Məhkəmə qərarları › İş №e-2(001)-838/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-838/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-838/2021 25.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Əlı̇ yeva Lalə Xatı̇ b qızının cavabdehlər Əkbərova Fazı̇ lə Əbdül Əli qızına və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Əlı̇ yeva Lalə Xatı̇ b qızı cavabdehlər Əkbərova Fazı̇ lə Əbdül Əli qızına və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərər qismində 17.500 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Əkbərova Fazı̇ lə Əbdül Əli qızından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 X1 vergi müfəttişi işlədiyi dövrdən tanımışdır. Onun yaşadığı evin yaxınlığında bir torpaq sahəsi olmuş, o bu barədə Cavabdeh2 soruşduqda ona həmin torpaq sahəsini onun üçün ala biləcəyini və torpaq sahəsində ev tikib ona verə biləcəyini bildirmişdir. Ceyhun həmin torpaq sahəsinin sotunun 2.000 manata satıldığını ona demişdir. Sonra isə ona 4.000 manat torpaq sahəsi üçün, 2500 manat orada ev tikilməsinə icazə almaq üçün və 11.000 manat isə həmin ərazidə ev tikib ona təhvil verilməsi üçün lazım olduğunu, yəni ümumilikdə 17.500 manat pul lazım olduğunu ona bildirmişdir. O da razılaşmışdır. Cavabdeh ona həmin torpaq sahəsinə dair Çıxarış göstərmiş və ona bununla əlaqədar etibarnamə vermişdir. O, Cavabdeh2 inanaraq, ayrı-ayrı vaxtlarda ona ümumilikdə 17.500 manat məbləğində pul vermişdir. Birinci dəfə Cavabdeh2 ona torpağa dair etibarnamə vermiş, sonra isə iddiaçı həmin torpağa dair cavabdehdən sənəd tələb etdikdə o, əvvəl göstərdiyi Çıxarışın bu torpaq sahəsinə aid olmadığını, hazırkı torpaq sahəsinin Cavabdeh1 məxsus olmasını bildirmiş, onu Cavabdeh1 ilə tanış etmişdir. Cavabdeh1 torpaq sahəsinin ona məxsus olmasını bildirib, ona bununla əlaqədar tezliklə sənəd verəcəyini demişdir. Bundan sonra iddiaçı cavabdehlərlə razılaşmış və Cavabdeh2 həmin ərazidə ev tikintisinə başlamışdır. Lakin, bir gün iddiaçının bir tanışı ona həmin ərazinin heç bir sənədinin olmamasını, ona göstərilən çıxarışın həmin əraziyə aid olmamasını bildirmişdir. O, bu barədə Ceyhuna bildirərək, onun dələduzluq etməsini, onun etibarından sui-istifadə edərək ona başqa sənəd göstərib, sənədsiz torpaq satmasını dedikdə isə, cavabdeh onu yenə də həmin torpaq sahəsinin sənədli torpaq sahəsi olmasına inandırmağa çalışmış, bununla belə onu aldadıb ona verdiyi etibarnamənin əslini ondan almışdır. Ceyhun belə etməklə guya etdiyi cinayəti - onu aldatmadığını, ona həmin torpaq sahəsinə görə heç bir sənəd verməməsini gizlətməyə çalışmışdır. O, ondan Polis Bölməsinə şikayət etdikdə isə o, ondan aldığı bütün pulları etiraf etmiş, lakin onun satdığı torpaq sahəsinin çıxarışı olmasını bildirmişdir. Cavabdeh2 ondan 17.500 manat məbləğində pul alaraq ələ keçirməsi Suraxanı Rayon Prokurorunun böyük köməkçisi Füzuli Əliyevin xx xxxxxxxx 2019-cu il tarixli qərarında da öz əksini tapmışdır. Cavabdeh2 ona satdığı torpaq sahəsinə dair heç bir sənəd olmadığına, bu səbəbdən də həmin torpaq sahəsi üzərində tikilən tikili də qanunsuz tikinti sayıldığına görə artıq iddiaçının həmin torpaq sahəsinə heç bir marağı qalmamışdır. Cavabdeh2 ilə eyni zamanda digər Cavabdeh1 da onu aldadaraq ona satılmış torpaq sahəsinin sənədli torpaq sahəsi olmasına inandırmış və bu məqsədlə onun 17.500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirmişlər. Beləliklə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona sənədli torpaq sahəsi satmaq adı ilə onu aldadaraq 17.500 manat məbləğində pul vəsaitini ələ keçirmiş, həmin məbləğdə ona maddi zərər vurmuşdur. Bu səbəbdən də o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ona dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, Yeni Suraxanı sahəsində yerləşən Cavabdeh1 2 sot torpaq sahəsini iddiaçıya sotunun qiyməti 2.500 manat olmaqla 5.000 manata satmışdır. Həmin puldan iddiaçı ona 4.000 manat pul vermiş, lakin 1.000 manatını verməmişdir. Həmçinin iddiaçı ona həmin torpaq sahəsində ev tikmək üçün 10.000 manat pul vermişdir. Həmin ərazidə iddiaçıya 1 mərtəbəli 8 otaqlı ev tikməyə başlamış, evin divarlarını inşa edib qurtardıqdan sonra evin damı tikilməzdən əvvəl iddiaçıya zəng edərək “sənin məndə artıq 2.500 manat pulun qalır, həmin pulun 1.000 manatı sənə satdığım torpaqdan qalan borcundur” demişəm. İddiaçı isə qalan 1.500 manat pulu özündə saxlamağını və tikintiyə icazə almaq üçün Suraxanı Rayon İcra Hakimiyyətinə verməyini xahiş etmişdir. Daha sonra özünü Suraxanı RPİ-nin 25-ci polis bölməsinin rəis müavini kimi təqdim edən Nizami adlı şəxs ona zəng edərək iddiaçının qalan 1.500 manat pulunu qaytarıb ona verməsini və özünün icradan icazə alıb evi tikəcəyini demişdir. O, həmin şəxsə pulu yalnız iddiaçıya verəcəyini demişdir. Həmin şəxsdə ona hədə-qorxu gəlmişdir. Daha sonra Suraxanı RPİnin 31-ci polis bölməsinin təhqiqatçısı Gündüz Zeynalov ona zəng edərək polis bölməsinə dəvət etmişdir. Onda 1.500 manat pulu iddiaçıya verməsi üçün Suraxanı RPİ-nin 31-ci polis bölməsinin təhqiqatçısı Zeynalov Gündüzə təhvil vermişdir. Əslində iddiaçının hazırda ona 4.000 manat borcu qalıbdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin sənədləşdirilməsini iddiaçı özü etməli idi. O, alqı-satqıya getməyə hazırdır, lakin alqı-satqı üçün rüsum iddiaçı tərəfindən ödənilməlidir. İddiaçının həmin ərazidə 2 əlavə torpaq sahəsi var. O, iddiaçıya etibarnamə verməmişdir. İlk izahatında ona görə 2.500 manat pul verilməsini yazmışdır ki, iddiaçı bu mübahisələrə son qoysun. Torpaq sahəsini geri götürüb, iddiaçıya pul verməyə razı deyil. Torpaq sahəsi Cavabdeh1 adına olmaqla, həmin torpaq sahəsi icarədə olmuşdur. Kənd təsərrüfat təyinatlı torpaq sahəsidir. Qanunla kənd təsərrüfat təyinatlı torpaq sahəsində ev tikmək olmaz. İddiaçı ona cəmi 14.500 manat pul vermişdir. O, iddiaçıya çıxarış vermişdir. 1.500 manat pulu iddiaçıya verməsi üçün Suraxanı RPİ-nin 31-ci polis bölməsinin təhqiqatçısı Zeynalov Gündüzə verməyi barədə təhvil-təslim aktı vardır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi müəyyən edilmədiyindən, material üzrə həmin maddə ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, 2016-cı ilin aprel ayından Suraxanı rayonu X2 vergi müfəttişi vəzifəsində işləyir. İddiaçı işlədiyi Bələdiyyənin ərazisində yaşayan şəxs tanıyır. 2019-cu ilin may ayından Suraxanı rayonu, Zeytunçuluq adlanan ərazidə özünə məxsus olan 2 sot torpaq sahəsini İddiaçı sotu 2.500 manat olmaqla 5000 manata satmış, torpaq sahəsini Laləyə satması barədə 18 nömrəli notariat kontorunda etibarnamə vermişdir. Laləyə satdığı torpaq sahəsinə dair ona Azərbaycan Respublikası Əmlak Komitəsindən çıxarışı olduğunu demişdir. Torpaq sahəsini sonuncuya satdıqda ondan 4.000 manat pul almışdır. Lalə ilə qalan 1.000 manat pulu da sonra verməyə razılaşmışlar. Lalə ilə həmçinin satdığı torpaq sahəsində tikiləcək evi özünün inşaat birqadasına tikdirəcəyi barədə razılaşmış və evi tikmək üçün Lalə ona əlavə olaraq 10.000 manat pul vermişdir. Həmin ərazidə Laləyə 1 mərtəbəli 8 otaqlı ev tikməyə başlamış, evin "divarları inşa olunub qurtardıqdan sonra evin damı tikilməzdən əvvəl Laləyə zəng edərək “sənin məndə artıq 2.500 manat pulun qalır həmin pulun 1.000 manatı sənə satdığım torpaqdan qalan borcundur" ifadələrini işlətmişdir. Lalə isə qalan 1.500 manat pulunu özündə saxla tikintiyə icazə almaq üçün Suraxanı rayon İcra Hakimiyyətinə verməsini xahiş etmişdir. Təxminən bir ay sonra özünü 25-ci PB-nin rəis müavini kimi təqdim edən Nizami adlı şəxsin ona zəng edərək Lalənin qalan 1.500 manat pulunu qaytarıb ona verməsini və özünün icradan icazə alıb evi tikdirəcəyini demişdir. Həmin şəxsə pulu ancaq Laləyə verəcəyini demişdir. Həmin şəxsdə ona qarşı hədə-qorxu gəlmişdir. Daha sonra Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Gündüz Zeynalovun ona zəng edərək polis bölməsinə dəvət etmişdir. O da Lalənin onda qalan 1.500 manat pulunu qaytarması üçün Gündüz Zeynalova təhvil vermişdir. Həmin qərarın təsviri hissəsində izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, Cavabdeh2 rəfiqəsi Sürəyyanın oğludur. Abşeron rayonu 1 nömrəli Mövsan Zeytunçuluq savxozu ərazisində yerləşən 0.041 sot torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələn Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı əsasında xx xxx 2014-cü il tarixdən 99 il müddətinə icarə məqsədilə ona məxsusdur. Torpağın kənd təsərrüfatı təyinatlı torpaq olmasını, həmin torpaq sahəsini satmaq istədiyi üçün rəfiqəsinin oğlu Ceyhuna bu barədə müraciət etmiş, sonradan Ceyhun ona həmin torpaq sahəsinin 2 sotunu özü almaq istədiyini demişdir. Ceyhun rəfiqəsinin oğlu olduğu üçün torpaq sahəsinin iki sotunu şifahi formada sonuncuya bağışlamışdır. Torpaq sahəsinin iki sotunu isə Ceyhun bir sotunu 2.500 manatdan Lalə adlı qadına etibarnamə əsasında satmışdır. Lakin sonradan Ceyhun Laləyə həmin torpaq sahəsində ev tikməsi üçün onların arasında mübahisə yaranmış, bu barədə heç bir xəbəri olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.41 ha torpaq sahəsi icarə üzrə 99 il müddətinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 adına yüklü edilmişdir. xx xxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən X4 səlahiyyətlərini Ağayev Adgözəl Cavanşir oğluna ötürmüşdür. Ağayev Adgözəl Cavanşir oğlu İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yanında Abşeron rayon ərazi idarəsi tərəfindən reyestr nömrəsi **********24, qeydiyyat nömrəsi********** olan xx xxxx 2015-ci il tarixdə verilmiş seriya RX0599385 saylı çıxarışa əsasən icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.22 ha icarədə olan torpaq sahəsinin icarə hüququ əsasında istifadə etməyi, həmin torpaq sahəsinə dair qüvvədə olan qanunvericiliyə müvafiq zəruri sənədləri Azərbaycan Repsublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, icarədə olan torpaq sahəsinə dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə icarə hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 0.022 ha torpaq sahəsinin icarə hüquqlarını satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə onu bankda təmsil etməyi, əmlak və torpaq vergi pulu ödəməyi və bu tapşırın yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə xx xxxxx 2069-cu il tarixədək qüvvədədir. Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli, 116-x-21 nömrəli məktubdan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən İddiaçı verilməsi üçün Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Gündüz Zeynalova təhvil verilmiş 1.500 manat məbləğində pul sonradan qəbzlə Cavabdeh2 özünə qaytarılmışdır. Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Gündüz Zeynalova verilmiş izahatda Cavabdeh2 verilmiş suala cavab olaraq bildirmişdir ki, Surazanı rayon İcra Hakimiyyətindən tikinti üçün icazəyə görə 2.500 manat məbləğində pul almışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 iki sot torpaq sahəsinin alqı-satqısı və üzərində ev inşa edilməsi üçün iddiaçıdan ümumilikdə 16.500 manat məbləğində vəsait almışdır. Belə ki, Cavabdeh2 Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində verdiyi izahatlarında iddiaçıdan Suraxanı rayon İcra Hakimiyyətindən tikinti üçün icazəyə görə 2.500 manat, torpaq sahəsinə görə 4.000 manat, tikinti üçün isə 10.000 manat pul aldığını, sonradan həmin məbləğdən 1.500 manatı iddiaçıya təhvil verilməsi üçün Bölmənin təhqiqatçısına vermiş, daha sonra isə həmin məbləğ onun özünə qaytarılmışdır. Cavabdeh2 tərəfindən iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi onun özünə məxsus deyil, həmin torpaq sahəsi digər Cavabdeh1 99 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən Cavabdeh2 məhz 17.500 manat məbləğində vəsait verildiyi iddia edilsə də, bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 389.1-ci maddsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericilikdə daşınmaz əmlaka dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməli olması nəzərdə tutulmuş, tərəflər arasında isə belə bir müqavilə bağlanmamışdır. Bundan başqa, Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında özü etiraf etmişdir ki, iddiaçıya satdığı torpaq sahəsi ona məxsus deyil, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin torpaq sahəsində hər hansı evin inşa edilməsi qanunsuzdur. Göründüyü kimi, Cavabdeh2 iddiaçıdan 16.500 manat məbləğində vəsait almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsasvə ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir; 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 16.500 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 28 manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 16.500 (on altı min beş yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar