Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-829/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4740.17 manat əsas, 602.92 manat cari faiz borcu və 406.11 manat cari dəbbə borcu olmaqla, cəmi 5749.20 manat, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78,40 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli BAKU1-81576-24456 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 27% faizlə 36 ay müddətinə 5000.00 (beş min) manat kredit verilmiş və kreditin aylıq 205.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 23 aprel 2024-cü il tarixli, BAKU1-81576-24456+BAKU1-85585 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 15 oktyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 4740.17 manat əsas borc 602.92 manat cari faiz borcu və 406.11 manat cari dəbbə borcu olmaqla, cəmi 5749.20 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 iddianı qəbul etmədi, bankla müqavilə bağlanmasında iştirak etdiyini, hərbçi olduğundan və mütəmadi qazancı olduğundan digər cavabdehə zamin durmasını və bu səbəbdən də əsas borclu kimi pulun da digər Cavabdeh1 tutulmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də zərf bu ünvanda yaşamır qeydi ilə geri qatarılmışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 yanvar 2024-cü il tarixli, BAKU1-81576- 24456 saylı müqavilədən və ödəniş qrafikindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik 27% faizlə 36 ay müddətinə 5000.00 (beş min) manat kredit verilmiş və kreditin aylıq 205.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, BAKU1-78435-23741+BAKU1-78437 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən borcalan Cavabdeh1 bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün kreditor qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıdığını qəbul etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 4740,17 manat əsas borc, 602,92 manat faiz borcu, 406,11 manat cərimə borcu olmaqla, cəmi 5749,20 manat məbləğində borcu mövcuddur. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 19 yanvar 2024-cü il tarixli BAKU1-81576-24456 saylı kredit müqaviləsi üzrə 4740,17 manat əsas borcu, 510,49 manat faiz borcu və 279,13 manat dəbbə borcu olmaqla, cəmi 5529,79 manat borcunun yaranması barədə məlumatlandırılmış və onlardan 5 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən iddiaçının cavabdehlərə ünvanladığı pretenziya həddində təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 yanvar 2024-cü il tarixli, BAKU1-81576-24456 saylı müqavilə ilə 4740,17 manat əsas, 510,49 manat faiz, 279,13 manat cərimə borcu olmaqla, cəmi 5529,79 manat pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərclərinə gəldikdə isə, iddia qismən təmin olunduğundan məhkəmə xərcləri də təmin olunan hissəyə mütənasib cavabdelərə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4740,17 manat əsas borc, 510,49 manat faiz borcu və 279,13 manat dəbbə borcu olmaqla, cəmi 5529,79 (beş min beş yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 75,29 manat hissəsi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə (cərimə və faiz borcuna münasibətdə) iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-829/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-829/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver