Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-848/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT “X1” MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “X1” MMC Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş 8080,66 manat əsas, 2399,96 manat faiz borcu, 101,76 manat cərimə borcu və 609, manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 11191,80 manat məbləğində borcun və ödənilmiş 124 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0048074-F saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə ev təmiri məqsədi ilə 15 ay müddətinə, aylıq 3% faiz, illik 36% olmaqla, 11260 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq BOKT “X1” MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - BOKT “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0048074-F saylı kredit müqaviləsinə əsasən, cavabdehə 15 ay müddətinə, aylıq 3% faiz, illik 36% olmaqla, 11260 manat məbləğində kredit verilmişdir. - ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 949 manat (sonuncu ay 951,67 manat) kredit ödənişi etməyi öz üzərinə götürmüşdür. - İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası 5 iş günü müddətinə yerinə yetirməyi tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə BOKT “X1” MMCyə 8080,66 manat əsas, 2399,96 manat faiz borcu, 101,76 manat cərimə borcu və əldən çıxmış faydaya (əsas borca hesablanmış 5%) görə 609,42 manat olmaqla, cəmi 11191,80 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 470.1, 472.2, 739-cu maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 8080,66 manat məbləğində əsas borc və 2399,96 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən 101,76 manat cərimə məbləğinin müəyyən edilməsi ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 609,42 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, 404 manat faiz borcu (8080,66 x 5%÷12 ay=404,033≈404 manat) gecikdirilmiş vaxt üçün ədalətli hesab olunmalıdır. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8080,66 manat əsas, 2399,96 manat faiz borcu, 101,76 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 404 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 10986,38 manat məbləğində pul vəsaiti tutularaq BOKT “X1” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 124 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8080,66 manat əsas, 2399,96 manat faiz borcu, 101,76 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 404 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 10986,38 (on min doqquz yüz səksən altı manat otuz səkkiz qəpik) məbləğində pul vəsaiti və 124 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT “X1” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-848/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-848/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver