Məhkəmə qərarları › İş №e-2(001)-92/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-92/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-92/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka vurulmuş maddi zərərə görə cavabdehlərdən 5000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan iddiaçının mənzilinə yuxarıda yerləşən mənzildən su axması nəticəsində xeyli zərər dəymiş, mənzilin içindəki əşyalar yararsız vəziyyətə düşmüşdür. Belə ki, su sızması nəticəsində evin bahalı və nadir ağacdan hazırlanmış parketi şişmiş, qapılarn ətəyi suyun içində qalmış,divar kağızları suyun təsirindən soyulmuş, çılçırağın kabelləri yarasız vəziyyətə düşmüş elektrik kabellərinə ziyan dəymişdir. Bütün bunların təmiri üçün isə külli miqdarda vəsait tələb olunur. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etmirlər. Lakin Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışına əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1340 nömrəli reyestr kitabının 120414 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Cavabdeh1 MTK tərəfindən (11 saylı yaşayış binasının komendantı Y.K.Əliyev) verilmiş arayışa əsasən, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. - Elektron Məhkəmə Portalında əldə edilmiş Çıxarışa əsasən, ünvan 2 Cavabdeh2 mülkiyyətindədir (səh.79). - Məhkəmə tikinti-texniki ekspertizasının 10/7304 saylı, xx.xx.2023-cü il tarixli və 10/4548 saylı, xx.xx.2023-cü il tarixli rəylərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən 31 saylı mənzilin tikililərinin konstruktiv elementləri (divar, döşəmə, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 31 saylı mənzilə yuxarı mərtəbədə yerləşən mənzildən su axıldığı müəyyən edilir. Lakin iddiaçının mənzilinin üstündə yerləşən mənzilin də konstruktiv elementləri (tavan, divar, döşəmə) üzərində su sızma izləri olduğundan su sızma faktiki davam etmədiyindən baxış keçirilməsi, 35 və 39 saylı mənzillərin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olmadığından, 31 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair amilləri nəzərə alaraq, 31 saylı mənzilə su sızması yuxarı mərtəbələrdə yerləşən 35 və 39 saylı mənzillərin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. 35 saylı mənzilə, 39 saylı mənzildən su axdığı, su axımının səbəbinin 39 saylı mənzilin hamam otağının su xəttində yaranmış nasazlıq səbəbindən olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən 31 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 2219 manat məbləğində olduğu müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 11 ünvanında yerləşən 31 saylı mənzilə onun üst mərtəbəsində yerləşən cavabdehin yaşadığı 35 saylı mənzildən su sızması faktı iddiaçının nümayəndəsi-vəkilinin izahatı ilə yanaşı, işin materialları ilə sübuta yetirildiyindən, onun yaşadığı mənzilə vurulmuş ziyan Cavabdeh2 tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 158.4-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmçinin məhkəmə iddia tələbinin digər cavabdehə münabətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, mübahisəli mənzilə dəymiş zərər MTK-nın nöqsanları səbəbindən deyil, iddiaçının mənzilinin üst hissəsində yerləşən mənzilində yaşayan şəxslər tərəfindən törədildiyindən, MTK-ya qarşı yönələn tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı (yaşadığı mənzilə) dəymiş ziyanın həqiqi həcminin onun tələb etdiyi məbləğdə deyil, 2219 (iki min iki yüz on doqquz) manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə sübuta yetirildiyindən, İddiaçı vurulmuş ziyanın həqiqi həcmi 2219 (iki min iki yüz on doqquz) manat məbləğində müəyyən edilir və həmin məbləğdə dəymiş ziyan Cavabdeh2 tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərə görə 2219 (iki min iki yüz on doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərcinin yarısı, yəni 50 (əlli) manatı İddiaçı, qalan 50 (əlli) manatı isə Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar