Məhkəmə qərarları › İş №e-2(002)-1217/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1217/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1217/2024 29.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0084075AZN43177 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1,214.37 (bir min iki yüz on dörd manat otuz yeddi qəpik) manat əsas borc, 358.93 (üç yüz əlli səkkiz manat doxsan üç qəpik) manat faiz borcu, 693.83 (altı yüz doxsan üç manat səksən üç qəpik ) manat cərimə borcu olmaqla, cəmi 2,267.13 (iki min iki yüz altmış yeddi manat on üç qəpik) manat, AVNS806 saylı kredit xətti üzrə 100 (bir yüz) manat əsas borc, 9.63 (doqquz manat altmış üç qəpik) manat faiz borcu, 75.24 (yetmiş beş manat iyirmi dörd qəpik) manat cərimə borcu, overdraft borcu isə 19.25 (on doqquz manat iyirmi beş qəpik) borcu olmaqla cəmi 204.12 (iki yüz dörd manat on iki qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-15099İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən Ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 1,500 (bir min beş yüz) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. xx.xx.2019-cu il tarixdə AVNS806 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 20%, illik cərimə faizi 180% olmaqla, 100 (bir yüz) manat məbləğində istehlak xərcləri məqsədilə kredit xətti açılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1249 və 1036 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0084075AZN43177 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1,214.37 (bir min iki yüz on dörd manat otuz yeddi qəpik) manat əsas borc, 358.93 (üç yüz əlli səkkiz manat doxsan üç qəpik) manat faiz borcu, 693.83 (altı yüz doxsan üç manat səksən üç qəpik ) manat cərimə borcu olmaqla, cəmi 2,267.13 (iki min iki yüz altmış yeddi manat on üç qəpik) manat, AVNS806 saylı kredit xətti üzrə 100 (bir yüz) manat əsas borc, 9.63 (doqquz manat altmış üç qəpik) manat faiz borcu, 75.24 (yetmiş beş manat iyirmi dörd qəpik) manat cərimə borcu, overdraft borcu isə 19.25 (on doqquz manat iyirmi beş qəpik) borcu olmaqla cəmi 204.12 (iki yüz dörd manat on iki qəpik) manat təşkil edir. X2 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. X1 5-ci bölməsinin 2.11-ci bəndinə əsasən Kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün Müştəri tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti Müştəri daşıyır. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 45 (qırx beş) manat dövlət rüsumu ödəmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizənin məzmunundan aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında razılıq ərizəsi bağlanılmış, həmin müqaviləyə əsasən bank 1500 AZN məbləğində kredit pul vəsaitini borcalan qismində Cavabdeh mülkiyyətinə verməyi, borcalan isə illik 26 faiz dərəcəsi ilə 18 ay müddətində, hər ay 101.36 manat ödəniş etməklə ümumilikdə 1824.46 manat kredit məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, xx.xx.2019-cu il tarixdə AVNS806 saylı fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizənin məzmunundan aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit xətti müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən bank 100 AZN məbləğində kredit limitini borcalan qismində Cavabdeh mülkiyyətinə verməyi, borcalan isə illik 20 faiz dərəcəsi ilə 12 ay müddətində kredit məbləğini qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı Maliyyələşdirmə üzrə əsas məbləğ üzrə borc: 1214.37 AZN əsas, 358.93 AZN faiz, 693.83 AZN cərimə borcu olmaqla, cəmi 2267.13 AZN məbləğində borcu, xx.xx.2019-cu il tarixdə AVNS806 saylı Maliyyələşdirmə üzrə əsas məbləğ üzrə borc: 100 AZN əsas, 9.63 AZN faiz, 75.24 AZN cərimə, 19.24 AZN overdraft borcu olmaqla, cəmi 204.12 AZN məbləğində borcu mövcuddur. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh xx.xx.2019-ci il tarixli 41010AZNFK********** nömrəli kredit müqaviləsi üzrə onun 119.25 məbləğində əsas borc, 9.63 məbləğində faiz borcu, 69.66 məbləğində cərimə borcu, xx.xx.2019-ci il tarixli 0084075AZN43177 nömrəli kredit müqaviləsi üzrə onun 1214.37 məbləğində əsas borc, 0 məbləğində faiz borcu, 1052.76 məbləğində cərimə borcu yaranmışdır. Gecikdirilmiş borc məbləğinə müqavilə şərtlərinə uyğun olaraq faiz və cərimə hesablanır. Qeyd edilən gecikdirilmiş öhdəliklərin lazımınca icrasını həyata keçirmək ondan xahiş olunur. Qeyd edilən gecikdirilmiş öhdəliklərin lazımınca icrasını həyata keçirməyi üçün ona 7 iş günü müddətində möhlət verilir. Əks təqdirdə, gecikdirilmiş öhdəliyinin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlarına müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit müqaviləsi və xx.xx.2019-cu il tarixdə AVNS806 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit xətti müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı müqaviləyə əsasən kreditin məbləği 1500 manat məbləğində müəyyən edilmiş, cavabdeh kredit məbləğini 18 ay müddətində 26 faiz dərəcəsi ilə ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019cu il tarixdə AVNS806 saylı müqaviləyə əsasən kreditin məbləği 100 manat məbləğində müəyyən edilmiş, cavabdeh kredit məbləğini 20 ay müddətində 12 faiz dərəcəsi ilə ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə Plenum qərarının həmin tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmuş və borcluya üvanlanmış pretenziya məktubunda göstərilən məbləğlər iddia ərizəsi ilə eynilik təşkil edir. Göründüyü kimi həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan məhkəmə hesab edir ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilir. Odur ki, məhkəmə qeyd edilən halları əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməklə tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixdə 0084075AZN43177 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1214.37 manat əsas borc və 358.93 manat faiz borcu və xx.xx.2019-cu il tarixdə AVNS806 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit xətti müqaviləsi üzrə 119.25 manat əsas borc və 9.63 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış, lakin iddiaçı tələb irəli sürərkən xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı maliyyələşdirmə üçün ərizə üzrə işçi kredit müqaviləsi üzrə cərimə borcunun məbləğini (693.83 manat), xx.xx.2019-cu il tarixdə AVNS806 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit xətti müqaviləsi üzrə cərimə borcunun məbləğini (75.24 manat) tənasübsüz surətdə yüksək müəyyən etmişdir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, hesab edir ki, xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı maliyyələşdirmə üçün ərizə üzrə işçi kredit müqaviləsi üzrə 50 manat və xx.xx.2019-cu il tarixdə AVNS806 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit xətti müqaviləsi üzrə 10 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 37.63 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixdə 0084075AZN43177 saylı maliyyələşdirmə üçün ərizə əsasında kredit müqaviləsi üzrə yaranmış 1214.37 manat məbləğində əsas, 358.93 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 1623.3 manat; xx.xx.2019-cu il tarixdə AVNS806 saylı maliyyələşdirmə üçün ərizə üzrə kredit xətti müqaviləsi üzrə yaranmış 119.25 manat məbləğində əsas, 9.63 manat məbləğində faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 138.88 manat ümumilikdə 1762.18 manat məbləğində pul vəsaiti və ödənilmiş 37.63 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar