Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-889/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 30.000 (otuz min) manat borc pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aralarında xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən 30000 (otuz min) manat məbləğində pulu Cavabdeh vermiş, Cavabdeh isə xx.xx.2023-cü il tarixədək həmin məbləği ona qaytarmaq barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin tarixdən 1 ay keçməsinə və dəfələrlə şifahi formada xəbərdarlıq etməyinə baxmayaraq, ona olan borc məbləğini qaytarmamışdır. Kredit müqaviləsinin 4-cü bəndində qeyd edilmişdir ki, kredit müqavilsəindən irəli gələn öhdəliklər onun yarandlğı yer üzrə icra edilməlidir. Kredit müqaviləsi Binəqədi ərazisində bağlandığından Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Rəsmi olaraq bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh borcunu ödəməkdən yayınmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə cavabdehin məhkəmə prosesindən məlumatlı olması üçün kifayət qədər tədbir görmüşdür. Belə ki, ünvanına göndərilən bildirişlər çatdırılmasa da, telefon nömrəsinə göndərilən SMS bildirişlər cavabdehə çatdırılmışdır. Bundan başqa məhkəmə bildirişi tərəflərindən cavabdehə şəxsən təqdim edilmiş və məhkəmə prosesindən məlumatlı olması barədə bildirişin kötüyünə cavabdehin özü tərəfindən qeyd aparılmışdır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. X3 ilə Cavabdeh arasında notarial qaydada bağlanan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən (X5) borcalana (Cavabdeh) 30000 manat məbləğində pulu borc verir. Müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti xx.xx.2023cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür.
6. AA seriyalı 180334 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Sadıqov X2 rayonundan məcburi köçkün kimi Nərimanov rayonunda məskunlaşmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
7. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən, borc verən (İddiaçı) borcalana (Cavabdeh) 30000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixinə qaytarılmaq şərtilə borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
8. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyinin icrasını tələb edir.
9. Cavabdeh isə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir.
10. İddiaçı məcburi köçkün olaraq dövlət rüsumu ödəməmişdir. Tətbiq edilən maddi hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
13. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
14. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
15. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
16. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
17. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
19. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
20. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsində qeyd edilmişdir ki, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmənin mövqeyi:
23. Tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən, borc verən borc alana 30000 manat məbləğində pulu borc vermiş, borc alan isə krediti xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.Lakin borc alan müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməlidir. Tətbiq edilən prosessual normalar:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
27. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 30000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 verilməli, iddiaçının ödəməkdən azad olduğu 180 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X1 verilsin. İddiaçının ödəməkdən azad olduğu 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev