Məhkəmə qərarları › İş №e-2(001)-897/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-897/2024

15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-897/2024 15.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, 8500 manat məbləğində maddi ziyanın, ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun və 450 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaitinin əvəzinin, ümumilikdə isə 9110 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 QSC və Cavabdeh1 müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24 may 2022-ci il tarixdə, saat 17 radələrində “T, TK, TT, H” kateqoriyalı sürücülük vəsiqəsi və əmək müqaviləsi üzrə operator işlədiyi Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin direktoru tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi, həmin QSC-yə məxsus “New Holland B90B” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicini Lənkəran rayonu Kənarmeşə kəndində, asfalt yolda, yağışlı hava şəraitində, üzü Lənkəran rayonu Şilim kəndi istiqamətində 50 km/saat sürətlə idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə X3 etibarnamə əsasında idarə etdiyi, ona məxsus "BMW 530” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı, sonra isə X4 məxsus "Hyundai Accent” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşub sonuncu avtomobilin arxa hissəsində yolun kənarında dayanmış Lənkəran rayonu Xolmili kənd sakini olan 01 mart 1977-ci il təvəllüdlü piyada X5 ekskavatorun ön qabarıq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ baldır sümüklərinin açıq yerini dəyişən sınığı, döş qəfəsi, sağ sağrı və sol bud nahiyyələrində qançırlardan ibarət xəsarətlər yetirərək zərərçəkmiş şəxs X1 ağır zərər vurulmasına səbəb olmuşdur. Həmçinin, Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 1(049)- 166/2023 saylı hökmü ilə xx.xx.1991-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu Çaxırlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Cavabdeh1 Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib iki il altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və iş üzrə maddi sübut olan **-AC-*** dövlət nömrə nişanlı "New Holland B90B” markalı avtomobilin Cavabdeh1 qaytarılmasının nəzərə alınması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Həmçinin, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)- 565/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Lənkəran Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 1(049)-166/2023 saylı hökmü dəyişdirilmiş və iş üzrə maddi sübut olan “New Holland B90B” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi olan Cavabdeh2 QSC-yə qaytarılmışdır. Göründüyü kimi Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində ona məxsus olan "BMW 530” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ciddi zərər vurulmuşdur. İş materiallarına əlavə olunan qüsur aktından görünür ki, "BMW 530” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi nəticəsində ona 8500 manat məbləğində maddi zərər dəymişdir. Həmçinin bildirir ki, “New Holland B90B” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi olan Cavabdeh2 QSC də baş vermiş yol nəqliyyat hadisəsinə görə mülki məsuliyyət daşıyır. Bu baxımdan hesab edir ki, iddia tələbi təmin olunmalı, ona dəymiş 8500 manat məbləğindəki maddi ziyan cavadehlər Cavabdeh2 QSC və Cavabdeh1 müştərək qaydada tutularaq ona qaytarılmalıdır. Həmçinin bildirir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 112 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin bildirir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 500 manat məbləğində hüquqi xidmətlə bağlı xidmət haqqı ödəmişdir. Belə olan halda hesab edir ki, hazırkı iş üzrə iddia tələbində haqlı olduğu üçün, nəqliyyat vasitəsinə dəymiş zərərlə yanaşı, ödənilmiş 112 manat məbləğində dövlət rüsumu ilə yanaşı 500 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pul vəsaiti də cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Cavabdeh2 QSC-nin nümayəndəsi məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində ona məxsus olan "BMW 530” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ciddi zərər vurulması səbəbindən 8500 manat məbləğində maddi ziyanın, 112 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 450 manat məbləğində hüquqi xidmət haqqının, ümumilikdə 9110 manat məbləğində pul vəsaitinin Cavabdeh2 QSC və Cavabdeh1 müştərək qaydada ödənilməsini xahiş etmişdir. İddia ərizəsindən də göründüyü kimi hadisə zamanı Cavabdeh2 QSC-nin işçisi Cavabdeh1 ekskavator yükləyicini etibarnamə ilə idarə etmişdir. Qeyd olunanlar sübut edir ki, delikt mövcud olacağı halda mülki məsuliyyət nəqliyyat vasitəsinə sahiblik edənin üzərinə düşür. Hüquqi şəxsin bu işdə heç bir məsuliyyəti mövcud olmamışdır. İş materiallarında avtomobilin ehtiyat hissələrini alınması, həmçinin təmir bərpa işlərinə çəkilən xərclərlə bağlı hər hansı sübut əlavə edilməmişdir. Bu isə həmin avtomobilə dəymiş ziyanla bağlı sübutların qeyri mötəbərliyinə dəlalət edir. Odur ki, maddi ziyanın ödənilməsinə dair mülki iş üzrə iddia tələbinin ona aid hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 QSC-nin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli rəyin surətindən görünür ki, "BMW 530” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6590 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən, 2017-ci il buraxılışlı, "BMW 530” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 6590,00 manat. O cümlədən: - dəyişilməli hissələrin qiyməti – 5290,00 manat; - təmir-bərpa işlərinin qiyməti – 1300,00 manat;

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5842,70 manat. O cümlədən: - dəyişilməli hissələrin qiyməti – 4542,70 manat: - təmir-bərpa işlərinin qiyməti – 1300,00 manat. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 112 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci l tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İş materiallarından, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-565/2023 saylı qərarın surətindən göründüyü kimi, yüksək təhlükə mənbəyinin Cavabdeh2 QSC-nin mülkiyyətində olduğu, Cavabdeh1 hadisə baş verən zaman Cavabdeh2 QSC-nin işçisi olduğu, Cavabdeh1 Cavabdeh2 QSCyə məxsus olan “New Holland B90B” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı ekskavator yükləyicini etibarnamə əsasında idarə etdiyi, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan "BMW 530” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəydiyi öz təsdiqini tapmışdır. Hazırda iddiaçı həmin zərərin və ödənilmiş rüsumların cavabdehlərdən tutulmasını xahiş edir. Vurulmuş zərərin cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə cavabdehlər birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin hallarından, həmçinin Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, "BMW 530” minik markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 6590 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, məhkəmə iddianın vəkilə ödənilmiş 450 manat xidmət haqqının cavabdehlərdən tutulması ilə bağlı hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən vəkilə 450 manat xidmət haqqı ödənilməsi barədə mülki iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada 6590 manat məbləğində maddi ziyan İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 109 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada 6590 (altı min beş yüz doxsan) manat məbləğində maddi ziyan və 109 (yüz doqquz) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar