Məhkəmə qərarları › İş №e-2(001)-870/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-870/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-870/2024 15.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə607.94 manat əsas borc, 7.02 manat faiz borcu olmaqla, cəmi 614.96 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh X15 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********86 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 38 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1700 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, X4nun xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlak Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD982491 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, W0L000036T1215019 ban nömrəli, N/Z SİL-MƏ mühərrik nömrəli, 1996-cı il buraxılış tarixli, OPEL VECTRA minik markalı, 10UM942 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Maliyyə arayışına əsasən, X7 Banka ödənilməmiş borcu – 607.94 manat əsas borc, 7.02 manat faiz borcu olmaqla, cəmi 614.96 manat borcu qalmışdır. CavabdehX7vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehborcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 614.96 manat olduğundan, bank tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron qaydada ərizə ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, notariat ofisi tərəfindən göndərilmiş sənədlərdən də müəyyən olunur ki, cavabdeh ölmüş şəxsin mirasını qəbul etmiş və onun vərəsəsidir. X4 öldüyü gün bank tərəfindən kredit müqaviləsi üzrə faiz hesablanması dayandırılmışdır. Hazırda kredit müqaviləsi üzrə 607,94 manat əsas, 7,02 manat faiz borcu olmaqla, cəmi 614,96 manat borc qalmışdır. Tərəfə pretenziya məktubu göndərilmiş, cavabdeh özü ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, atası öldükdən sonra və ondan qalan avtomobili öz adına keçirdikdən sonra təxminən 6 aydan sonra etibarnamə əsasında Ramin adlı şəxsə 1050 manata satmışdır. Avtomobilin matoru yararsız olduğundan ona təklif edilən ən yüksək qiymətə satmışdır. Ramin daha sonra Əliyə satmışdır. Satışdan gələn pulla atasının digər banklara olan borclarını ödəmişdir. Avtomobilinin 5000 manata satılmasından məlumatsız olmuşdur. Digər tərəfdən o banka atasının ölüm haqqında şəhadətnaməsini verdikdən sonra ona məsələnin bitdiyi söylənmişdir. Həmin vaxt borc tələb edilsəydi, işlədiyi üçün müəyyən qədər ödənişlər edə bilərdi. Lakin hazırda işsizdir. Öz kreditlərini belə, ödəyə bilmir. Odur ki, hazırki borcu ödəmək iqtidarında deyil. Borc məbləği azaldılsaydı, hissə-hissə ödəniş edə bilərdi.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, mərhum atasının "xxxx" ASC-də olan kredit borcundan xəbərim olmamışdır. Mərhum atasının iki krediti barədə məlumatlı olmuşdur. Belə ki, atası bibisioğlu X8 adına xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 2000 manat, öz adına isə xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-dən 1500 manat məbləğində kredit götürmüşdür. Atası həddindən artıq dəqiq adam idi. Ölən gününə kimi kredit ödənişlərini vaxtı-vaxtında ödəyirdi. Atası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və miras əmlakı olaraq “Opel Vectra” minik markalı avtomobili qəbul etmişdir. Həmin avtomobili 1050 manata satmış, həmin pulun üzərinə əlavə pul qoyaraq atasının "xxxx" ASC-də və "xxxx" QSC-də olan kreditlərini ödəmişdir.. Bununla bağlı ödəniş qəbzlərini və digər sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. "xxxx" ASC ilə X15 arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********86 saylı kredit müqaviləsindən və ona əlavə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC borcalana 38 ay müddətinə illik 27 % ödəmək şərti ilə 1700 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür.

8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixinə təqdim etdiyi maliyyə arayışından görünür ki, X7 xx.xx.2018-ci il tarixli BPM**********86 saylı kredit müqaviləsi üzrə 614,96 AZN əsas, 7,02 manat faiz borcu vardır.

9. 1 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 200089 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 632 № ilə qeyd edilmişdir.

10. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X7 vərəsəsi Cavabdeh miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD982491 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L000036T1215019, mühərrikin nömrəsi N/Z SİL-MƏ ya buraxılış ili 1996-cı il olan Opel Vectra minik markalı, **-UM-*** dövlət nömrə nişanlı nəliyyat vasitəsindən ibarətdir.

11. "xxxx" ASC tərəfindən X3nun vərəsəsi qızı Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, X5 banka olan borcunu 5 gün müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

12. 19.10.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqını ödəmişdir.

13. ƏN- Vİİİ seriyalı, 774492 saylı nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh X12 Opel Vectra minik markalı, **-UM-*** dövlət nömrə nişanlı nəliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və s. hərəkətləri etmək üzrə 9 ay 10 gün müddətinə verib xx.xx.2023-cü il 23:59-dək qüvvədədir.

14. Satıcı Cavabdeh ilə alıcı X6 arasında bağlanan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Opel Vectra minik markalı, **-UM-*** dövlət nömrə nişanlı nəliyyat vasitəsini 5000 manata satmışdır.

15. X1 ilə alıcı X9 arasında bağlanan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, X2 Vectra minik markalı, **-UM-*** dövlət nömrə nişanlı nəliyyat vasitəsini 5000 manata satmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

16. "xxxx" ASC ilə X15 arasında xx.xx.2018-ci il tarixli BPM**********86 saylı kredit müqaviləsi bağlanmış, "xxxx" ASC borcalana 38 ay müddətinə illik 27 % ödəmək şərti ilə 1700 manat məbləğində kredit vermişdir.

17. X15 xx.xx.2021-ci il tarixində ölmüş, ölümündən sonra Bakı şəhəri 26 saylı notariat ofisində V-129/2021 reyestr nömrəli vərəsəlik işi açılmışdır.

18. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilən xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixində ölmüş X7 vərəsəsi qızı Cavabdehdır

19. Cavabdeh mərhumdan miras qalmış ban nömrəsi W0L000036T1215019, mühərrikin nömrəsi N/Z SİL-MƏ ya buraxılış ili 1996-cı il olan Opel Vectra minik markalı, **-UM-*** dövlət nömrə nişanlı nəliyyat vasitəsinə tam pay hüququ əldə etmişdir.

20. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə borclunun banka 614,96 manat borcunun olduğunu iddia edir və həmin borc məbləğinin borclunun vərəsəsindən tutulmasını tələb edir.

21. Məhkəmə iclasında iştirak etmiş borclunun vərəsəsi isə avtomobili 1054 manata satdığını, avtomobilin 5000 manata satılmasından məlumatsız olduğunu, həmin vəsait hesabına digər banklarda olan borcunu ödədiyini, hazırki borc məbləğini isə birdəfəlik ödəmək imkanı olmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

25. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

27. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

28. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

30. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

31. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

32. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

33. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.

34. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

35. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

36. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

38. Göründüyü kimi "xxxx" ASC qarşısında X3 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmış, X7 vərəsəsi kimi tanınmış Cavabdeh atasının vəfat etməsi ilə əlaqədar ondan qalan daşınar əmlakı miras əmlak kimi qəbul etmişdir. Cavabdeh həmin əmlakı 1054 manata satdığını və atasının "xxxx" QSC də və “X14” ASC-də olan borcunun ödənilməsinə sərf etdiyini bildirsə də, avtomobilin 1054 manatadan satılmasını təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan alğı-satqı müqavilələri ilə isə avtomobilin 5000 manata satıldığı aşkar edilmişdir. Necə ki, Mülki- Prosessual Məcəllənin 81-ci maddəsinin tələbinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

39. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən və qəbul edilən mirasın həcminin (dəyərininin) faktiki olaraq tələb edilən borc məbləğindən artıq olduğunu nəzərə alındıqda, vərəsələrin miras payının həcmi miras qoyanın passivini qarşılayır. Bu baxımdan əgər vərəsələr miras qoyanın aktivini qəbul etmişlərsə, deməli onun miras əmlak həcmində passivini də qəbul etmiş hesab olunurlar.

40. Məhkəmə sadalanan normaları rəhbər tutub, tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, borcalan X7 mirası qəbul etmiş vərəsəsi Cavabdeh həmin müqavilə üzrə kreditorun borclusu hesab edildiyindən, öhdəliyin pozulmasına görə məsuliyyət daşıyaraq kreditor qarşısında yaranmış borcu ödəməlidir. Müqavilə və razılaşma üzrə borcun mövcudluğu iş materiallarında olan maliyyə arayışları ilə təsdiq olunur. Tətbiq edilən prosessual normalar:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

45. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz;

46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

47. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

48. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 607,94 manat, faiz borcuna görə 7,02 manat olmaqla, ümumilikdə 614,96 manat məbləğində pul vəsaiti, həmçinin 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, BPM**********86 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 607,94 manat, faiz borcuna görə 7,02 manat olmaqla, ümumilikdə 614,96 (altı yüz on dörd manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar