Məhkəmə qərarları › İş №e-2(001)-928/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-928/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-928/2024 07.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Mürvətov Nurəddin Muxtar oğlu arasında xx.xx.2020-ci il tarixli BPM**********93 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Mürvətov Nurəddin Muxtar oğluna illik 22 %-lə, 45 ay müddətinə 3150 manat məbləğində nağd kredit, illik 24 %-lə 500 manat məbləğində kredit kartı verilmişdir. Tərəflər arasında bağlanmış Tam kart çərçivə müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 187198 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Mürvətov Nurəddin Muxtar oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilmiş 265 nömrəli məktubdan görünür ki, Mürvətov Nurəddin Muxtar oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2021-ci il tarixində V-103/2021 reyestr nömrəli, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən, Mürvətov Nurəddin Muxtar oğlunun xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 2759.38 manat əsas, 35.79 faiz borcu olmaqla, cəmi 2795.17 manat, tamkart krediti üzrə 183.98 manat əsas, 20.24 manat faiz borcu olmaqla, cəmi 204.22 manat borcu qalmışdır. Cavabdeh mərhum Mürvətov Nurəddin Muxtar oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixli 6-2-22/2-25096/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 462.1, 739, 1306, 1146 və 1255-ci maddələri ilə əsaslandıraraq, Mürvətov Nurəddin Muxtar oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2759.38 manat məbləğində əsas, 35.79 manat faiz borcu olmaqla, cəmi 2795.17 manat borcun, tam kart kredit müqaviləsi üzrə 183.98 manat əsas, 20.24 manat faiz borcu olmaqla, cəmi 204.22 manat borcun və ödənilmiş 64.45 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, izahatında göstərmişdir ki, mərhum Mürvətov Nurəddin Muxtar oğlundan “AZSAMAND” minik markalı avtomobil qalmışdır. Maddi imkanının aşağı olması və təqaüdlə dolanması səbəbilə mərhum Mürvətov Nurəddin Muxtar oğlunun banka olan kredit borcunu ödəyə bilməmişdir və eyni zamanda mərhumdan miras qalmış avtomobil də hazırki günədək satılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərinin tam təmin edilməsini və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-si ilə Mürvətov Nurəddin Muxtar oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********93 nömrəli Tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC-si tərəfindən illik 22% olmaqla 45 ay müddətinə Mürvətov Nurəddin Muxtar oğluna 3150 manat məbləğində nağd kredit, illik 24% olmaqla 500 manat məbləğində kredit kartı verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Mürvətov Nurəddin Muxtar oğlunun "xxxx" ASC-yə 23 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2759.38 manat əsas, 35.79 manat (vəfat etdiyi tarixə) faiz borcu olmaqla, cəmi 2795.17 manat, 23 sentyabr 2020-ci il tarixli tam kart kredit müqaviləsi üzrə isə 183.98 manat əsas, 20.24 manat faiz borcu olmaqla, cəmi 204.22 manat məbləğində borcu vardır. İş materiallarında olan ünvan ünvanlanmış 06 sentyabr 2023-cü il tarixli, X-265№-li məktubun surətindən görünür ki, 16 iyun 2021-ci il tarixdə vəfat etmiş mərhum Mürvətov Nurəddin Muxtar oğlundan miras qalmış əmlakın qəbuluna dair 21 dekabr 2021-ci il tarixdə vərəsəlik işi açılmış və həmin tarixdə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak: buraxılış ili 2007-ci il olan “AZSAMAND” minik markalı, ** ZC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdeh Mürvətov Nurəddin Muxtar oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış 15 sentyabr 2022-ci il tarixli bildirişə əsasən məlum olur ki, bank tərəfindən cavabdehə 3 gün ərzində borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 187198 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mürvətov Nurəddin Muxtar oğlu 16 iyun 2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Mürvətov Nurəddin Muxtar oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi olan Cavabdeh onun kreditoru qarşısında öhdəliyi icra etməli olduğu üçün, "xxxx" ASC ilə Mürvətov Nurəddin Muxtar oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********93 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə tələb olunan 2759.38 manat əsas, 35.79 manat faiz borcu olmaqla, cəmi 2795.17 manat məbləğində borc və 23 sentyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 183.98 manat əsas, 20.24 manat faiz borcu olmaqla, cəmi 204.22 manat məbləğində borc Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********93 nömrəli Tam kart çərçivə müqaviləsi üzrə tələb olunan 2759.38 manat əsas, 35.79 manat faiz borcu olmaqla, cəmi 2795.17 manat məbləğində pul vəsaiti və 23 sentyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 183.98 manat əsas, 20.24 manat faiz borcu olmaqla, cəmi 204.22 manat məbləğində pul vəsaiti və 64.85 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar