Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1080/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.205 manat 26 qəpik əsas borc, 36 manat 42 qəpik faiz olmaqla, cəmi 5.241 manat 68 qəpik pul vəsaiti, ödənilmiş 72 manat 42 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, borclu X5 "xxxx" ASCnin Nəsimi filialı ilə bağladığı xx.xx.2019-cu il tarixli BPM**********90 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 20 %-lə 6.000 manat məbləğində pul vəsaiti götürmüşdür. Lakin əldə olunmuş məlumata görə X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 miras əmlakına dair Bakı şəhəri Qaradağ rayonu ünvanına qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X3 banka ödənilməmiş qalan 5.205 manat 26 qəpik əsas borc, 36 manat 42 qəpik faiz olmaqla, cəmi 5.241 manat 68 qəpik borcu vardır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (xx.xx.2019-cu il tarixli, BPM**********90 saylı kredit müqaviləsindən; kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən; xx.xx.2022-ci il tarixə mövcud olan borc məbləğlərinə dair maliyyə arayışından; qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamədən; Bakı şəhəri 45 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 7 saylı məktubundan) görünür ki: - "xxxx" ASC-nin Nəsimi filialı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********90 saylı kredit müqaviləsinə əsasən borc alana 48 ay müddətinə 20 % dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir; - X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir; - Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edərək, X2 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır; - xx.xx.2022-ci il tarixə X3 banka ödənilməmiş 5.205 manat 26 qəpik əsas borc, 36 manat 42 qəpik faiz olmaqla, cəmi 5.241 manat 68 qəpik borcu mövcuddur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan Cavabdeh mirası (30 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehin qəbul etdiyi miras əmlak – cəmi 4.828 manat 21 qəpik məbləğində pul vəsaitidir) qəbul etməsinə baxmayaraq, ona çatan miras pay həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 72 manat 42 qəpik məbləğində dövlət rüsumu, həmçinin 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.828 manat 21 qəpik məbləğində pul vəsaiti, ödənilmiş 72 manat 42 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, yuxarıda qeyd edildiyi kimi, qanunvericiliyə görə mirası qəbul etmiş vərəsə miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.828 manat 21 qəpik məbləğində pul vəsaiti, ödənilmiş 72 manat 42 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1080/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1080/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver