Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1100/2022 25.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 7185,53 manat əsas borc, 1651,55 manat faiz borcu, 646,78 manat cərimə borcunun və iş üzrə ödənilmiş 115,23 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2016-cı il tarixli, 104.LN.1010.010616.00005 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh illik 18 faizlə 36 ay müddətinə 14180 manat məbləğində kredit verilmişdir. 24 fevral 2017-ci il tarixli, 2 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 480,01 manat məbləğində kredit restrukturizasiya edilmiş və 193,27 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş, bununla da kreditin ümumi məbləği 12900,82 manat təşkil etmişdir. 28 avqust 2017-ci il tarixli, 4 saylı əlavə razılığa əsasən, kreditor tərəfindən borcalana 12526,27 manat məbləğində kredit restrukturizasiya edilmiş və 0,46 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş, bununla da kreditin ümumi məbləği 12526,73 manat təşkil etmişdir. 27 fevral 2018-ci il tarixli, 4 saylı əlavə razılığa əsasən, birinci ödəniş 12 mart 2018-ci il, sonuncu ödəniş 01 iyun 2019-cu il tarixindən gec olmayaraq həyata keçirilməlidir. 11 sentyabr 2018-ci il tarixli, 5 saylı əlavə razılığa əsasən, birinci ödəniş 11 sentyabr 2018-ci il sonuncu ödəniş 01 iyun 2019-cu il tarixindın gec olmayaraq həyata keçirilməlidir. 28 fevral 2019-cu il tarixli 6 saylı əlavə razılığa əsasən, 01 iyun 2016-cı il tarixli, 104.LN.1010.010616.00005 saylı kredit müqaviləsinin müddəti 11 iyun 2022-ci il tarixinədək uzadılmış, borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 10287,65 manatadək çatdırılmışdır. Bu əlavə razılığın şərtlərinə əsasən, birinci ödəniş 11 mart 2019-cu il, sonuncu ödəniş 11 iyun 2022-ci il tarixindən gec olmayaraq həyata keçirilməlidir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, Cavabdeh müəyyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********597 saylı, 01.10.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdehin 29.10.2021-ci ilin tarixinə banka ödənilməmiş 7185,53 manat əsas borcu, müqavilə müddəti üçün 1651,55 manat faiz borcu, 646,78 manat cərimə borcu olmaqla, cəmi 9483,86 manat borcu vardır. Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, maddi vəziyyətinin pis olması və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda tələb olunan əsas və faiz borcu məbləğlərini maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, bankla razılaşmaqla icra mərhələsində hissə-hissə ödəyə bilər. Həmçinin cərimə məbləği bir qədər şişirdilmişdir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 iyun 2016-cı il tarixli, 104.LN.1010.010616.00005 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 18 % olmaqla 36 ay müddətinə 14180 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 fevral 2017-ci il tarixli 2 saylı, 28 avqust 2017-ci il tarixli 4 saylı, 27 fevral 2018-ci il tarixli 4 saylı, 11 sentyabr 2018-ci il tarixli 5 saylı, 28 fevral 2019-cu il tarixli 6 saylı əlavə razılaşmalara əsasən ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan 10.11.2021-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 7185,53 manat məbləğində əsas borc, 1651,55 manat məbləğində faiz borcu, 646,78 manat cərimə borcu olmaqla, cəmi 9483,86 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faiz borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc və faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 500 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7185,53 manat əsas borc, 1651,55 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 9337,08 manat (doqquz min üç yüz otuz yeddi manat səkkiz qəpik) məbləğində borc pul vəsaiti və 113,45 manat (yüz on üç manat qırx beş qəpik) dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1100/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1100/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver