Məhkəmə qərarları › İş №e-2(001)-996/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-996/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-996/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QBKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QBKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1330,46 manat məbləğində əsas borcun, 33,31 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QBKT MMC ilə Cavabdeh1 arasında bağlanmış **********3170 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 23,83% ödəmək şərti ilə 24 ay müddətinə 2000 dollar məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və lazımınca icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi G.Əhmədova iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ş materiallarında olan: - İddiaçı QBKT MMC ilə Cavabdeh1 arasında bağlanmış **********3170 saylı, xx.xx.2015-ci il tarixli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinə əsasən cavabdehə illik 23,83% ödəmək şərti ilə 24 ay müddətinə 2000 dollar məbləğində kreditin verilməsi, borcalan tərəfindən isə verilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən kredit müddətində tamamən qaytarılması müqavilənin predmetini və əsas şərtlərini təşkil etmişdir. - Kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişə əsasən Cavabdeh1 illik 11% tətbiq edilməklə, 50 ay müddətinə 2816,93 manat məbləğində qalıq kredit borcu restruktizasiya edilmişdir. - ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 71 (sonuncu ay 49,93 manat olmaqla) manat kredit ödənişi etməyi öz üzərinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borcunun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixli zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. - maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı QBKT MMC-yə 1330,46 manat məbləğində borcu vardır. İddiaçı "xxxx" QBKT MMC ilə (tələbin güzəştinə əsasən) cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, kreditor Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminlərə qarşı öhdəliyin icrası tələbini irəli sürmək hüququnu itirdiyindən, həmin zaminliyə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1330,46 manat əsas borc manat və ödənilmiş 33,31 (otuz üç manat, otuz bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QBKT MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1330,46 manat əsas borc (bir min üç yüz otuz manat qırx altı qəpik) manat və ödənilmiş 33,31 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QBKT MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar