Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-904/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “texniki overdraft üzrə borcun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “texniki overdraft üzrə borcun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41010AZNFK********** saylı kart hesabına əsasən 4,999.29 manat əsas borc, 1,875.66 manat cərimə borcu olmaqla, cəmi 6,874.95 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88.75 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC- 13863İB/2019 saylı Razılıq ərizəsi və müştərinin qeydiyyat ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Cavabdeh hesabına xx.xx.2022 tarixində 3000 ABŞ dolları (5100 manat) mədaxil olub, lakin qarşı tərəf, yəni göndərən Bank silinmə göndərmədiyindən (Qarşı tərəf banklar (Acquirer bank) ödənişlər uğurlu olduqda clearing fayl göndərirlər, lakin ödəniş qarşı tərəfdə uğurlu olmadığı halda clearing faylı formalaşmır və issuer banka göndərilmir) 33 gün sonra vəsait blokdan azad olunub və hesabdan silinib, müştəri vəsaitləri istifadə etdiyindən hesab overdrafta çıxmışdır. xx.xx.2022-ci il tarixində vəsait mədaxil olur və müştəri daha sonraki günlərdə istifadə edir. Cavabdeh Banka məxsus olan cəmi 4,999.29 manat əsas borc, 1,410.86 manat cərimə borcu olmaqla, cəmi 6,410.15 manat pulu əldə etmişdir. Qeyd edilən əməliyyatların aparılması cavabdehin bank hesabında öz əksini tapmışdır. Bildirilir ki, müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasənda yaranmışdır. Belə ki, X2 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatların V bölməsinin, dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, Bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir (4.1.1). Texniki overdarft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən Kart hesabının overlimitə keçməsi halıdır (4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (Cari borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, Banka Cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və Xidmət haqqını ödəmək; Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir (4.2.4). Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi aşağıdakı kimidir: 41010AZNFK********** saylı kart hesabına əsasən 4,999.29 manat əsas borc, 1,875.66 manat cərimə borcu olmaqla, cəmi 6,874.95 manat təşkil edir. Gecikmə günü: 716. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 88.75 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-13863İB/2019 saylı Razılıq ərizəsindən görünür ki, sonuncu həmin Razılıq ərizəsinin imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə banka olan borcunu 7 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 4999,29 manat əsas borc, 1875,66 manat cərimə borcu olmaqla, cəmi 6874,95 manat borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTC-13863İB/2019 saylı müqaviləyə əsasən iş materiallarında olan hesabdan çıxarışlardan göründüyü kimi, xx.xx.2023-cü il tarixinə 4999,29 manat məbləğində məxaric edilməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair X2 xx.xx.2019-cu il tarixli 1.1.2. nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsi xx.xx.2019-cu il tarixli, GTC-13863İB/2019 nömrəli Müqaviləsi üzrə faiz və cərimə faiz dərəcləri dəqiq göstərilmədiyi üçün X1 banka olan faiz və cərimə borclarını müəyyən etmək olmadı. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 88,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, GTC-13863İB/2019 saylı razılaşma bağlanmış, daha sonra cavabdeh ona məxsus olmayan 4999,29 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuş, iddiaçının xəbərdarlığına baxmayaraq cavabdeh 4999,29 manat pul vəsaitini banka geri qaytarmamışdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə cavabdehin xx.xx.2019-cu il tarixli, GTC-13863İB/2019 saylı razılaşma üzrə cavabdehin xx.xx.2023-cü il tarixə 4999,29 manat məbləğində texniki overdraftı müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma üzrə 4999,29 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi cərimənin tutulması hissəsində əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixli, GTC- 13863İB/2019 saylı razılaşma üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmamış, cavabdehin iddiaçıya olan borcu əsassız varlanma nəticəsində əmələ gəlmiş, yəni, cavabdehin hesabına texniki overdraft nəticəsində pul vəsaiti mədaxil olunmuşdur. Həmçinin iddiaçının nümayəndəsi verdiyi izahatında da, bildirmişdir ki, həmin məbləğ əsas borca hesablanmış faiz borcu deyil, cərimə borcudur. Belə olan halda da, iddia cərimə hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli razılaşma üzrə Cavabdeh 4999,29 manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 65 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli razılaşma üzrə 4999,29 (dörd min doqquz yüz doxsan doqquz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-904/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-904/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver