Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-870/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2022-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 708.12 ABŞ dolları məbləğində əsas borcun, 482.50 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 1190.62 ABŞ dolları borcun və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 18 ay müddətinə, illik 25% olmaqla 2096 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ona qarşı olan tələbi üzrə qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı isə qeyd etdi ki, onlar vaxtında məhkəməyə müraciət etmişlər və cavabdeh 2022-ci ilin noyabr ayında ödəniş etdiyindən iddia müddətinin axımı kəsilmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2015-ci il tarixli, MM/97748/52/10 saylı kredit Sazişindən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh (borclu) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 18 ay müddətinə, yəni 13 fevral 2017-ci il tarixədək, illik 25 faiz olmaqla 2096 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli müqavilə üzrə 708,12 ABŞ dolları məbləğində əsas borcu və 482,50 ABŞ dolları məbləğində faiz borcu vardır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə həmin dövr üçün xx.xx.2019-cu il tarixdə olan son ödəniş - AR Prezdentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən kompensasiya məbləğindən ödənilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə son ödənişi xx.xx.2022-ci il tarixdə olmuşdur. 02 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 41 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, bank tərəfindən sonuncuya illik faiz dərəcəsi 25% olmaqla 18 ay müddətinə 2096 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə və qaydada krediti və ona hesablanmış faiz məbləğini banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin icrası müddəti 13 fevral 2017-ci il tarixdə bitmişdir. Hazırda iddiaçı cavabdehdən əsas və faiz borcun tutulmasını məhkəmədən xahiş edir, cavabdeh isə iddianı qəbul etmir və iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından müəyyən edildiyi kimi, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, 13 avqust 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 13 fevral 2017-ci il tarixdə bitmişdir. Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 13 fevral 2017-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə iddiaçının iddia müddətinin ötürülməməsi ilə bağlı arqumentləri ilə əlaqədar isə qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışda xx.xx.2022-ci il tarixdə xx.xx.2015-ci il tarixli müqavilə üzrə ödəniş edildiyi qeyd edilmiş olsa da, həmin ödənişin məhz cavabdeh tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə iddiaçının bu dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-870/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-870/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver