Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8300/2021 13.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 896,61 manat qalıq borcu və 474,49 manat cərimə borcu olmaqla, cəmi 1371,10 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 33,71 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarili XBK08389 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən borcluya 1902,88 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmış və cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfinən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirmir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 896,61 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3 % həcmində cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1581,62 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10 %-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda cərimə məbləği 474,49 mana təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, həmçinin bildiriş, Cavabdeh1 tərəfindən 12 noyabr 2021-ci il tarixində məhkəmə qəbzinə imza edilməklə şəxsən qəbul edilmişdir. Digər Cavabdeh2 məhkəmə bildirişini poçt xəbərnaməsinə imza etməklə 11 noyabr 2021-ci il tarixində qəbul etmişdir. Lakin cavabdehlər tərəfinfən iddiaya dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, №XBK08389 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə, müqaviləyə 1 saylı əlavəyə əsasən İddiaçı MMC Cavabdeh1 1902,88 manat məbləğində İphone 8 plus markalı telefonu nisyə satmağı, Cavabdeh1 isə məhsulu qəbul edib, 12 ay müddətinə ayda 149 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi 10.07.2019-cu il, sonuncu ödəniş tarixi 10.07.2020-ci il olaraq müəyyən edilmişdir Optimal Elektronika” MMC ilə Cavabdeh2 arasında bağlanan 10 iyul 2019-cu il tarixli, №XBK08389-Z saylı zaminlik müqaviləsindən görünür ki, zamin 10.07.2019-cu il tarixli, BK08389 saylı nisyə satış müqaviləsi üzrə Cavabdeh1 satıcı qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, alıcı ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürür. 10 iyul 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 №XBK08389 saylı müqaviləyə əsasən İphone 8 plus markalı telefonu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 20 sentyabr 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh1 İphone 8 plus markalı telefon üçün əsas borcu 896,61 manat, cərimə borcu 474,49 manat olmaqla, cəmi 1371,10 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış 24.09.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv ediləcəyi və müqavilə qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün elektron qaydada 33,71 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, №XBK08359 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı MMC əşyanı Cavabdeh1 nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 149 manat ödəniş etməyi müqavilənin 5.6cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3 % həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin təminatı olaraq MMC ilə Cavabdeh2 arasında 10.07.2019-cu il tarixli, №XBK08389-Z zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti onunla birgə öz üzərinə götürmüşdür. Müqavilə predmeti olan əşya satıcı tərəfindən Cavabdeh1 təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 33,71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir.Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə müqavilə üzrə tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. İşin hallarından göründüyü kimi iddiaçı 10 iyul 2019-cu il tarixli, №XBK08389 saylı müqavilə üzrə 474,49 manat cərimə məbləği hesablamış və hazırda həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 80 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh-zamin Cavabdeh2 tutulması hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 3.1-ci bəndində qeyd olunmuşdur ki, “bu müqavilə 10.07.2019-cu il tarixli, № XBK08389 saylı kredit müqaviləsi üzrə alıcı satıcı qarşısında öz öhdəliklərini tamamilə icra edənədək qüvvədədir.”. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 10 iyul 2020-ci il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, iddia tələbi ilə 20 oktyabr 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10.07.2019-cu il tarixli, № XBK08389 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 896,61 manat, cərimə borcuna görə 80 manat olmaqla, ümumilikdə 976.61 manat pul vəsaiti və 33,71 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 10.07.2019-cu il tarixli, № XBK08389 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 896,61 (səkkiz yüz doxsan altı manat, altmış bir qəpik) manat, cərimə borcuna görə 80 (səksən) manat olmaqla, ümumilikdə 976.61 (doqquz yüz yetmiş altı manat, altmış bir qəpik) manat pul vəsaiti və 33,71 (otuz üç manat, yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-8300/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8300/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver