Məhkəmə qərarları › İş №e-2(001)-840/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-840/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-840/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Bank of Baku ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank of Baku ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 ilə iddiaçı Bank of Baku ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə qaytarmaq, illik 22% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinin şərtlərinə əsasən, ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən iki aydan artıq müddətə gecikdirildikdə habelə ardıcıl olaraq iki dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh2 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 Sərhıd qızı ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 Sərhəd qızına aid bütün öhdəlikləri icra etməlidir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bank of Baku ASC-nin xeyrinə əsas borca görə 8681,32 manat, faiz borcuna görə 2564,62 manat, cəriməyə görə 703,7 manat olmaqla cəmi 11949,64 manat borcun və dövlət rüsumuna görə 126 manatın tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc verən Bank of Baku ASC, borc alan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MK/22913/82/10 saylı kredit sazişindən müəyyən olunur ki, bank borc alana 36 ay müddətinə qaytarmaq, illik 22% ödəmək şərti ilə 15000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit sazişinin 1-ci bəndindən müəyyən olunur ki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında müqavilələrdən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər Bank of Baku ASC-nin xx.xx.2014-cü il tarixli müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə müəyyən olunur. Şərtlər bu sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. Borc verən Bank of Baku ASC, borc alan Cavabdeh1 və zamin Cavabdeh2 tərfindən xx.xx.2021-ci il tarixdə imzalanmış Bank of Baku ASC-nin xx.xx.2014-cü il tarixli müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 7.4.4-cü bəndindən müəyyən olunur ki, zamin zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləğinin tutulması üzrə məhkəmə xərcləri və müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla bank qarşısında müştəri ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Həmin şərtlərin 1.3-cü bəndindən müəyyən olunur ki, müqavilə üzrə gecikdirilmiş kreditə görə, müştəri hər gecikdirilmiş kreditin kredit sazşi ilə müəyyən edilən 1 faizi miqdarında, lakin 0,50 manatdan az olmamaq şərti ilə cərimə ödəyir. Bank of Baku ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, bank ayırdığı kreditə görə 14999 manatı Cavabdeh1 vermişdir. Bank of Baku ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 8681,32 manat, faiz borcuna görə 2564,62 manat, cəriməyə görə 703,7 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birgə borclular olan Cavabdeh1 və Cavabdeh2 Bank of Baku ASC ilə bağladıqları xx.xx.2021-ci il tarixli MK/22913/82/10 saylı kredit sazişindən irəli gələn öhdəliklərini icra etmədikləri nəticəsində banka əsas borca görə 8681,32 manat, faiz borcuna görə 2564,62 manat borclarının yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının birgə borclulardan əsas borca görə 8681,32 manat, faiz borcuna görə 2564,62 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə 50 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli MK/22913/82/10 saylı kredit sazişinə əsasən, müştərək qaydada əsas borca görə 8681,32 manat, faiz borcuna görə 2564,62 manat, cəriməyə görə 50 manat, dövlət rüsumuna görə 126 manat olmaqla cəmi 11421,94 manat Bank of Baku ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar