Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-795/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böykşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı ərazidə olan yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın "Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 120ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətyani ərazidə yeni otaq tikilisi faktları aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə ve digər təyinatlı obyektlerin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddenin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər tayinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış ve xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları'na asasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara asasən "Neft Kəmərləri İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol ve ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot ve samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq va su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması ve yığılması c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor ve mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) "Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilmesi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir". AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahesinde ve ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər." Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böykşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və həyətyanı ərazidə olan yeni otaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, cavabdehin təqdim etdiyi torpaq sahəsinin ayrılması barədə Bələdiyyə qərarı, əslində həmin qərarla ayrılan torpaq sahəsinin hazırda mübahisələndirilən torpaq sahəsinin olub-olmamasını sübut etmir.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ev yoldaşının adınadır. Həmin ev ona məxsus deyildir. İddiaçıya məlumdur ki, o ərazidə evlərin hamısı sənədsizdir. 9 ildir ki, orada yaşayır və evində heç bir tikinti aparılmamışdır. Evdə mətbəx belə tikilməyib. Əvvəllər daha çətin şəraitdə vaqon şəraitində yaşamışlar. Lakin sonradan 2021-ci ildə evində təmir işləri aparmışdır. Həmin evi hazır vəziyyətdə almışlar və alınan zaman ev iki otaqdan ibarət olmuşdur. Ev kəmərdən 7 metr aralı məsafədə yerləşir. Evinə görə ayrılmış torpaq sahəsi üçün ləğv edilməmiş Bələdiyyə qərarı vardır. Özləri şəhid ailəsidirlər. Onların hasarını gecə vaxtı gəlib sökmüşlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandosunun qarovul rəisi X10, qaravul rəisi əvəzi X11 və atıcı X15 iştirakı ilə tərtib edilən 16 iyul 2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə 8 saylı qarovulun 1-ci iş növbəsində 13-14 saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1) Şirvan- Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin həyətyanı sahəsində 4 metr enində, 4 metr uzunluğunda və 3.40 metr hündürlüyündə yeni otaq tikintisi aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah olunaraq iş dayandırılmışdır.
7. Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti memarının razılığına əsasən, Bakı şəhər sakini X2 əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə satılması haqqında 1270 saylı, xx.xx.2004-cü il tarixli qərarından görünür ki, BRİH-yi memarının razılığını nəzərə alaraq, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün alğı-satqı yolu ilə X2 ayrılması qərara alınmışdır.
8. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 189 saylı qərarından görünür ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 1270 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə vətəndaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılmış 600 kv.m torpaq sahəsindən 375 kv.metri öz adında qalmaqla, 255 kv.m torpaq sahəsinin onun adından notarial qaydada razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X3 adına keçirilməsi məqsədilə Biləcəri Bələdiyyə üzvlərinin ümumi iclasının 11 saylı xx.xx.2014-cü il tarixli protokoluna əsaslanaraq, Bakı şəhəri Biləcəri Bələdiyyəsini 1270 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə vətədaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılmış 600 kv.m toraq sahəsindən 375 kv metri öz adında qalmaqla, 225 kv.m torpaq sahəsi onun adından notarial qaydada razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün Ağstafa rayonu, Eynallı kənd sakini vətəndaş X3 adına keçirilməsi və qərarın bir nüsxəsinin X2 verilməsi və s. qərara alınmışdır.
9. 17 dekabr 2015-ci il tarixli torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixində Bakı şəhəri Biləcəri bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, Biləcəri bələdiyyəsi ərazisində 225.0 kv.m torpaq satılması barədə 24 noyabr 2014-cü il tarixli 189 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X8 tərəfindən Binəqədi rayon BUSB Bankının ********** saylı hesabına əvvəlcədən haqq ödənilmişdir.
10. X4 tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinidə yazılan **********662 saylı ərizədən görünür ki, o, Azərbaycan Respublikası Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən ona ayrlmış 375 kv.m torpaq sahəsinin istifadəsinə ehtiyacının olmadığını və həmin torpaq sahəsindən imtina etdiyini bildirmişdir. Torpaq sahəsinə dair Bələdiyyə ilə bağladığı müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin torpaq sahəsinin X5 adına rəsmiləşdirilməsinə etiraz etmir.
11. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Cavabdehin yaşadığı, lakin onun əri X6 məxsus olan və neft kəmərinin mühafizə zolağında yerləşən tikili iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir. Tikilinin cavabdehin ailəsinin faktiki sahibliyində olması iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş akt-la və cavabdehin öz izahatları ilə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən cavabdeh də, izahatında tikilinin neft kəmərindən 7 metr məsafədə yerləşməsini və hüquqmüəyyənedici sənədinin olmamasını təsdiq etmişdir.
13. Lakin həmin tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 1270 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə vətəndaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılmış 600 kv.m torpaq sahəsindən, X4 ilə X8 arasında olan notarial razılaşmaya əsasən 255 kv.m torpaq sahəsinin sonuncunun fərdi yaşayış evinin tikintisi üçün Biləcəri Bələdiyyə üzvlərinin ümumi iclasının 11 saylı xx.xx.2014-cü il tarixli protokoluna əsaslanaraq, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 189 saylı qərarı ilə X3 adına keçirilmişdir.
14. Məhkəmə tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə iddiaçı tərəfə təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdeh əsl cavabdehlə əvəz edilmədiyindən, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi)qanunla qadağ an olunur.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğul arın sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndində qeyd olunmuşdur ki, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır:a) hər hansı tikinti və quraşdırma işləri;b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması;c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması;ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması;d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri;e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri.
20. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1.-ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi- Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1.İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2. "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyata keçirməlidirlər. Bu şərtlər Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir.
22. “X17rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.
23. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X9rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116).
24. “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.
25. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikilinin həqiqətən Şirvan-Böyükşor DS-500 mm-lik magistral neft kəmərinin 120-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5-7 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşməsi tərtib edilmiş aktlarla və cavabddehin izahatı ilə öz təsdiqini tapır.
26. Məhkəmə mübahisəyə ilk növbədə mülkiyyət və ya gözlənilən mülkiyyət hüququ, daşınmaz əmlaka hüquqların əmələ gəlmə əsasları, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü, özbaşına tikililərin aqibəti və.s baxımından qiymət verilməsinin zəruriliyi qənaətinə gəlir.
27. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri).
28. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir.
32. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur.
33. Mülki Məcəllənin 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
34. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.
35. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir.
36. Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X12rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).
38. Bununla yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında “gözlənilən mülkiyyət” anlayışı təsbit olunmuşdur.
39. Belə ki, Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.
40. “X17rşı" qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
41. “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ’’mülkiyyət” kimi qiymətləndirilə bilər.
42. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil.
43. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ’’mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin.
44. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qeyd olunan qərarlarında ifadə etdiyi hüquqi mövqe bundan ibarətdir ki, əgər qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tuturlarsa, “gözlərini yummaq” üçün susurlarsa və bununla vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin ev ümumi anlamda şəxsin mülkiyyətində olan əmlak kimi qəbul edilməlidir.
45. Bu baxımdan yanaşdıqda nə qədər ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili köhnədən inşa edilmiş, Cavabdeh və ailə üzvləri mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, torpaq sahəsi ayrılan X3 və ya ərarvadın ümumi mülkiyyəti kimi cavabdehin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməlidir.
46. Belə ki, Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X12rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115).
47. Bundan başqa Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı).
48. Bundan əlavə Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il).
49. İstinad olunan qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Məhkəmə qeyd etmişdir ki, bu şikayət nə açıq-aşkar əsassızdır, nə də Konvensiyanın 35-ci maddəsində sadalanan hər hansı digər əsaslara görə qəbuledilməzdir. Buna görə də o, məqbul elan edilməlidir. Bununla bağlı məhkəmənin əsaslandırması belə olmuşdur: Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X7rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırki işin vəziyyətində Məhkəmə bu müdaxilənin “Azneft”in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50., AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53).
50. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri). Hökumət ərizəçinin daxili qanunvericiliyə uyğun olaraq digər hüquqi müdafiə vasitələrindən istifadə etməklə onun çıxarılmasının mütənasibliyinə dair lazımi ekspertiza əldə edə biləcəyini iddia etməmişdir. Düzdür, daxili qanunvericilik ümumilikdə məhkəmələrdən qanuni qüvvəyə minmiş qərarın icrasının təxirə salınmasını və ya məhkəmə icraçılarının qərarın icrasının təxirə salınmasını tələb etmək imkanını nəzərdə tutmuşdur. Bununla belə, müvafiq presedent hüququna istinadlarla dəstəklənən bu ehtimalın münasibliyinə aid inandırıcı dəlillər olmadığına görə Məhkəmə belə nəticəyə gəlməlidir ki, ərizəçi bu yoldan istifadə etsə belə, onun əldə edə biləcəyi yeganə şey evdən çıxarılması qərarının mütənasibliyinin hərtərəfli yoxlanılmasının təsirlərindən daha çox müvəqqəti möhlət olarmış. (yuxarıda adı çəkilən İvanova və Çerkezovla müqayisə edin, § 57). Nəhayət, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da iddia edilməmişdir. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda, hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi onların sığınacaqda yerləşdirilməsinin qəbul edilən olacağını da iddia etməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir.
51. İstinad olunan qərardan daha sonra müəyyən olunur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.
52. Bununla yanaşı tikilinin ər-arvadın ümumi birgə vəsaiti hesabına əldə edilibedilməməsi mübahisə predmetini təşkil etməsə də, torpaq sahəsinin cavabdehin yox onun ərinə ayrılması mübahisə doğurmur.
53. Belə ki, məhkəmə araşdırması dövründə müəyyən olunmuşdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi-1 ünvanında yerləşən tikili üçün torpaq sahəsi cavabdehin əri X6 alqı-satqı edilmişdir. İddiaçı isə bu faktı məhkəmə prosesi zamanı müəyyən etməsinə baxmayaraq, əməkdaşlarının tərtib etdiyi akta istinad edərək həmin şəxsi əsl cavabdeh olaraq əvəz etməmişdir. Eyni zamanda iddiaçı tərəf Bələdiyyə Qərarı əsasında ayrılmış torpaq sahəsinin sökülməsi tələb edilən tikilinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə şübhə ilə yanaşmışdır. Hansı ki, analoji işlər üzrə məhkəmə praktikasından məlumdur ki, Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin çertyojları hər hansı istinad nöqtələrinə əsaslanmadığından ekspertiza tədqiqatı aparılması mümkün olmur. Bu baxımdan yanaşdıqda o qənaət formalaşır ki, iddiaçının şəxsin(Cavabdeh) əsl cavabdeh olması ilə bağlı mücərrəd əsası, sökülməsi tələb edilən tikilinin Bələdiyyənin qərarında göstərilən torpaq sahəsində yerləşməsi ilə bağlı mücərrəd çertyoju ilə mahiyyət baxımından eynilk təşkil edir. Yəni necə ki, iddiaçı tikilinin Cavabdeh məxsus olmasına istinad edirsə, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin də Bələdiyyə Qərarı ilə ayrılan torpaq sahəsi üst-üstə düşməsi mücərrəd fakt olaraq eyni mahiyyət daşıyır. Çünki işin mübahisəsiz halı nə tikiliyə, nə də torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin yoxluğudur. Buna baxmayaraq iddiaçı nə tikilidə, nə də torpaq sahəsində mövcudluğuna hüquqi əsası müəyyən edilməyən, yalnız iddiaçının əməkdaşlarının həmin torpaq sahəsində olduğunu müşahidə etdiyi şəxsə qarşı iddiasını da məhkəmə prosessual baxımından əsaslı hesab etmir. Çünki iddiaçı məhkəmə prosesi zamanı ən azından torpaq sahəsinin ayrıldığı şəxsi müəyyən etmiş, cavabdeh kimi cəlb etdiyi şəxs də bu faktı təsdiq etmişdir. Əks yanaşma iddiaçının AKT tərtib edilən zaman evdə olan istənilən şəxsə(qohum, qonaq və.s) qarşı tələb irəli sürmək hüququnun mümkünlüyünün təsdiqi hesab edilərdi.
54. Məhkəmə həmçinin bu əsasla da iddia tələbinin əsassız olduğu qənaətinə gəlir.
55. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
56. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
57. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Tətbiq edilən prosessual normalar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
58. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
59. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
60. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
62. Beləliklə, məhkəmə hesab edir ki, SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi”nə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi”nə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev