Məhkəmə qərarları › İş №e-2(001)-858/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-858/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-858/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6600 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh qapı qonşusu Səmədova Simanın qızıdır. Belə ki, Cavabdeh və anası Sima evinə gələrək ondan 3000 manat borc pul istəmişdir. O isə aralarındakı tanışlıq münasibətlərinə və Cavabdeh və anası Simanınm borcu tam şəkildə qaytaracağı vədinə güvənərək xx.xx.2023-cü il tarixdə ümumi olaraq 6600 manat borca pul vermişdi. Daha sonra mənə məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə cavabdehin anası Sima Cavabdehı Rusiyaya yola salmışdır. Daha sonradan aldığı məlumata görə, Cavabdeh Yasamal rayon ərazisində yerləşən ev alqı-satqı məsələsində dələduzluq cinayət əməlinə görə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində 1 gün ərzində saxlanılmışdır. Bu hadisədən sonra evlərinə gedərək, cavabdehin anası Simadan 6600 manat pulunun geri qaytarılmasını istəmişdi. O da cavab olaraq bildirmişdi ki, “hara istəyirsən müraciət et, sübut et ki, mənə pul vermisən”. O da borcu şifahi razılaşma əsnasında verdiyini və borc pulu verdiyinə dair heç bir sübutu olmadığını nəzərə alaraq, həmin pulun tərəfindən ödənilməsinə dair cavabdehin anası Səmədova Sima ilə aralarında keçən səmimi münasibət əsnasındakı danışıqlar səs yazıları qismində sübut kimi iddia ərizəsinə qoşma olaraq əlavə olunmuşdur. İlk vaxtlar Cavabdeh, eləcə də anası Simaya borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etsə də, onlar müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışlar. Sonrakı zamanlarda isə ümumiyyətlə öhdəliklərini pozaraq 6600 manat borc pulu geri qaytarmaqdan imtina edirlər. Halbuki aralarında olan şifahi borc müqaviləsinə əsasən cavabdeh və anası ağlabatan müddətədək 6600 manat borc pulu tam şəkildə qaytarmağı öhdələrinə götürmüşdülər. Bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi və alınmış 6600 manat borc pulun geri qaytarılması ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis İdarəsinə xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə müraciət etdi. Binəqədi RPİ 6-cı PB-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda şikayət ərizəsində qeyd edilmiş xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməyin məqsədəmüvafiq olduğu vurğulanmışdır. Bu günə kimi də Cavabdeh və anası Simadan pulunu istəməyinə baxmayaraq, pulu geri qaytarmırlar. Aralarında şifahi şəkildə razılaşma borc müqaviləsinə əsaslanır. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdilər və təmin olunmasını xahiş etdilər. Əlavə olaraq iddiaçı izahatında bildirdi ki, qızının cavabehə verdiyi pullar ona məxsus olmuşdur. İddiaçı həmçinin cavabdeh tərəfindən 5040 manat pulun onun qızı Sevdaya məxsus bank kartına atıldığını və əlavə olaraq 400 manatın da onun ərinə cavabdeh tərəfindən əlbəəl verildiyini etiraf etmiş, həmçinin bildirmişdir ki, həmin pulların ona heç bir aidiyyəti yoxdur, bu pullar cavabdehin lotoreya oyunu ilə əlaqədar atdığı ödənişlərdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddianı qəbul etmir. O, 5600 manat pulu xanıma qaytarmışdır. İlkin olaraq 5040 manatı, daha sonra isə 400 manatı iddiaçının yoldaşına, qalan 200 manatı da atası özünəməxsus kartla iddiaçının qızı Sevdanın kartına atmışdır. Hal-hazırda qarşı tərəf ondan faizini tələb edir. Borcu alanda 20% ilə verdiyini bildirmişdi. Bir müddət sonra maddi çətinlikləri olduğu üçün qarşı tərəfdən faizi dayandırmasını xahiş etmişdi, lakin qarşı tərəf bununla razılaşmamışdı. O, pulu qarşı tərəfin qızı Sevdadan almışdı, lakin Sevda da həmin pulu anasından almışdı, 5040 manatı Sevdaya qaytarmışdı. İddiaçının qızı ilə əvvəllər bir dəfə lotoreya oynamış, həmin oyunda ikici oyunda dayanmışdır, həmin oyunun pulu 100 manat olmuşdur. İddiaçınınn onun qaytardığı pullarla əlaqədar bildirdikləri absurddur. Belə təsadüf ola bilməz, cəmi 5600 manat pul almış onu da tam olaraq qaytarmışdır. Yazışmalar olan zaman artıq 5600 manat tam şəkildə ödənmişdi. Məhkəmədən tələbin rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi RPİ 6-cı PB-nin xx.xx.2024-cü il tarixli, 3/2-E-5115 cavab məktubundan müəyyə olunur ki, şikayət ərizəsində qeyd edilmiş xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Bakı şəhər Binəqədi RPİ 6-cı PB-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı ərizə ilə polis orqanına müraciət edərək qonşuluqda yaşayan Sima Səmədovaya 6600 manat məbləğində pul veridiyini, sonuncunun onun pulunu qaytarmadığını bildirdiyi, işin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Unibank KB ASC Leobank vasitəsilə Cavabdeh məxsus AZ04UBAAZ**********1010AZN001 hesab nömrəsindən Sevda E. 409858****4584 saylı kart hesabına ümumilikdə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək müxtəli zamanlarda və məbləğlərdə ümumilikdə 5040 manat köçürülmüşdür. İddiaçı tərəfindən

01. məhkəməyə təqdim edilən səs yazılarında iddiaçı ilə cavabdehin anası Şahid apardığı danışıqlarda, iddiaçı onun qızına 5600 və əlavə olaraq 1000 manat pul verdiyini, lakin geri ala bilmədiyini bildirir. Şahid isə ona qızı Gülnara faizə cəmi 5600 manat pul verməsini, həmin pulu qızının qaytarmasını, 1000 manat qızına əlavə pul verməsindən xəbərinin olmamasını bildirir.

02. səs yazılarında iddiaçı ilə cavabdehin atası ilə apardığı danışıqlarda, iddiaçı onun qızına 8000 manat pul verdiyini, lakin geri ala bilmədiyini bildirir. Cavabdehin atası isə həmin məbləğdən məlumatının olmamasını, qızının 5000 minə yaxın pul qaytardığını bildirir. İddiaçı tərəfin vəsatəti ilə

01. məhkəmə iclasında şahid qismində dindirilən Şahid iddiaçının qızı vasitəsilə Cavabdeh cəmi 5600 manat pul verməsini, həmin pulun 5040 manat hissəsini iddiaçının qızının kartına atıldığını, 400 manat pulu Gülnarın iddiaçının ərinə əlbəəl verməsini, 200 manatı isə öz əri tərəfindən iddiaçının Sevdanın bank kartına atılmasını qaytarmasını, 1000 manat qızına əlavə pul verməsindən xəbərinin olmamasını, həmçinin iddiaçının polisə etdiyi ilkin şikayətdə onlardan 8000 manat pul tələb etdiyini bildirdi.

02. məhkəmə iclasında şahid qismində dindirilən X1 cavabdehlə əvvəllər çox yaxşı münasibətdə olmasını, sonradan ona pul lazım olması səbəbindən anasına müraciət etməsini və ona yazıqları gəlməsi səbəbindən anasının ona ümumilikdə 6 min manata yaxın pul verdiyini bilmişdir. Pulu cavabdehin özü, qızı gəlib onun anasından alıb aparmışlar. O, Gülnar ilə lotoreya oynamış, Gülnar müxtəlif məbləğlərdə pulu onun kartına atmışdır. Həmçinin cavabdehin valideynləri tərəfindən onun kartına təxminən 200 ya 150 manat civarında pul da göndərilmiş, lakin həmin pul da lotoreya ödənişi ilə əlaqədar olmuşdur. Lakin cavabdeh borclu olduğu məbləği anasına qaytarmamışdır. Pulu cavabdehin atasından, anasından da dəfələrlə istəsələr də onlar pulu qaytarmaqdan imtina etmişlər. Gülnar başqa adamlara da pul qaytarmadığına görə tutulmuş, bir gün polis idarəsində də saxlanılmışdır. Onun barəsində hazırda da araşdırma aparılır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən səs yazılarında onun atası Nazim Səmədovla iddiaçının qızı X1 arasında telefon danışıqları aparılır, danışıqlarda Sevda Eyvazova cavabdehin onlara pul borclu olmasını və qaytarmamasını, faizin şişdiyini, cavabdehin atası isə öz növbəsində qızının götürdüyü pulu tam qaytarmasını və əlavə faiz verməyə imkanının olmamasını bildirir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-cu maddəsində borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixlli qərarında göstərilmişdir ki, “ ... mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.

Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, araşdırma zamanı iddiaçının cavabdehə cəmi 5600 manat məbləğində pul verməsi və cavabdehin sonuncunun qızının kart hesabına 5040 manat göndərmək, iddiaçının ərinə 400 manat əlbəəl formada vermək, həmçinin cavabdehin valideynləri (atası) tərəfindən 200 manat məbləğində pulu iddiaçının qızı Sevda Eyvazovanın kartına göndərməsi hər iki tərəfin izahatları ilə tam şəkildə təsdiq edilir. İddiaçının göstərilən məbləğdə pulun cavabdeh tərəfindən Sevda Eyvazovaya lotoreya oyununun ödənişləri kimi verməsi isə nə işin faktiki halları, nə də ki, tərəflərin öz izahat və dindirilən şahidlərin ifadləri ilə həqiqətəuyğun, inandırıcı hesab etmək olmaz. İddiaçının cavabdehə əlavə olaraq 1000 manat pulu borca verməsi ilə əlaqədar iddialarına gəldikdə isə məhkəmə onları sübuta yetirilməməsi əsası ilə təminini istisna edir. Beləliklə, sübutların hərtərəfli araşdırılması və tədqiqi belə nəticəyə gəlməyə əsas verir ki, irəli sürülmüş 6600 manat iddia məbləğinin 5600 manat hissəsinin cavabdeh tərəfindən tam ödənilməsi təsdiq edildiyindən, qalan hissədə, yəni 1000 manat məbləğində pulun verilməsi hissəsində isə sübuta yetirilmədiyindən iddia rədd edilməli və məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı Cavabdeh 6600 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar