Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7779/2025 05.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh MMCyə qarşı “pul” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən onunla Cavabdeh MMC arasında bağlanmış 22 iyun 2024-cü il tarixli İcarə müqaviləsi üzrə öhdəliklərinin cavabdeh tərəfindən pozulması nəticəsində 45 gün sonra boşaldılaraq təhvil verilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 22A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə ödənilməmiş 12000 manat, həmin müddət ərzində obyektin icarəyə götürülməsinə görə edilmiş digər təklifin həmin obyektin vaxtında Cavabdeh MMC tərəfindən boşaldılmaması və təhvil verilməməsinə görə əldən çıxmış gəlir (fayda) qismində iki aya görə 20000 manat, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 300 manat, habelə mövcud 5,6% inflyasiya nəzər alınmaqla 672 məbləğində, ümumilikdə 32972 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (iddiaçı) ilə Cavabdeh MMC (cavabdeh) arasında bağlanmış 22 iyun 2024-cü il tarixli İcarə müqaviləsinə və Tərəflərin qarşılıqlı razılaşmasına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 22A ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən hər ay 8000 manat icarə haqqı ödənilməklə 1 il müddətinə, yəni 22 iyun 2025-ci il tarixədək icarəyə götürülmüşdür. Tərəflər arasında mövcud olan razılaşmaya əsasən aylıq icarə haqqı 8000 manat məbləğində müəyyən edilsə də cavabdeh tərəf Cavabdeh MMC-in təşəbbüsü və xahişi ilə ödəniləcək vergiləri nəzərə almaqla müqavilədə 1000 manat məbləğində əks olunması təsbit edilmişdir. Lakin müqavilənin şərtləri pozulmaqla MMC tərəfindən həmin obyekt nəzərdə tutulmuş müddətdə deyil, yalnız 06 avqust 2025-ci il tarixdə, yəni müqavilədə nəzərdə tutulmuş tarixdən 45 gün sonra boşaldılaraq icarəçi və mülkiyyətçi İddiaçı təhvil verilmişdir. Qeyri-yaşayış sahəsi vaxtında təhvil verilmədiyindən və müqavilə öhdəlikləri lazımi səviyyədə icra edilmədiyindən İddiaçı ciddi maliyyə itkiləri və zərərlə üzləşmişdir. Belə ki, cari ilin iyun və iyul aylarında barəsində qeyd olunan qeyri-yaşayış sahəsini aylıq 10000 manat qarşılığında icarəyə götürmək istəyən potensial icarəçilər həmin obyektin Cavabdeh MMC tərəfindən vaxtında boşaldılmaması və təhvil verilməməsi səbəbindən icarəyə verənə verdikləri təklifdən imtina etmişlər. Bundan başqa obyektin müqavilə şərtlərini pozmaqla 45 gün sonra boşaldılması icarəyə verən İddiaçı qarşı cavabdeh tərəfdən, yəni Cavabdeh MMC-dən həmin günlərə mütənasib olaraq aylıq icarə haqqına uyğun ödəniş tələb etmək hüququnu yaratmış olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3-cü maddəsinə əsasən icarə müddəti 22 iyun 2025-ci il tarixədək müəyyən edilir. Həmin müqavilənin 9-cü bəndinə görə tərəflərin razılığına əsasən İcarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Obyektin boşaldılması və təhvil verilməsi, habelə vaxtında boşaldılmamasına görə ödəniş tələbi barədə 18 iyul 2025-ci il tarixdə Cavabdeh MMC-yə İddiaçı tərəfindən müvafiq məzmunda məktub ünvanlansa da həmin məktuba da hər hansı cavab verilməmişdir. Bundan başqa, cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri yoxlayaraq hesab edirəm ki, irəli sürülən tələb kommersiya mübahisəsindən irəli gəldiyindən iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməz və iddia ərizəsi aşağıda sadalananlara əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. İddia əizəsinin mahiyyətindən və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə vergi ödəyicisidir. Mübahisə isə icarə müqaviləsi əsasında Cavabdeh MMC-nin İddiaçı icarəyə götürdüyü qeyri-yaşayış sahəsi ilə bağlıdır. Göründüyü kimi mübahisə hər iki tərəfin birgə və ya ayrı-ayrılıqda həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən kommersiya mübahisəsi hesab edilir və işə ümumi məhkəmədə baxıla bilməz. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ödənilmiş 188,92 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi, o cümlədən ödənilmiş 188,92 (yüz səksən səkkiz manat, doxsan iki qəpik) manat (qəbz nömrəsi: **********, tarix xx.xx.2025) məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(001)-7779/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7779/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver