Məhkəmə qərarları › İş №e-2(001)-801/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-801/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-801/2023 18.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə 18 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 13 iyul 2021-ci il tarixli, CC/71671/81/10 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə yaranmış 11309,03 manat əsas, 2172,5 manat faiz borcunun, 459,89 manat cərimə borcunun, cəmi 13941,42 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manatın bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında 13 iyul 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 22 faizlə 36 ay müddətinə 13000 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh götürmüş olduğu krediti faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. Bank tərəfindən müqavilənin ləğvi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilmiş, lakin, cavabdeh tərəfindən borcun ödənilməsi qaydaya salınmamış, buna görə də, bank hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda V.A.Həsənova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərdi ki, o, banka borclu olduğunu etiraf edir. Lakin, krediti götürdükdən bir müddət sonra Azərbaycan Respublikasının səhərlərinin bütövlüyü uğrunda döyüşlərə qatılmış, döyüşlərlə yaralanmış, müharibə bitdikdən sonra işləyə bilməmiş, beləliklə, borc yığılmışdır. Bank tərəfindən borcun ödənilməsi ilə bağlı ona güzəştlər tətbiq olunarsa, borcu hissə-hissə olmaqla qaytara bilər. İş materiallarında olan: - 13 iyul 2021-ci il tarixli, CC/71671/81/10 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. - 28 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə həmin tarixə 11309,03 manat əsas, 2172,5 manat faiz, 459,89 manat cərimə borcu müəyyən olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh 13 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 13 iyul 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən, ondan əsas və faiz borcunun iddia tələbində göstərilən məbləğdə tutulmasına əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 11309,03 manat məbləğində əsas borca 459,89 cərimə borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği azaldılaraq 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 132 manat məbləğində pul vəsaitinin 125 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli, CC/71671/81/10 saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 11309,03 manat əsas, 2172,5 manat faiz, 150 manat cərimə borcu olmaqla, ümumilikdə 13631,53 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 125 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar