Məhkəmə qərarları › İş №e-2(001)-783/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-783/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-783/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9109/8226 nömrəli icarə müqaviləsi üzrə 3763.06 manat və 9110/7673 nömrəli icarə müqaviləsi üzrə isə 3207.84 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X7 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, xx.xx.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.6 kv. metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 9109/8226 nömrəli; 2. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.1 kv. metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli, 9110/7673 nömrəli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. 9109/8226 nömrəli və 9110/7673 nömrəli icarə müqavilələrinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Beləliklə, cavabdehin xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə ödənilməli olan 9109/8226 nömrəli icarə müqaviləsi üzrə 3763.06 manat və 9110/7673 nömrəli icarə müqaviləsi üzrə isə 3207.84 manat icarə haqqı borcu vardır. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə xx.xx.2023-cü il tarixli, 3-21-3/2-8755/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-21-3/2-8959/2023 nömrəli xəbərdarlıq məktubları ilə müraciət edilməsinə baxmayaraq icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmiş və həmin Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti, tərəflər buna etiraz etmədiyindən uzadılmışdır. Müqavilə üzrə sonuncu ödəniş 2016-cı ildə olub.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin qeyd etdiyi 102 kv.metr qeyri-yaşayış sahəsinin cavabdehə verilən qeyri-yaşayış sahəsi ilə heç bir aidiyyəti yoxdur. Tərəflərindən cavabdehə iki qeyri yaşayış sahəsi verilib və cavabdeh bununla bağlı icarə müqaviləsini imzalayıb. Cavabdeh qeyri-yaşayış sahələrini təhvil almamış olsa idi, icarə haqqını ödəməzdi. Lakin cavabdeh 2016-cı ilin sentyabr ayınadək icarə haqqı ödəyib. Cavabdeh tərəfindən İcarə haqqında Azərbaycan Respublikasının 7-13-cü maddələrinin tələblərini pozub. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İcarə haqqında Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə əsasən icarə müqaviləsi avtomatik olaraq uzadılır. Cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə icarə haqqını ödəyib.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, aralarında olan müqaviləsinin 8.1,8.3,8.6-cı maddələrinə əsasən əgər o, müqavilə üzrə ödənişlər etməmişdirsə, qarşı tərəf müqaviləni poza bilərdi. Həmin obyektdən 1 dəqiqəlik belə, istifadə etməmişdir. Orada olan kənar şəxsin çıxarılmasını, boş yerin ona verilməsini xahiş etsə də, bu xahişi təmin edilməmişdir. İddiaçı icarə haqqının ödənilməsi üçün ona hesab vermişdir ki, müqavilə üzrə ödənişlərini həmin hesaba etmişdir. İcarə obyektini vəd etdikləri kimi ona təhvil vermədiklərindən icarə haqqını ödəməmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 2016-cı ildə rəhbərlik etdiyi Demokratiya və İnsan Hüquqları Komitəsi üçün ofis verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş rəisi Kərəm Həsənovla və Rafiq Cəlilovla danışıqlar aparmışdır. Rafiq Cəlilov mənə Əmlak Məsələləri Dövlət Xidmətinin ikinci mərtəbəsində yerləşən otaqda müqavilə bağlamağı bildirdi. O isə xx.xx.2016-cı il tarixdə Dövlət əmlakının (qeyri yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mənə təmirsiz olan ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsini şifahi olaraq verilmişdir. Belə ki, onunla Əmlak Məsələləri Dövlət Xidməti arasında qeyri yaşayış sahəsinin verilməsi barədə təhvil təslim aktı tərtib olunmamışdır. Qeyri yaşayış sahəsi 1 dəhlizdən və 4 otaqdan ibarətdir. Birinci otaqda X5 dərzi fəaliyyəti ilə məşğul olduğu və orada da yaşadığı məlum olmuşdur. Həmin şəxs onu çox emosional və hirsli qarşılamışdır. Belə olan halda obyektdən dərhal çıxaraq bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verdim, Xidmətin işçisi həmin şəxsin yaxın vaxtlarda çıxacağını bildirmişdir. Təxminən 1 ilə yaxın icarə haqqı ödəməyinə baxmayaraq həmin şəxs oradan çıxmamış, əksinə digər üç otağı da başqa şəxslərə icarəyə vermişdir. Özü qeyri-yaşayış sahəsindən bir gün belə istifadə etməmişdir. Dəfələrlə Əmlak Məsələləri Dövlət Xidmətinə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini bildirsə də, Xidmətin işçiləri qeyri-yaşayış sahəsini ona verəcəklərini vəd etsələr də, vədlərinə əməl etməmişdirlər. Belə olan halda Əmlak Məsələləri Dövlət Xidmətinə gedərək qeyri-yaşayış sahəsindən imtina etmişdir. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə şifahi məlumat vermişdir. Ona pretenziya məktubu isə bu ilin 24-də poçt vasitəsilə göndərilib. Ona ünvanlanmış məktubda qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlayaraq rəhbərliklə onunla əlaqə saxlamalarını bildirsə də, ona əlaqə saxlanılacağı bildirilsə də, zəng olunmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, həmin qeyri yaşayış sahəsi X4 məxsusdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X11 və digər 4 nəfər şəxs həmin qeyri yaşayış sahəsindən çıxarılmışlar. X11 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda ona sonradan məlum olmuşdur ki, hətta X5 qeyri-yaşayış sahəsində işıqdan istifadə etdiyinə görə "xxxx" ASC-yə 3000 manat borcu da yaranmışdır. Bundan əlavə suala cavab olaraq bildirdi ki, ona müqavilə bağlanandan 3 ay sonra qeyri-yaşayış sahəsinin satışa çıxarılacağı və istədiyi təqdirdə ala biləcəyi bildirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh arasında bağlanan dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 9110/7673 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən xx.xx.2015-ci il tarixli, 73 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.1 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon MKTB balansında olan qeyri yaşayış sahəsini xx.xx.2016-cı il tarixdən, xx.xx.2016-cı il tarixədək aylıq icarə haqqı 137,48 manat olmaqla icarəyə verir. Müqavilənin 8.1-ci maddəsinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə, bu icarəçinin müqavilənin icrasından imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. 8.2-ci maddəsinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. 8.3-cü maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:- tərəflərin razılığı ilə, - icarəçi icarəyəverəni bir ay qabaqcadan xəbərdar etməklə icarə müqaviləsi üzrə münasibətlərdən imtina etdikdə, - icarəçi müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda və s. 8.6-cı maddəsinə əsasən icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “icarəçinin” müraciəti əsasında “icarəyəverən” tərəfindən baxılır.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maliyyə və Təminat şöbəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixdə xitam verilmiş 7673,9110 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixində alınmış şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh oğlu tərəfindən 7673,9110 nömrəli müqavilə üzrə ümumilikdə 2636,70 manat icarə haqqı ödənilmiş, 3207,84 manat borcu yaranmışdır.

9. İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh arasında bağlanan dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2016-cı il tarixli 9109/8226 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən xx.xx.2015-ci il tarixli, 73 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57,6 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon MKTB balansında olan qeyri yaşayış sahəsini xx.xx.2016-cı il tarixdən, xx.xx.2016-cı il tarixədək aylıq icarə haqı 161,28 manat olmaqla icarəyə verir. Müqavilənin 8.1-ci maddəsinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə, bu icarəçinin müqavilənin icrasından imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. 8.2-ci maddəsinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. 8.3-cü maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:- tərəflərin razılığı ilə, - icarəçi icarəyəverəni bir ay qabaqcadan xəbərdar etməklə icarə müqaviləsi üzrə münasibətlərdən imtina etdikdə, - icarəçi müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda və s. 8.6-cı maddəsinə əsasən icarə müqaviləsinin müddəti başa çatdıqda onun yeni müddətə uzadılması məsələsinə “icarəçinin” müraciəti əsasında “icarəyəverən” tərəfindən baxılır.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maliyyə və Təminat şöbəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixdə xitam verilmiş 8226,9109 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixində alınmış şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh oğlu tərəfindən 7673,9110 nömrəli müqavilə üzrə ümumilikdə 2128 manat icarə haqqı ödənilmiş, 3763,06 manat borcu yaranmışdır.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sonuncuya xx.xx.2016-cı il tarixli 9110/7673 saylı icarə müqaviləsinin ləğv edilməsi və xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə 3207,87 manat məbləğində icarə haqqının yaranması barədə məlumat verilmiş və 7 gün müddətində borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sonuncuya xx.xx.2016-cı il tarixli 9109/8226 saylı icarə müqaviləsinin ləğv edilməsi və xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə 3763,06 manat məbləğində icarə haqqının yaranması barədə məlumat verilmiş və 7 gün müddətində borcun ödənilməsinin təmin edilməsi barədə xəbərdarlıq edilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3461/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X8 cavabdehlər X9, X3, X6, X1 və X10 qarşı “qeyri-yaşayış sahəsinindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq X4 təhil verilməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1089/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X11 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3461/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin X9 münasibətdə təmin edilməməsi qət edilmişdir. Bundan başqa qətnamədə göstərilir ki, məhkəmə iclasında iştirak edən cavabdeh X11 izahatında 20 ildir həmin sahədə yaşadığını və yaşadığı sahənin alğı-satqısından məlumatının olmadığını qeyd edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında eyni tarixdə iki icarə müqaviləsi bağlanmışdır.xx.xx.2016-cı il tarixli 9110/7673 saylı icarə müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.1 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon MKTB balansında olan qeyri yaşayış sahəsini və xx.xx.2016-cı il tarixli 9109/8226 saylı icarə müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57,6 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon MKTB balansında olan qeyri yaşayış sahəsini xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixinədək müvafiq olaraq aylıq 137.48 və 161.28 manata icarəyə vermişdir.

16. Həmin qeyri-yaşayış sahələrinin icarəçiyə təhvil verilməsi müəyyən edilmir. İcarəçi 9110/7673 saylı icarə müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2016-cı il tarixdə, 9109/8226 saylı icarə müqaviləsi üzrə də sonuncu dəfə xx.xx.2016-cı il tarixdə icarə haqqı ödəmişdir.

17. İcarə haqqı üzrə ödənişlərin 2015-ci il tarixdən başlanması ilə bağlı şəxsi hesab vərəqində məlumatlar mövcuddur.

18. İddiaçı iddia edir ki, müqavilə müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə baxmayaraq, tərəflər arasında bağlanmış icarə müqavilələrinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir və həmin tarixə olan icarə üzrə borcları da tələb edir.

19. Cavabdeh isə qeyri-yaşayış sahəsinin ona təhvil verilməməməsinə baxmayaraq, müəyyən müddət üçün icarə haqqı ödədiyini etiraf edir, lakin bunu onunla əsaslandırır ki, güman etmişdir ki, icarəyəverən əmlakları ona yaxın zamanlarda təhvil verəcəkdir və nəticədə o həmin qeyri-yaşayış sahələrindən istifadə edəcək və gələcəkdə özəlləşdirməyə çıxarmaq üçün hüquqi əsas əldə edəcəkdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

22. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

23. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

24. 704.1-ci maddəsinə əsasən əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

25. 704.2-ci maddəsinə əsasən icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.

26. “İcarə Haqqında” Azərbaycan Respublikası Qanununun:

27. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir.

28. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

29. 13.4-cü maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.

30. 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

31. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqavilələrinin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir və müqavilənin şərtinə əsasən isə icarəçinin müqavilənin yeni müddətə uzadılması ilə bağlı müraciəti olmamışdır. Bunun əksini isə iddiaçı sübut edə bilmir. Odur ki, iddiaçının tərəflər arasında bağlanmış icarə müqavilələrinə xx.xx.2018-ci ildə xitam verilməsi ilə bağlı dəlilləri əsassızdır, çünki müqaviləyə artıq xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. Bu səbəbdən də iddiaçının müqavilə münasibətlərində olmadığı müddət üçün cavabdehdən icarə haqqı tələb etməsi əsassız hesab edilməlidir.

32. Bununla yanaşı icarə predmetinin ümumiyyətlə icarəçiyə təhvil verilmiş olması da işin halları ilə müəyyən edilmir. Belə ki, cavabdehin həmin məsələ barədə dəlilləri tədqiq edilmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapır. Bu səbəbdən də məhkəmə cavabdehin icarə obyekti təhvil verilməsə də icarə müqaviləsi müddətində icarə haqqı ödəməsi ilə bağlı mülahizələrini əsaslı və inandırıcı hesab edir.

33. Belə ki, MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına gprə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onlar əsasında nəticəyə gəlməsini ehtiva edir.

34. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür.Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Tətbiq edilən prosessual normalar:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

36. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

37. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

39. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

40. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

41. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar