Məhkəmə qərarları › İş №e-2(002)-1042/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1042/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1042/2023 27.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, İK 2500/F-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; həmin müqavilə üzrə Cavabdeh2 banka olan 8175.74 AZN (səkkiz min yüz yetmiş beş manat yetmiş dörd qəpik) əsas, 808.38 AZN (səkkiz yüz səkkiz manat otuz səkkiz qəpik) faiz, 1215.8 AZN (min iki yüz on beş manat səksən qəpik) cərimə borcu olmaqla, cəmi borcu 10199.92 AZN (on min yüz doxsan doqquz manat doxsan iki qəpik) məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 120.60 AZN (yüz iyirmi manat altmış qəpik) məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zamin – Cavabdeh1) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK 2500/F21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21.5% olmaqla, 36 ay müddətinə 10.000 AZN (on min manat) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, İddiaçı ASC Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 2500/F-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə cəmi borcu 10 199.92 AZN (on min bir yüz doxsan doqquz manat 92 qəp.) təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək borcun bağlandığı halda faizdə güzəşt olunacağını, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək əsas borclu Cavabdeh2 ölkə xaricində olduğunu, borcu onun yoldaşının ödədiyini, ümumi borcu birdəfəlik bağlamağa imkanı olmadığını, iddia tələbini qəbul etdiyini, hissə-hissə borc məbləğini ödəyəcəyini bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, İK 2500/F21 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 21.5 faiz ödəmək şərti ilə, istehlak məqsədləri üçün 10000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əsasən müştəriyə cari hesab və ssuda hesabı açılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 21.5% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. İş materialalrında olan xx.xx.2021-ci il tarixli, 2500/F-21 saylı zaminlik müqaviləlsinin məzmunundan aydın olur ki, Cavabdeh1 zamin qismində çıxış edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10000 manat məbləğində kreditin 36 ay müddətində illik 21.5 faiz dərəcəsi ilə kreditin qaytarılması üzrə öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməsinə görə borcalan şəxslə birlikdə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdürlər. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli kassa məxaric ordenindən görünür ki, Cavabdeh2 bank hesabına 10.000 manat məbləğində vəsait köçürülmüşdür. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə görə əsas borc 10000 manat məbləğində, 36 ay kredit müddəti müəyyən edilməklə 35 ay aylıq 379.32 manat, 36-cı ay 379.23 manat ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, X1 İddiaçı ASC-yə 8063.98 manat əsas, 670.68 manat faiz və 1215.80 manat məbləğində cərimə borcu vardır. İşə əlavə edilmiş Cavabdeh2 aid AZ21TURA********************4 nömrəli hesaba dair xx.xx.2021-xx.xx.2023-cü il dövrünü əhatə edən çıxarışdan aydın olur ki, qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun məzmunundan aydın olur ki, X2 bank qarşısısnda 1485.71 manat əsas, 744.86 manat faiz borcu və 827 manat cərimə borcu olduğunu, həmin borcun 5 gün ərzində ödənilməsinin tələb edildiyini, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə hazırkı iddia tələbinin qanuni əsası olaraq aşağıdakı maddi hüquq normalarını qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı bank ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 10000 manat məbləğində kredit vermiş cavabdeh isə həmin kredit məbləğini hər ay ödəniş etməklə həmin krediti qaytarmağı öz öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə xx.xx.2023-cü il tarixə kimi 8063.98 manat əsas borc, 670.68 manat faiz borcu yaranmışdır. Eyni zamanda Cavabdeh1 ilə iddiaçı bank arasında həmin öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi bağlanılmışdır ki, bununla da, onların əsas borclunun öhdəliklərin vaxtında və lazımi qaydada icra olunmamasına görə bank qarşısında birgə məsuliyyəti yaranmışdır. Həmçinin, Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahatında müqavilə üzrə yaranmış əsas və faiz borcunu qəbul etdiyini bildirmişdir. Bu halda, məhkəmə qeyd olunanları nəzərə alaraq, hazırkı mülki iş üzrə kredit borcunu həm əsas, həm faiz borcu hissəsində ayrı-ayrılıqda nəzərdən keçirərək hesab edir ki, iddia tələbi həmin hissələr əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən cərimə borcunun məbləğini (1215.80 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə hesab edir ki, 100 məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İddia tələbinin müqavilənin ləğvi ilə bağlı hissəsinə münasibətdə məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini, borclu Cavabdeh2 tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasını nəzərə alıb hesab edir ki, tələb tərəflər arasında bağlanmış, xx.xx.2021-ci il tarixli İK 2500/F-21 nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 120.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 120.60 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 108.35 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC il Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8063.98 manat məbləğində əsas borc, 670.68 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8834.66 manat məbləğində borc və ödənilmiş 108.35 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli, İK 2500/F-21 saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli, İK 2500/F-21 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8063.98 manat məbləğində əsas borc, 670.68 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8834.66 manat məbləğində pul vəsaiti və ödənilmiş 108.35 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar