Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-861/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 12221,88 AZN əsas, 935,20 AZN faiz borcunun və 129,47 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasındaelektron qaydada bağlanmış xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 15 və məbləği 12600 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-cı il tarixli Kredit müqaviləsinə əsasən 12221,88 AZN əsas; 935,20 AZN faiz; cəmi 13157,08 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, GTKR4711271A299 saylı kredit müqaviləsindən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Bank müştəriyə istehlak məqsədilə illik faiz dərəcəsi 15 % olmaqla, 48 ay müddətinə 12600 manat kredit verməyi, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müqavilə üzrə ilkin ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi isə xx.xx.2026-cı il olaraq müəyyən edilmişdir.
6. İddiaçı ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 12221,88 manat əsas, 935,20 manat faiz borcu olmaqla, cəmi13157,08 manat borcu yaranmışdır.
7. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 təqvim günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
8. 29.11.2022-ci il tarixində iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 129,47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, GTKR4711271A299 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən müştəriyə istehlak məqsədilə illik faz dərəcəsi 15 % olmaqla, 48 ay müddətinə 12600 manat kredit verilmiş, müştəri isə həmin kreditdən istifadə etməyi və yaranmış borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açılmışdır.
10. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etməmiş, nəticədə bank cavabdehin maliyyə arayışında göstərilən məbləğdəxx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 12221,88 manat əsas, 935,20 manat faiz borcunun yarandığını iddia edir və həmin borc məbləğinin cavabdehdən tutulmasını xahiş edir.
11. Cavabdehə isə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya dair münasibətini bildirməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
14. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
15. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
19. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
20. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
22. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh(borcalan) Cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı məlumatlarını mötəbər sübut kimi qəbul edərək o qənaətə gəlir ki, cavabdehin tələb edilən məbləğdə borcu mövcuddur. Tətbiq edilən prosessual normalar:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
27. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
28. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4711271A299 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 12221,88 manat, faiz borcuna görə 935,20 manat olmaqla, ümumilikdə 13157,08 (on üç min yüz əlli yeddi manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 129,47 (yüz iyirmi doqquz manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4711271A299 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 12221,88 manat, faiz borcuna görə 935,20 manat olmaqla, ümumilikdə 13157,08 (on üç min yüz əlli yeddi manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 129,47 (yüz iyirmi doqquz manat, qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev