Məhkəmə qərarları › İş №e-2(001)-832/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-832/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-832/2025 21.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, Cavabdeh Məmmədzadə (Məmmədova) Samirə İqbal qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Məmmədzadə (Məmmədova) Samirə İqbal qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Məmmədzadə (Məmmədova) Samirə İqbal qızına qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Məmmədzadə Faiq Famil oğlu arasında xx.xx.2021-ci il tarixli BPM**********44 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Məmmədzadə Faiq Famil oğluna illik 20%-lə, 48 ay müddətinə 5600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Tam kart çərçivə müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Məmmədzadə Faiq Famil oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 11 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, x.k.1020 saylı məktubuna əsasən Məmmədzadə Faiq Famil oğlunun mirasını qəbul etmiş vərəsəsinin Cavabdeh olması müəyyən edilmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Məmmədzadə Faiq Famil oğlunun xx.xx.2024-cü il tarixədək nağd kredit üzrə banka borcu 4526.67 manat əsas, 17.83 manat faiz borcu olmaqla, cəmi 4544.5 manat təşkil edir. Cavabdeh mərhum Məmmədzadə Faiq Famil oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliklərini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-26165/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncu öz öhdəliklərini bugünədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 399.3, 462.1, 739, 1146, 1255 və 1306-cı maddələri ilə əsaslandıraraq, Məmmədzadə Faiq Famil oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********44 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 4526.67 manat məbləğində əsas borc, 17.83 manat faiz borcu olmaqla, cəmi 4544.50 manat məbləğində kredit borcunun və ödənilmiş 65.45 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədzadə (Məmmədova) Samirə İqbal qızı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, mərhum Məmmədzadə Faiq Famil oğlundan iki otaqlı mənzilin miras qaldığını, maddi imkanının aşağı olması səbəbilə mərhum Məmmədzadə Faiq Famil oğlunun banka olan kredit borcunu hazırda ödəyə bilmədiyini, lakin müəyyən qrafiklə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxılaraq tələblərinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Məmmədzadə Faiq Famil oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən illik 20% olmaqla 48 ay müddətinə Məmmədzadə Faiq Famil oğluna 5600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Məmmədzadə Faiq Famil oğlunun "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4526.67 manat məbləğində əsas borcu, 17.83 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş – Məmmədzadə Faiq Famil oğlunun vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır və o, miras əmlakı irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə Məmmədzadə (Məmmədov) Faiq Famil oğluna verilmiş 30/12955 qeydəalma nömrəsi ilə 983 nömrəli kitabın 147650-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzildən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi 01A7/480 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh Məmmədzadə Faiq Famil oğlunun vərəsəsi Məmmədzadə (Məmmədova) Samirə İqbal qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən məlum olur ki, bank tərəfindən cavabdehə 5 gün müddətində borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 285864 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədzadə Faiq Famil oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (maddə 1306.1.) Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Məmmədzadə Faiq Famil oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Məmmədzadə (Məmmədova) Samirə İqbal qızı onun kreditoru qarşısında öhdəliyi icra etməli olduğu üçün, "xxxx" ASC ilə Məmmədzadə Faiq Famil oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 4526.67 manat əsas borc, 17.83 manat faiz borcu olmaqla, cəmi 4544.50 manat məbləğində pul vəsaiti cavabdeh Məmmədzadə (Məmmədova) Samirə İqbal qızından tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Məmmədzadə (Məmmədova) Samirə İqbal qızından xx.xx.2021-ci il tarixli, BPM**********44 nömrəli kredit müqaviləsi üzrə tələb olunan 4526.67 manat əsas borc, 17.83 manat faiz borcu olmaqla, cəmi 4544.50 manat məbləğində pul vəsaiti, 65.45 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar