin təklif etdiyi qaydada borcun hissə-hissə qaytarılması barədə tərəflər arasında qarşılıqlı razılıq olmadığından, belə razılığın olmaması cavabdehi öhdəliyini icra etməkdən azad edən hal olaraq qəbul edilə bilməz. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********54 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 8490 manat, məhkəmə xərclərinə görə 107,30 manat olmaqla cəmi 8597,30 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar